Məhkəmə qərarları › İş №2(011)-3637/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3637/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3637/2021 14.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə 31537,91 ABŞ dolları əsas borc, 33705,90 ABŞ dolları faiz borcu, 7675,07 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 73270,73 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m, və yardımçı sahəsi 16.0 kv.m olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, borcun və məhkəmə xərclərinin satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldıaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin '‘Xırdalan” filialından illik 22%-lə 36 ay müddətinə 38300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m, və yardımçı sahəsi 16.0 kv.m olan 17 nömrəli fərdi yaşayış evi 18.02.2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 15.02.2021-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə banka 31537,91 ABŞ dolları əsas borc, 33705,90 ABŞ dolları faiz borcu, 7675,07 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 73270,73 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, tərəfindən banka ödənişlər olunmuşdur. Lakin borcdan heç nə silinməmişdir. Eyni zamanda hesab edir ki, bank tərəfindən əsas və faiz borcları, dəbbə pulu düzgün hesablanmamış, bankın xeyrinə şişirdilmişdir. Əvvəlcə dolların məzənnəsi qalxmış, daha sonra pandemiya düşmüşdür. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsindən görünür ki, borc alana 36 ay müddətinə illik 22% olmaqla 38300 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m, və yardımçı sahəsi 16.0 kv.m olan 17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə müvafiq çıxarış verilmişdir. 09.02.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə həmin tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. 15.02.2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə borcu 31537,91 ABŞ dolları əsas borc, 33705,90 ABŞ dolları faiz borcu, 7675,07 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 73270,73 ABŞ dolları təşkil edir. 24.06.2021-ci il tarixli, 9/3650 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 18.02.2015-ci il tarixli 27-SMEG-1-0- 96-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 18.02.2018-ci il tarixə: əsas borc üzrə - 35157,50 ABŞ dolları; faiz borcu üzrə- 16312,33 ABŞ dolları. 20.04.2021-ci il tarixə: əsas borc üzrə- 35157,50 ABŞ dolları; faiz borcu üzrə- 18634,83 ABŞ dolları. "xxxx" MMC-nin 26.07.2021-ci il tarixli, 259/YB/21 saylı qiymətləndirilmə hesabatına əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m, və yardımçı sahəsi 16.0 kv.m olan 17 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 63000 manat, likvid dəyəri isə 55000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Bundan bağqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 31537,91 ABŞ dolları əsas borc, 16312,33 ABŞ dolları faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun qalması, müqavilə üzrə öhhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə, mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehin çıxarılması və evin boşaldılmasına dair hissələrdə təmin edilməlidir. İpoteka predmeti olan evin ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 7675,07 ABŞ dolları məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 7675,07 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 775,07 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Eyni zamanda, məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan “Nikoil” İKB-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.06.2021-ci il tarixli, 9/3650 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 67 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumundan, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumundan və 30 manat xidmət haqqından ibarət 70 manat məhkəmə xərcəlinin 46,90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 33,50 manat hissəsi cavabdehdən, 16,50 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir.. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə 31537,91 ABŞ dolları əsas borc, 16312,85 ABŞ dolları faiz borcu, 775,07 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 48977,16 (qırx səkkiz min doqquz yüz yetmiş yeddi dollar 16 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 46,90 (qırx altı manat 90 qəpik) məhkəmə xərcləri "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m, və yardımçı sahəsi 16.0 kv.m olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulsun. ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m, və yardımçı sahəsi 16.0 kv.m olan 17 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində Cavabdeh evdən çıxarılsın və ev boşadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 33,50 (otuz üç manat 50 qəpik) manat hissəsi Cavabdeh 16,50 (on altı manat 50 qəpik) manat hissəsi iddiaçı "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar