Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3490/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil1, Digər Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Ərizəçi “barışıq sazişinin tədiq edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o və maraqlı şəxs olan Maraqlı şəxs1 arasında xx.xx.2020-ci il tarixində şifahi formada borc müqaviləsi bağlanmışdır. Sözügedən borc müqaviləsinə əsasən, maraqlı şəxs qeyri-yaşayış sahəsi əldə etmək məqsədilə ondan 400.000 (dörd yüz min) manat məbləğində borc pul almışdır. Lakin, Maraqlı şəxs1 ondan aldığı 400.000 (dörd yüz min) manat məbləğində borcu 2022-ci ilin yanvar ayına kimi ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir.Göstərilən səbəbdən, o borcun ödənilməsi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Maraqlı şəxs keçirilmiş mediasiya prosesində iştirak etmiş və aralarında 26 aprel 2022-ci tarixli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Lakin, hazırki vəziyyətdə Maraqlı şəxs1 sazişə əməl etməkdən imtina edir, borcu geri qaytarmaqdan boyun qaçırır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, bildirdi ki, o Maraqlı şəxs1 ilə dostluq ediblər. Hal-hazırda da münasibətləri var. Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixdə 400.000 manat borc vermişdir. Daha sonra Maraqlı şəxs1 borcu qaytarmaqdan yayınmağa başlamışdır. Buna görə də onlar ilkin olaraq notariusa müraciət etsələr də onlara bildirilmişdir ki, bu işə mediasiya qaydasında baxılmalıdır. O, pulu Maraqlı şəxs1 Maraqlı şəxs2 ilə boşananda verməyib. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil1 verilmiş olan ərizənin və borcun ərizəçi tərəfindən qəbul edildiyini bildirmişdir. Maraqlı şəxs1 borcu ödəyə bilmədiyinə görə, ərizəçidən məhkəməyə müraciət etməsini xahiş etmişdir. O, sazişdə qeyd olunan 400.000 məbləğin Maraqlı şəxs1 nikahı dövründə aldığı ümumi borc olduğunu və həmin borcun bölünməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət olunduğunu bildrimişdir. O, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 göstərmişdir ki, hələ əvvəllərdən Maraqlı şəxs2 ilə nikah pozdurmaq istəyən, vəkillərdən məsləhət almış Maraqlı şəxs1 oglu yaxşı bilmişdir ki, ər-arvad arasında əmlak bölgüsü aparılarsa məhkəmə tərəfindən uşaqların mənafeyi nəzərə alına bilər və ona az pay ayrıla bilər. Odur ki, tamah niyyəti ilə həmin barışıq sazişini əldə etmişdir ki, məhkəmədə ər- arvad arasında əmlak bölgüsü aparılarkən əmlak payını artıra bilsin, real əmlak payından Maraqlı şəxs2 uşaqları ilə birlikdə məhrum etsin. Buna görə də məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsların izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. İş materiallarından görünür ki, Ərizəçi və Maraqlı şəxs1 arasında mediator X1 tərəfindən təsdiq edilmiş 26 aprel 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişi Ərizəçi, Maraqlı şəxs1, mediator X1 tərəfindən imzalanmış və Mediasiya təşkilatının möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Proses iştirakçılarının borc münasibətlərinə dair dəlillərini araşdıraraq, məhkəmə qeyd edir ki, mediasiya zamanı bağlanılmış barışıq sazişinin xüsusi icraat qaydasında təsdiq edilməsi qanunda nəzərdə tutulsa da, borc müqaviləsi və ya mövcud borcun etirafı haqqında mücərrəd müqqavilələrinin xüsusi icraat qaydasında təsdiqi qanunvericilikdə nəzərdə tutulmamışdır. Tərəflərin həmin münasibətlər üzrə yaranan mübahisələrlə bağlı ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə vurğulayır ki, ərizə borc müqaviləsi və ya mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin təsdiq edilməsi ilə deyil, 400.000 manat pul məbləğinin Maraqlı şəxs1 tərəfindən 2022-ci ilin yanvar ayınadək ərizəçiyə ödənilməsi barədə mediasiya qaydasında əldə olunmuş razılaşmanın təsdiq olunması ilə bağlıdır. Buna görə də məhkəmə hesab edir ki, hazırki ərizə üzrə xüsusi icraat çərçivəsində, yəni mediasiya qaydasında bağlanılmış sazişin təsdiq edilməsi məsələsinə hüquqi qiymət verilərkən borc müqaviləsi və ya mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanmasını tənzimləyən hüquq normaları tətbiq edilməli deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən həmin Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə görə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Hüquq və maraqlara toxunma halları ilə bağlı “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair Azərbaycan Respublikası Ali Məhkəməsinnin İnzibati Kollegiyasının 01/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadının 39-cu bəndində qeyd edilmişdir ki, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs1 mediasiya qaydasında razılaşaraq 400.000 manat pulun 2022-ci ilin yanvar ayınadək Maraqlı şəxs1 tərəfindən ərizəçiyə ödənilməsi barədə razılığa gəlmişlər. Mediasiya qaydasında bağlanılmış xx.xx.2022-ci il tarixli sazişin tərəfi olan Maraqlı şəxs1 sazişin predmetinə aid 400.000 manat məbləğinin onun Maraqlı şəxs2 ilə nikah dövrünə aid ərarvadın ümumi borcu olduğunu bildirmişdir. Hazrki icraat çərçivəsində məhkəmə həmin məbləğin nikah dövrünə aid ər-arvadın ümumi borcu olub-olmamasına hüquqi qiymət vermir. Lakin sazişdə qeyd edilmiş 400.000 manat məbləğinin nikah dövrünə aid ərarvadın ümumi borcu olması müəyyənləşdirildiyi təqdirdə xx.xx.2022-ci il tarixli barışıq sazişinin müddəalarının Maraqlı şəxs2 hüquqlarına təsir etmək imkanlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan sazişin təsdiq olunması da sonuncunun hüquqlarına toxunur. xx.xx.2022-ci il tarixli barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxs Maraqlı şəxs2 hüquqlarına toxunması iş materialları ilə təsdiq olunduğuna görə Ərizəçi və Maraqlı şəxs1 arasında mediator X1 tərəfindən təsdiq edilmiş 26 aprel 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən, ərizəçi tərəfindən məhkəmə xərcinə görə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: “1ci tərəf ” Ərizəçi və “2ci tərəf” Maraqlı şəxs1 arasında mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3490/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3490/2023
03.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver