Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3544/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi, 05 dekabr 1968-ci ildə Şabran rayonunda anadan olmuş X2 08 mart 2021-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05 dekabr 1968-ci ildə Şabran rayonunda anadan olmuş X6 ərizəçinin doğma qardaşıdır. 8 mart 2021-ci ildə qardaşı onlara qonaq gəlmiş, həmin vaxt qəflətən onun halı pisləşmiş, ürək nahiyəsində, boynunun ardında ağrılar onu narahat etmişdir. Onlar təcili yardım üçün həkim çağırmış, həkim gələnə kimi qardaşı vəfat etmişdir. Təcili və təxirəsalınmaz Tibbi yardım stansiyasının həkimi saat – 20:05 dəqiqədə gələrək ölüm haqqında xəbərdarlıq vərəqəsi dolduraraq xəbərdarlıq vərəqəsində göstərmişdirlər ki, “kişi cinsinə məxsus meyit aşkar olundu”. Qohumlar qardaşını Şabran rayonunun Qəndab kəndinə apararaq kənd qəbiristanlığında dəfn etmişdirlər. Bu barədə Şabran rayonu Qəndab kəndində dəfndən sonra akt tərtib olunub. Ərizəçi qardaşına ölüm haqqında tibbi şəhadətnamə almaq üçün qardaşının qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 18 nömrəli BŞX-nın Poliklinika şöbəsinə müraciət etmiş. Poliklinikada istədiyi sənədi onun əsasında Nizami rayon Qeydiyyat şöbəsindən “ölüm haqında şəhadətnamə’’ almasına görə vermədirlər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AA ******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 05.12.1968-ci il tarixdə Dəvəçi rayonu, Gəndab kəndində anadan olmuşdur. 7 saylı X11 Stansiyası tərəfindən verilmiş 08.03.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, 08.03.2021-ci il tarixdə saat 20:05-də X2 meyidi aşkar edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Poliklinikası şöbəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli 119 nömrəli arayışa əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, 05.12.1968-ci il təvəllüdlü X4 ölüm haqqında (forma 106) sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05Q-901/16 saylı, 08.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında qeyd etmişdir ki, o, ərizəçinin qardaşıdır. Mərhum qardaşı X6 qəflətən 08.03.2021-ci il tarixində vəfat etmişdir. Mərhumun dəfn mərasimində iştirak etmişdir. Mərhum Şabran rayonu, Gəndab kənd qəbiristanlığında dəfn edilmişdir. Onun yas məclisi evlərində keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında qeyd etmişdir ki, o, ərizəçinin əridir. X1 qəflətən 08.03.2021-ci il tarixində vəfat etmişdir. Mərhumun dəfn mərasimində iştirak etmişdir. Mərhum Şabran rayonu, Gəndab kənd qəbiristanlığında dəfn edilmişdir. Onun yas məclisi evlərində keçirilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 08.03.2021ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 08.03.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05.12.1968-ci il tarixdə Dəvəçi rayonu, Gəndab kəndində doğulmuş X2 08.03.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3544/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3544/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver