Məhkəmə qərarları › İş №2(011)-3221/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3221/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3221/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229-15(Ə1) saylı kredit müqaviləsi üzrə 24904,25 ABŞ dolları əsas borc, 38464,24 ABŞ dolları faiz borcu və 2627,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65996,37 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehin mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, mənzil satıldıqdan satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin istifadə hüquqları itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 30.04.2015-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “Lökbatan” filialından Cavabdeh 60000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. 30.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Lökbatan” filialından illik 20%-İə 36 ay müddətinə 52000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı mənzili 30.04.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 17.02.2021-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə banka 24904,25 ABŞ dolları əsas, 38464,24 ABŞ dolları faiz, 2627,88 ABŞ dolları cərimə borcu olmaqla cəmi 65996,37 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, götürdüyü borcun xeyli hissəsini ödəmiş, təxminən 14000 USD əsas borcu qalmışdır. Ona görə də ddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229- 15 saylı Əsas kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 60000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229- 15(Ə1) saylı kredit müqaviləsinin surətindən görünür ki, borc alana 36 ay müddətinə illik 20% olmaqla 52000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229- 15 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən 07.08.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. 11.02.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İpoteka saxlayan tərəfindən 10.02.2021-ci il tarixdə ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 16.02.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- də qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından göründüyü kimi, Cavabdeh 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229-15(Ə1) saylı kredit müqaviləsi üzrə borcu 24904,25 ABŞ dolları əsas borc, 38464,24 ABŞ dolları faiz borcu və 2627,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65996,37 ABŞ dolları təşkil edir. 05.07.2021-ci il tarixli, 9/2809 saylı ekspert rəyi ilə iş materiallarından olan cari hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh İddiaçı ASCnə olan borcunun 30.04.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 61.398,34 USD məbləğində, o cümlədən: əsas borc üzrə- 40.327,10 USD; faiz borcu üzrə- 21.071,24 USD olduğu müəyyən edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 08.05.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək ümumilikdə 19.671,08 USD məbləğində ödəniş edilmişdir. Lakin banka olan borc məbləği 30.04.2018-ci il tarixə hesablandığından həmin tarixdən sonrakı ödənişlər nəzərə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 31.05.2021-ci il tarixli, 124 saylı hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilin bazar dəyəri 78000 manat, likvid dəyəri isə 72000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Cavabdeh 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229-15(Ə1) saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 24904,25 ABŞ dolları əsas borc və 21071,24 ABŞ dolları faiz faiz borcunun qalması, müqavilə üzrə öhhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə və mənzilin boşaldılmasına dair hissələrdə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 2627,88 ABŞ dolları məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 2627,88 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 227,88 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Eyni zamanda, məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan “Nikoil” İKB-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 05.07.2021-ci il tarixli, 9/2809 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 70 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumundan, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumundan və 20 manat xidmət haqqından ibarət 60 manat məhkəmə xərclərinin 42 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir.. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-229-15(Ə1) saylı kredit müqaviləsi üzrə 24904,25 ABŞ dolları əsas borc və 21071,24 ABŞ dolları faiz, 227,88 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 46203,37 (qırx altı min iki yüz üç dollar 37 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 42 (qırx iki) manat məhkəmə xərcləri İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulsun. Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdeh mənzildən çıxarılsın və mənzil boşadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 70 (yetmiş) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar