Məhkəmə qərarları › İş №2(011)-3282/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3282/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3282/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 xx.xx.1975-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvanda qəfil vəfat etmiş, həmin gün Türkan qəsəbəsi Sədərək qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası 6 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölümü təsdiq edən sənəd olmadığı üçün mərhum əri X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan AZ-T seriyalı, 020304 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış və 2870 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzul Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar sahəsindən verilən arayışın surətindən görünür ki, X1 M.Hadi küçəsi, ev 103, mənzil 107də ********** saylı xx.xx.2010-cu il tarixli çıxarışa əsasən qeydiyyatsız yaşadığı göstərilmişdir. İş materiallarında olan BŞT və Təcili tibbi yardım stansiyası tərəfindən verilən xəbərdarlıq vərəqəsində xx.xx.2022-ci ildə X1 ölüm faktı müəyyən olunmuşdur. İş materiallarında olan Xətai rayonu 38№-li ŞP-nın rəhbərliyi tərəfindən verilən məktubda göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”-nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə Bakı şəh, Xətai ray, M.Hadi 103 , mən 107 ünvanında yaşamış xx.xx.1975-ci il təvəllüdlü X2 tərəflərindən ölüm haqqında sənəd (forma 106) verilə bilmir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 31 mart 2022-ci il tarixli, 05/Q-471/15 saylı məktubdan görünür ki, onun ərizəsinə baxılmış və Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 7 saylı TTYS-nin baş həkiminə göndərdiyi məktubun surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Naxçıvan MR, Sədərək şəhərində doğulan, ünvan 5 ünvanında yaşamış X1 xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə ölməsi ilə əlaqədar çağırışa getmiş tibbi heyətin tərtib etdiyi “çağırış vərəqəsi” ni rayon prokurorluğuna təhil verilməsi üçün mərhumun qohumu X3 təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Sədərək Xeyriyyə Cəmiyyətindən verilən arayışın surətindən görünür ki, həqiqətən 24 fevral 1975-ci ildə Naxşıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş mərhum X4 13 fevral 2022-ci ildə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 24 fevral 1975-ci ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulmuş mərhum X1 13 fevral 2022-ci ildə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X1 13 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi 6 saylı Bakı “Asan xidmət” Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar