Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3738/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs “X4 Klubu” İctimai Birliyinə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2024cü il tarixində Bakı 20 saylı Mediasiya təşkilatında “Səbail” Futbol Klubunun etibarnamə üzrə nümayəndəsi X1 vasitəsilə aralarında bağlanmış barışıq sazişinin 1, 2 və 3-cü bəndlər üzrə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyin tələblərinə əsasən ərizəçi ilə “Səbail” Futbol Klubu arasında bağlanmış müqaviləyə əsasən 01 iyun 2022-ci ildən qeyd etdiyi klubda məşqçi kimi fəaliyyətə başlamışdır. 31 may 2023-cü ildə “Səbail” Futbol Klubu ilə aramızda bağlanmış müqavilənin müddəti bitsə də, klub müqaviləni yeniləyəcəyinə dair yalan vəd verərək, ərizəçini hər hansı bir hüquqi əsas olmadan 20 iyun 2023-cü il tarixinədək, yəni 20 gün müddətində əmək fəaliyyətinə cəlb etmişdir. 20 iyun 2023-cü il tarixindən sonra isə “Səbail” Futbol Klubu müqaviləni yeniləməyəcəyini bildirmişdir. Dəfələrlə sözügedən klubun rəhbərliyinə müraciət edərək işlədiyi 20 günə görə əmək haqqının ödənilməsini tələb etməsinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Qanunvericilyin tələbinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı tələb olunduğundan mediasiya şurasına müraciət etmiş və 26 yanvar 2024-cü il tarixində Bakı 20 saylı Mediasiya təşkilatında “Səbail” Futbol Klubunun etibarnamə üzrə nümayəndəsi X1 vasitəsilə, mediatorun iştirakı ilə “Barışıq sazişi” imzalanmışdır. “Barışıq sazişi"nin şərtlərinə görə: Son haqq-hesabın 500 manat təkil etməsi barədə “Səbail” Futbol Klubu ilə razılıq əldə edilmiş; “Səbail” Futbol Klubu 500 manat borc öhdəliyini qəbul etmiş; “Səbail” Futbol Klubu 10 gün ərzində, yəni 07 fevral 2024-cü il tarixədək 500 manat son haqq-hesabı ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən barışıq sazişinin imzalanmasından 01 ay 15 gün keçməsinə baxmayaraq, “Səbail” Futbol Klubu əmək haqqı qismində 500 manat borcun ödənilməsinə dair öhdəliyini icra etmir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə “Səbail” Futbol Klubunun etibarnamə üzrə nümayəndəsi X3 arasında bağlanmış 20 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2-ci maddəsində qeyd olunmuş barışığın şərtlərindən görünür ki, tərəflər razılaşır ki, son haqqhesab 500 manat təşkil edir, tərəf 2 X6 500 manat borc öfdəliyini qəbul edir, tərəf 2 10 gün ərzində 500 manat son haqq-hesabı tərəf 1 Ərizəçi nəğd və ya köçürmə yolu ilə təqdim etdiyi bank hesabına ödəməyi öhdəsinə götürür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə “X4 Klubu” İctimai Birliyi arasında xx.xx.2024-cü il tarixində barışıq sazışı imzalanmışdır. Lakin, “X4 Klubu” İctimai Birliyi saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə qeyd olunan son haqq-hesab 500 manat məbləği ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs “X4 Klubu” İctimai Birliyi barışıq sazişi üzrə son haqq-hesabın ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə “X4 Klubu” İctimai Birliyi arasında xx.xx.2024-cü il tarixdə 20 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər razılaşır ki, son haqq-hesab 500 manat təşkil edir.
2. Tərəf 2 X6 500 manat borc öhdəliyini qəbul edir.
3. Tərəf 2 10 gün ərzində 500 manat son haqq-hesabı tərəf 1 Ərizəçi nəğd və ya köçürmə yolu ilə təqdim etdiyi bank hesabına ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva