Məhkəmə qərarları › İş №2(011)-3382/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3382/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3382/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı X5 09 mart 2007-ci il tarixdə İsmayıllı rayonu Qalagah kəndində ölməsi faktının müəyyən edilməsi, X5 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 04 iyun 2006-cı il, doğulduğu yerin İsmayıllı rayonu Qalagah kəndi, daimi yaşayış və ölüm yerinin İsmayıllı rayon Qalagah kəndi, ölüm tarixinin 09 mart 2007-ci il qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 19 may 2006-cı il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan dörd övladları dünyaya gəlmişdir. 09 mart 2007-ci il tarixdə gecə saatlarında qızı Leylanın halı qəfil pisləşmiş və qısa zaman kəsiyində keçinmişdir. Leyla rəhmətə getdiyindən təcili tibbi yardım çağırmağa zərurət görməmişdir. Övladı Leyla yaşadığı İsmayıllı rayonu Qalagah kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin həmin vaxtdan etibarən bugünədək qızının ölüm aktı müvafiq dövlət orqanında qeydə alınmamış və bu barədə şəhadətnamə verilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ala bilməmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 2006-cı il tarixdə doğulmuş övladı X5 09 mart 2007-ci il tarixdə İsmayıllı rayonu Qalagah kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, mərhum onun bacısının övladı olmuşdur. O, 2007-ci ilin mart ayında sudurqadan rəhmətə getmiş və vəfat edəndə bir yaşı tamam olmamışdır. İsmayıllı rayonunda dəfn olnmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 öz izahatında bildirdi ki, o, mərhumun babası olmuşdur. Mərhum 2007-ci ilin mart ayının 9-da sudurqadan rəhmətə getmişdir. Həmin vaxt mərhum doqquz aylıq olmuşdur. Vəfatından sonra İsmayıllı rayonunda dəfn edilmişdir. İşin faktiki halları: İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 08 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X7 04 iyun 2006-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. O, ərizəçinin övladı olmuşdur. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Qalagah kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 09 mart 2007-ci il tarixdə vəfat etmiş və İsmayıllı rayonu Qalagah kəndində dəfn olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi övladının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04 iyun 2006-cı il tarixdə anadan olmuş X5 09 mart 2007-ci il tarixdə İsmayıllı rayonu Qalagah kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 iyun 2006-cı il tarixdə anadan olmuş X5 09 mart 2007-ci il tarixdə İsmayıllı rayonu Qalagah kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar