Məhkəmə qərarları › İş №2(011)-3340/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3340/2024

06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3340/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə, saat 10:04-da vəfat etmiş XX.XX. 1927-ci il təvəllüdlü X1 ölümünün qeydi edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda ərizəçi ilə birlikdə yaşamış 1927-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə saat 10:04 radələrində vəfat etmişdir. Təcili və X4 Stansiyasının 7 saylı həkim birqadası ölüm haqqında xəbərdarlıq vərəqi vermişdir. Ərizəçinin yaxın qohumları ərizəçinin atası Şövkət Bayramovu dəfn etmişlər. Ölüm haqqında şəhadətnamənin verilməsinə dair onun müraciətinə imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi X1 ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Səbəb kimi mərhumun polikilinikada qeydiyatda olmadığını bildirmişlər. Daha sonra Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə, saat 10:04-da vəfat etmiş XX.XX. 1927-ci il təvəllüdlü X1 ölməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2000-ci ildən ərizəçi ilə qonşudurlar. O, ərizəçinin atasının 2-3 ay əvvəl rəhmətə getdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. O, ərizəçinin atası Şövkət Bayramovun 22 fevralda vəfat etdiyini bildirmişdir. O, dəfn mərasimində iştirak etməmişdir, lakin öldüyü gün və ondan bir gün əvvəl onların evində olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “6 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 26 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X10 6 nömrəli şəhər poliklinikasının 26 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X3 hər hansı xəstəliklə 6 nömrəli şəhər poliklinikasına müraciət olmadığından onun adına ölüm haqqında sənədin verilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası “Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti” tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Gəncə Prospekti, 79 saylı evin 22 saylı mənzilində Kəlbəcər rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır. İş materialarında olan məcburi köçkün vəsiqəsindən görünür ki, X3 1927-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur və 1993-cü ildə daimi yaşayış yeri olan Kəlbəcər rayonunu tərk etmişdir. İş materialarında olan Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 10:04-də ünvan 1 ünvanında kişi cinsinə məxsus meyit aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçinın atası X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, XX.XX.1927-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. XX.XX.1927-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar