Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3246/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “ASAN Xidmət” Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. Ərizəçinin mərhum qardaşı xx.xx.1973-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra nüvbəti gün dəfn olunmuşdur.
2. İddiaçı ölüm haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etyməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq dilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır.
Ərizəçinin tələbi:
3. xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, mərhum qardaşının əvvəldən şəxsiyyət vəsiqəsi olmamışdır. O, şəxsiyyət vəsiqəsini dəyişmək üçün doğum haqqında şəhadətnamə almış, lakin daha sonra yataq xəstəsi olmuş və ölmüşdür. O, qardaşının əvvəl şəxsiyyət vəsiqəsi olmadığı üçün ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Səhər durduqları zaman qardaşının öldüyünü görmüş, dərhal təcili tibbi yardıma zən vurmuşdurlar. Gələn həkim isə qardaşının öldüyünü demişdir. Qardaşı heç bir poliklinikada qeydiyyatda olmamışdır. Öləndən sonra Zığ qəbristanlığında dəfn edilmişdir. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında iştirak edən şahid X7 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhum onun bibisi oğlu olmuşdur. Xəstələnmiş və daha sonra ölmüşdür. Mərhumun yas mərasimində iştirak etmişdir. Onu, Zığ qəbristanlığında dəfn etmişdirlər.
8. Məhkəmə iclasında iştirak edən şahid X8 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhum onun dostunun qardaşıdır. O, 2024-cü ilin may ayında ölmüşdür. Dostu ona mərhumun xəstəlikdən vəfat etdiyini demişdir. Xəstə olan zamanı yanında da olmuşdur. O, yas mərasimində iştirak etmişdir. Mərhumu Zığ qəbristanlığında dəfn etmişdirlər.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. AZ-İİİ 159653 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1973-cü il təvəllüdlü X1 atası X9, anası
10. xx.xx.2022-ci il tarixli, 3 nömrəli 211 №-li MTK tərəfindən verilmiş yaşayış yerindən arayışa əsasən, X5 həqiqətən də ünvan 1 ünvanında yaşamışdır.
11. Suraxanı Rayon Zığ Bələdiyyəsi tərəfindən verilmiş 254 №-li, xx.xx.2024-cü il tarixli arayışa əsasən, mərhum X6 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Zığ kənd qəbiristanlığında dəfn olunmuşdur.
12. xx.xx.2024-cü il tarixli Təcili və X3 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, çağırış xx.xx.2024-cü il tarixdə X6 barəsində olmuş, həkim 02:47-də xəstənin yanına çatmış, həkimə qədər kişi cinsli meyid aşkar edilmişdir.
13. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 6 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş, 04 may 2024-cü il tarixli, 18-1-1-40/2-51/2024 nömrəli məktuba əsasən, X2 6 nömrəli şəhər poliklinikasına müraciəti və şəxsiyyət vəsiqəsi olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilinməmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-5xx-xx/2024 №-li məktuba əsasən X6 barəsində ölüm faktını təsdiq edən tibbi sənəd olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
15. Fotoşəkillər və digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
19. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, ərizəçinin izahatını, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğu və müvafiq qeydiyyat şöbəsinin X1 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi mərhum qardaşı X1 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyi müəyyən edilmiş, o cümlədən, X1 xx.xx.2024cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir.
22. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova