Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3877/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Firmasında ona məxsus 100 % payın alğı-satqısına dair Bakı şəhəri 32 saylı notariat ofisində cavabdehlə aralarında bağlanılmış 3M-775 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisəyə Xətai Rayon Məhkəməsində baxıla bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, təsisçisi olduğu "xxxx" Firması 2015-ci il tarixdən etibarən onun mülkiyyətində olmuşdur. X1 cavabdehdən Amil Həşimov və Babək Məhərrəmovun iştirakı ilə 900.000 ABŞ dolları məbləğində pulu aylıq əlavə 3 faiz ödəmək şərti ilə borc götürmüşdür. Lakin həmin məbləğ yalnız atanın şəxsi istifadəsi üçün deyil, həmçinin Amil Həşimov və Babək Məhərrəmova da faiz şəklində verilmişdir. Cavabdeh isə yalnız atasını tanıdığı üçün pulu ona verdiyini bildirmişdir. Lakin pulun faizə borc şəklində Amil Həşimov və Babək Məhərrəmova da verildiyini təsdiqləyən səs yazıları da mövcuddur. Həmin borcun faizdən əlavə əsas borcdan 650.000 ABŞ dolları qaytarılmışdır. Lakin maddi çətinliklərə üzləşdiyi üçün atası və digərləri yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün cavabdehdən onlara vaxt verməsini xahiş etmişdir. Cavabdeh isə bunun müqabilində onun təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının mülkiyyətindəki 4.500.000 manatlıq "xxxx" Şadlıq Sarayını girov qoymağı tələb etmişdir. X1 bu haqda məlumat verdikdən sonra əmlakın girov qoyulmasına razılaşdım. Lakin borclulularla Cavabdeh arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal şəkildə alqı-satqı müqaviləsi bağlanılması tələb etmişdir. Atası və o borclu olduğu üçün onun irəli sürdüyü təkliflə razılaşmağa məcbur oldmuşlar. Həmçinin o, onları müqavilənin yalnız formal olaraq bağlandığına, qeyri-yaşayış sahəsinin istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmışdır. Buna görə də, aralarında formal şəkildə "xxxx" Firmasında ona məxsus olan 100 % payın Cavabdeh satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin hazırda Cavabdeh tərəfindən 250.000 ABŞ dolları borcun qarşılığında təxminən 4.500.000 manatlıq şadlıq sarayını qanunsuz olaraq zəbt edilmişdir. Həmin şəxs onu aldadaraq "xxxx" Şadlıq Sarayını mülkiyyətinə keçirmişdir. Şifahi razlaşma zamanı qeyri-yaşayış obyektinin yalnız girov olaraq alındığını, tərəfindən istifadə olunacağına heç bir maneə yaradılmayacağı bildirsə də, o, onları aldadaraq alqı-satqı müqaviləsi bağlayıb əmlakı mülkiyyətinə keçirmişdir. Cavabdeh hazırda formal olaraq bağlanmış alqı-satqı müqaviləsindən istifadə edərək əmlaka qanunsuz sahibliyi həyata keçirir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, tərəflər arasındakı mübahisə "xxxx" Firmasının təsis payının alqı-satqısından irəli gələn koporativ mübahisə ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında "xxxx" Firmasının payının alqı-satqısında dair xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış, iddiaçı müəssisədəki öz səhmlərinin 100 faizini cavabdehə satmışdır və iddiaçı hazırda həmin müqavilənin formal olaraq bağlandığını əsas gətirərək, etibarsız hesab edilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında kommersiya məhkəməsində baxılan mübahisələr 3 qrupa bölünmüşdür: 1) əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələr. Bunlara müqavilə münasibətlərindən yaranan tələblər aiddir; 2) iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələr. Bunlara əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir və 3) tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr. Bunlara isə kommersiya hüquqi şəxsin özünün fəaliyyəti ilə bağlı olan korporativ mübahisələr aiddir (13-cü bənd). İddiaçının irəli sürdüyü tələblər, məhz üçüncü tələbə, yəni sahibkarlıq subyektinin özünün həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən doğan korporativ mübahisəyə aiddir. Bundan başqa, sözügedən Qərarda kommersiya məhkəmələrində baxılmalı olan mübahisələrin subyekt, predmet, habelə hüquq münasibətinin xarakterinə aid olan tələblər ayrıayrılıqda təsnifləşdirilmiş və kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılması birmənalı olaraq qeyd edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli 6 nömrəli Qərarında qeyd edilmişdir ki, 2.1.19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilsin. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki işə baxılması ümumi yurisdiksiyalı məhkəmənin aidiyyətində olmadığından, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 42.2.2-ci maddəsinə əsasən, iç həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı X3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3877/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3877/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver