Məhkəmə qərarları › İş №2(011)-3429/2019

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3429/2019

09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3429/2019 09.12.2019 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 130567,53 manat məbləğində əsas, 34133,90 manat faiz, 83997,73 manat cərimə borcu olmaqla, cəmi 248699,16 manat borc və ipoteka predmetinə tutmaın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün Bank tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının tutulması, cavabdeh tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan əmlakın boşaldılması, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"-nın “Sənaye” filialı ilə Cavabdeh arasında 06.01.2016-cı ildə bağlanmış 422 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə 200.000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməməmişdir. Cavabdehin 29.01.2019-cu il tarixinə Banka olan borcu 130.567,53 manat əsas, 34133,90 manat məbləğində faiz, 83997,73 manat cərimə borcu olmaqla, cəmi 248.699,16 manat təşkil edir. Borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədilə Bankla Cavabdeh arasında 06.01.2016-cı il tarixli “İpoteka müqaviləsi” bağlanmış və Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bugünə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 131777,53 manat məbləğində əsas, 31980,86 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra 5 %-lə 6021,50 manat faiz, 115305,34 manat cərimə borcu olmaqla, cəmi 285085,23 manat borc və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün Bank tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqının tutulması, cavabdeh tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan əmlakın boşaldılması, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh (borcalan) Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış 06.01.2016-cı il tarixli, 422 nömrəli “Kredit müqaviləsi”nə əsasən bank borcluya 36 ay müddətinə, 06.01.2019-cu il tarixinədək, illik 16 faiz olmaqla, 200.000 manat məbləğində kredit vermişdir. Həmin Kreditin təminatı bazar dəyəri 450000 manat dəyərində qiymətləndirilmiş daşınmaz əmlakdır. 06.01.2016-cı il tarixli Azərbaycan Beynəlxalq Bankının məxaric orderinə əsasən Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə 198.000 manat ödənilmişdir. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış və notarial təsdiq edilmiş 06.01.2016cı il tarixli “İpoteka müqaviləsi”-nə əsasən “ipoteka qoyan” Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsini 06.01.2016-cı il tarixli, 422 nömrəli “Kredit müqaviləsi”-nin təminatı kimi “ipoteka saxlayan” "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. 05.12.2019-cu il tarixli Maliyyə arayışına əsasən cavabdehin banka ödənilməmiş borcu 131777,53 manat əsas, 31980,86 manat faiz, 6021,50 manat müqavilə müddətindən sonra ödənilməmiş 5 faizə görə, 115305,34 manat cərimə, cəmi 285085,23 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir və Reyestrdən RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" ASC-nin Sənaye Filialının xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında 21.12.2019-cu il tarixli bildiriş göndərmiş, həmin ərizə 27.12.2019-cu il tarixdə Reyestr Xidmətində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10959 nömrəli, 09.10.2019-cu il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 06.01.2016-cı il tarixli, 422 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 06.01.2019-cu il tarixinə "xxxx" ASC-yə olan borcu 163.755,54 manat, o cümlədən əsas borc üzrə 131.777,53 manat, faiz borcu üzrə 31978,01 manat müəyyən edilir. Həmin ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 14.05.2019-cu il tarixə olan bazar qiyməti 491.000 manat məbləğində müəyyən edilmişdir.Cəmiyyətin təqdim etdiyi hesab fakturaya əsasən qiymətləndirilmənin aparılması 350 manat təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə olan halda, cavabdehdən 131777,53 manat məbləğində əsas, 31978,01 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın illik beş faiz hesablanılmaqla 6021,50 manat məbləğində pulun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq 15000 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına məhkəmə, eyni zamanda, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən qeyri-yaşayış sahəsinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin açıq hərracdan satışı yolu ilə realizə edilməli, qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına Cavabdeh 06.01.2016-cı il tarixli, 422 nömrəli kredit müqaviləsi üzrə bu qətnamə ilə müəyyən edilən borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 491.000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının və qiymətləndirmə xidmətinin dəyəri də cavabdeh X1 tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06.01.2016-cı il tarixli, 422 saylı “Kredit müqaviləsi” üzrə əsas borca görə 131.777.53 manat (yüz otuz bir min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik), faiz borcuna görə 31978,01 (otuz bir min doqquz yüz yetmiş səkkiz manat bir qəpik) manat, cərimə borcuna görə 15000.00 (on beş min) manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 6021,50 (altı min iyirmi bir manat əlli qəpik) manat, cəmi 184.777,04 (yüz səksək dörd min yeddi yüz yetmiş yeddi manat dörd qəpik) manat məbləğində pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30.00 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 491.000.00 (dörd yüz doxsan bir min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzilin satılmasından əldə edilən vəsaitdən 06.01.2016-cı il tarixli, 422 saylı “Kredit müqaviləsi” üzrə əsas borca görə 131.777,53 manat, faiz borcuna görə 31978,01 manat, cərimə borcuna görə 15000.00 manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 6021,50 manat, cəmi 184.777,04 manat məbləğində pul və 30,40 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30.00 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qiymətləndirmə xidmətinin dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar