Məhkəmə qərarları › İş №2(011)-3802/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3802/2024

18.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3802/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki tələb tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədədir, ərizə, fiziki şəxs - Ərizəçi tərəfindən xüsusi icraat qaydasında verilmişdir, qanunvericiliyə uyğun olaraq, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur ki, iş materiallarından Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Həmçinin iş materiallarından ərizəçinin dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən hər hansı bir sənədin olması görünmür. Belə olan halda, məhkəmə hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi barədə qanunvericiliyin tələblərinə riayət edilmədiyindən ərizənin icraata qəbul edilməsi də mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 108.1.3-cü maddəsinə görə, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2.-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və ərizəçinin dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi “Maraqlı şəxs1 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar