Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3513/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə doğulmuş atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum xx.xx.1960-cı ildə Bakıda anadan olmuşdur, onun qızıdır, atası xx.xx.2023-cü il tarixdə qəflətən vəfat etmişdir, o öz yoldaşı (ərizəçinin anası) ilə yaşayırdı, axşam yatıb, səhər oyanmayıb, onun vəfatından sonra xx.xx.2023-cü il tarixə Bakı şəhəri, Buzovna qəbirstanlığında dəfn edilmişdir, ölüm haqqında şəhadətnaməni almaq üçün Xətai qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün atasının adına ölüm şəhadətnaməsi verilməmişdir, 46 saylı şəhər poliklinikasına da müraciət etmişdir, lazımi sənədləri ala bilməmişdir, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1989-cu il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, dayısı qızıdır, vəfat etmiş şəxs dayısı olmuşdur, 60cı ildə anadan olub, işdə olarkən Günel ağlaya-ağlaya zəng etmiş, atasının rəhmətə getdiyini demişdir, onu Buzovnada dəfn etmişdirlər, mərhum yoldaşı ilə yaşayırdı. Məhkəmə iclasında xx.xx.1957-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, Günel qaynının qızıdır, 40-nı təzə vermişdirlər, mərhum onun qaynı olmuşdur, onu Buzovnada dəfn etmişdirlər, ürəyindən xəstə olmuşdur, neçə vaxtdır “ürəyim ağrıyır” deyirdi, başqa nasazlığı da var idi. İş materiallarında olan XİV-JQ seriyalı 415149 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu il tarixdə anadan olmuşdur. Onun atası X7, anası Mirzə-zadə Sevda Kamal qızıdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:16-da Bilgəh, Mikayıl Müşfiq 264 ünvanına çağırış üzrə gedən 14 saylı bölmənin təcili tibbi yardım briqadası xəstə X3 həkimə qədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kommunasl Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlı idməti Trestinin 31 №-li 12 aprel 2023-cü il tarixli Arayışından görünür ki, X1 rayonu, Buzovna qəbirstanlığında xx.xx.2023-cü il tarixində dəfn xərcləri Ərizəçi tərəfindən ödənilməklə dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölümü faktını təsdiq edən tibbi sənədin olmaması nəzərə alınaraq, ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan 48 nömrəli Şəhər poliklinikası tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış 114 №-li 14 aprel 2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan 1960-cı il təvəllüdlü X7 xx.xx.2203-cü il tarixində 11:16 radələrində rəhmətə getmişdir. Mərhumun 46 saylı Şəhər Poliklinikasında heç bir qeydiyyatı olmadığından ölüm haqqında tibbi şəhadətnamə (Formad 106) vermək olmur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən xx.xx.2023cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində vəfat etmişdir, Ərizəçi mərhumun qızıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi ölüm faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3513/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3513/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver