Məhkəmə qərarları › İş №2(011)-3930/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3930/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3930/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin alqı-satqı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə aparılmış ********** qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 485 kv.m olan qeyri-yaşayış sahəsini 15 avqust 2006-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativindən alqı-satqı müqaviləsi əsasında almış və bu günə kimi də həmin sahə onun istifadəsindədir. Sözügedən qeyri-yaşayış sahəsi saxta yolla X3 tərəfindən "xxxx" MTK tərəfindən alınmışdır. Qalina Səfərova həmin qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reystrindən çıxarış almaq üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Q.Səfərovamn iddia ərizəsi təmin edilmiş və həmin qərar əsasında sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata almışdır. Daha sonra Qalina Səfərovanın qanunsuz hərəkətlərindən xəbər tutan kimi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan dərhal sonra əmlakı əldən verməmək üçün Qalina Səfərovanın adından etibarnamə əsasında Rasim Kərimov həmin sahəni öz adamları olan Cavabdeh xx.xx.2019-cu il tarixdə “satmışdır”. İstifadəsində olan qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qanunsuz qeydiyyatın ləğv edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2019cu il, 2-1(81)-3765/2018 saylı qərardad qəbul edilərək 1 saylı İnzibati-lqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2-1(81)-3765/2018 saylı qərarı və həmin qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Həmin qərardadla o prosesə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin yekun qərarı ilə əvvəlki qərar ləğv edilmişdir. Məlumat üçün qeyd edir ki, daha sonra Qalina Səfərovava qarşı "xxxx" MTK ilə “bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi ilə” bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin işdə üçüncü şəxs qismində Cavabdeh da iştirak etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-68/2021 saylı qətnaməsi ilə onun qarşılıqlı iddiası təmin edilmişdir. Belə ki, həmin qərarla “alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş və müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilmişdir ”. Həmin qərardan narazı qalan Qalina Səfərova və həmin işdə üçüncü şəxs olan Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2)103)-9757/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmişdir. Belə ki, işə sədrlik edən hakim E.Mehdiyev qərarda “bütün hüquqi nəticələrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə qeyd edilən qərarın icrasının doüıırdugu hüquqi nəticələr ləğv edilmişdir. Sözügedən qətnamədə hakim E.Mehdiyev daha sonra qeyd edir ki, “Göründüyü kimi Q.N.Səfərova ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin nəticələrinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və belə olan halda həmin müqavilənin hüquqi nəticələrinin yenidən ləğv edilməsinə zərurət yoxdur”. Həmin qərardan Qalina Səfərova və üçüncü şəxs Cavabdeh kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətləri təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3134/2022 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Eyni zamanda bildirmişdir ki, yuxarıda qeyd olnan məhkəmə proseslərində Cavabdeh Qalina Səfərova ilə demək olar eyni mövqedən çıxış etmişlər. Bu 2 şəxs faktiki olaraq bir maraqdan çıxış edən şəxslərdir. Cavabdeh necə vicdanlı alıcı ola bilər ki, heç vaxt aldığı əmlakın daxilində belə olmamış, ona baxış keçirməmişdir. Nəzərə alınmalıdır ki, alınan amlakın dəyəri çox yüksəkdir. Həmçinin, bildirirəm ki, o Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İcarəsinə xx.xx.2019-cu il tarixdə şikayət ərizəsi yazdıqdan 4 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqısı baş tutmuşdur. Bütün bu sadalanan hallar Cavabdeh Qalina Səfərova tərəfindən ortaya çıxarılmış 1 şəxs olduğuna və necə olursa-olsun saxta yollarla əldə etdikləri əmlakı mənimsəmək məqsədi güddüklərini sübut edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, Cavabdeh icarəyə vermək və digər kommersiya məqsədləri ilə istifadə etmək üçün qeyriyaşayış sahəsi almaq istəmiş, bu barədə 2019-cu ilin yanvar ayının ortalarında Pərviz adlı şəxsə (makler) müraciət edərək Yasamal rayonu ərazisində çıxarışı olan münasib qeyriyaşayış sahəsi olduğu halda ona məlumat verməsini xahiş etmişdir. Pərviz Yasamal rayonu, Hüseyn Cavid prospekti ərazisində 2.200.000 manata qeyri-yaşayış sahəsi satıldığını, real alıcı olsa, qeyri-yaşayış sahəsinin qiymətini endirməyin mümkün olacağını bildirmişdir. Bir neçə gün sonra Rəhman Pərvizlə birlikdə qeyri-yaşayış sahəsinə baxmağa getmiş, həmin vaxt Pərviz əmlakın mülkiyyətçisi barəsində Rəhmana məlumat verərək əmlakın bir xanıma məxsus olduğunu, lakin o, Azərbaycan Respublikasında olmadığına görə əmlakla bağlı bütün səlahiyyətlərini Rasim adlı şəxsə həvalə etdiyini və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı danışıqların Rasimlə aparılacağını bildirmişdi. Qeyri-yaşayış sahəsində həmin şəxs-Rasim onları qarşılamış və qeyri-yaşayış sahəsini gəzdirərək tanış etmişdir. Həmin vaxt qeyri-yaşayış sahəsində bir çox əşyalar olmuş və Rasim, alqı-satqı olduğu halda ən qısa müddətdə əşyaları çıxararaq qeyri-yaşayış sahəsini tam boş halda təhvil verəcəyini bildirmişdir. Bundan sonra Rəhman bir neçə dəfə də qeyri-yaşayış sahəsinə baxmışdır. Qeyri-yaşayış sahəsinin qiyməti ilə bağlı razılığa gəlmək üçün onlar Rasimlə “Metropol” restoranında (Rasim bu restoranın ona aid olduğunu bildirmişdi) bir neçə dəfə görüşmüş, Rasim əmlakı 2.200.000 manata satmaq istədiyini bildirsə də, təmirsiz, əmlakın olduğu küçənin isə əlverişsiz vəziyyətdə olmasını nəzərə alaraq sövdələşmələrdən sonra nəhayət əmlakın 1.900.000 manata satılması ilə bağlı razılığa gəlmişlər. Bundan sonra Rəhman qeyri-yaşayış sahəsinin həqiqətən də daşınmaz əmlakın dövlət reyestrində Qalina Səfərovanın adına qeydiyyatda olub-olmadığını, eyni zamanda qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən Rasimə verilən etibarnamənin qüvvədən düşüb-düşmədiyini yoxlatdırmaq üçün Rasimdən vaxt istəmiş, bu sənədlərin həqiqiliyini dəqiqləşdirdikdən sonra onlar xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsini bağlamaq üçün Bakı şəhəri 41 saylı Notariat Kontoruna getmiş, həmin vaxt müqaviləni əmlakın mülkiyyətçisi olan Qalina Səfərovanın adından onun səlahiyyətli nümayəndəsi kimi Rasim Kərimov imzalamışdır. Müqaviləyə əsasən satılan qeyri-yaşayış sahəsinin müqabilində köçürmə yolu ilə Rəhman alıcıya 1.900.000 manat pul ödəmişdir. Rasim əşyaların çıxarılması üçün Rəhmandan möhlət istəmiş və Rəhman bununla razılaşmışdır. Əmlakın alqı-satqısı müqaviləsi bağlandıqdan sonra isə Rəhman xx.xx.2019-cu il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakla bağlı çıxarış almışdır. Nə obyekt alınan ərəfələrdə, nə alqı-satqı edilərkən Rəhman həmin əmlakla bağlı hər hansı mübahisənin olmasını bilməmişdir. Qeyri-yaşayış sahəsinə baxarkən Rəhman İddiaçı orada görməmiş, qeyri-yaşayış sahəsinə rahat şəkildə girib baxmış, bəyənmiş, onun qiyməti barəsində əvvəlki mülkiyyətçi ilə razılığa gəlmiş, daha sonra həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyini yoxlatmış və bundan sonra müqaviləni bağlamışdır. Bu müddətdə heç vaxt İddiaçı qeyri-yaşayış sahəsində olmamış və ona sahiblik etməmişdir. Əks halda Rəhman qeyri-yaşayış sahəsinə baxa bilməzdi. Rəhman 2019-cu ilin mart ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi tərəfindən izahat vermək üçün həmin idarəyə çağırıldıqdan sonra xəbəri olmudur ki, İddiaçı və digər şəxslər arasında sözügedən qeyriyaşayış sahəsi ilə bağlı mübahisələr var. Bundan sonra o, dərhal qeyri-yaşayış sahəsinin təhvil verilməsini Rasimdən tələb etmiş, Rasim isə obyektin İddiaçı tərəfindən qanunsuz zəbt edildiyini və hazırda bununla bağlı araşdırmalar aparıldığını bildirmişdir. Ona görə də Cavabdeh 2019-cu ilin mart ayının sonunda Qalina Səfərova və İddiaçı qarşı “əmlakın boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə mürcaiət etmişdir (həmin mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşən Kazımovun icraatındadır). İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında guya Cavabdeh Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (bundan sonra - İdarə) və məhkəmə iclaslarında verdiyi izahatların birbirinə zidd olduğunu iddia etsə də, onun bu günədək verdiyi izahatlarda heç bir ziddiyyət olmamışdır. Belə ki, iddiaçının nümayəndəsi qeyd edir ki, Rəhman İdarədə verdiyi izahatda 2019-cu ilin yanvar ayının sonlarında Pərviz adlı maklerə obyekt almaq istəyi barədə məlumat verdiyini göstərmiş, məhkəmələrdə isə bu tarixin 2019-cu ilin yanvar ayının ortası olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi izahatı təhrif etmişdir. Belə ki, Cavabdeh 2019-cu ilin yanvar ayının ortalarında Pərvizə müraciət etmiş, Pərviz isə yanvar ayının sonlarında Rəhmana obyekt haqqında məlumat vermişdir. Yəni ki, İdarədə verilən izahatda Rəhman onun Pərvizə müraciət etmə tarixini deyil, Pərvizin ona obyekt haqqında məlumat vermə tarixini göstərmişdir. Bundan başqa iddiaçının nümayəndəsi qeyd edir ki, Rəhman İdarədə verdiyi izahatda obyektin ona Pərviz tərəfindən, sonrakı izahatlarında isə Rasim tərəfindən göstərildiyini bildirmişdir. İddiaçının nümayəndəsi burda da izahatı təhrif etmişdir. Belə ki, Rəhman İdarədə verdiyi izahatda qeyri-yaşayış sahəsinə Pərvizlə baxdığını deyil, onunla birlikdə baxmağa getdiyini bildirmiş, sonrakı izahatlarında da eyni məzmunda ifadə verərək obyektdə onları Rasimin qarşıladığını, obyektə birlikdə baxdığını göstərmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi göstərir ki, Cavabdeh İdarədə əmlakın 1.900.000 manata, digər izahatlarında isə 2.200.000 manata satıldığını göstərmişdir. Halbuki, əmlakın qiyməti barəsində hər hansı ziddiyyətli ifadələr işlədilməmişdir. Belə ki, əmlakın 2.200.000 manata satıldığı barəsində Pərviz Rəhmana məlumat vermiş, eyni zamanda bildirmişdir ki, əmlak alınsa, qiymətdə endirim etmək mümkündür. Həqiqətən də Rəhman əmlaka baxdıqdan sonra Rasimlə danışıqlar etmiş, əmlakın təmirsiz olması və əlverişsiz küçədə yerləşməsi kimi halları nəzərə alaraq əmlakın qiymətinin 1.900.000 manata olması barədə razılaşma edilmişdir. Həm də əmlakın qiymətininin 1.900.000 manata deyilib sonradan eyni qiymətlə müqavilə bağlanılması məntiqi görünməməklə real bazar münasibətlərinə də uyğun deyil. Belə ki, hər kəsə bəlli olan haldır ki, alqı-satqı əməliyyatlarında ilkin deyilən qiymətdən sonra tərəflər arasında endirimlərlə bağlı sövdələşmələr olur və əmlak ilkin deyilən qiymətinə nisbətdə daha aşağı qiymətlə alınır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Rəhmanın İdarədə qiymətlə bağlı verdiyi məlumat əmlakın razılaşdırılmış son alqı-satqı qiyməti olmuşdur. Cavabdeh İdarədə müstəntiqin konkret suallarına konkret cavablar versə də, sonradan məhkəməyə və hüquq mühafizə orqanlarına verdiyi ərizə və şikayətlərində, habelə məhkəməyə verdiyi izahatarında əmlakın alınma şəraiti və alqı-satqıya qədər olan münasibətlər haqqında daha geniş və detallı məlumatlar vermişdir. Bundan başqa iddiaçının nümayəndəsi göstərir ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində göstərmişdir ki, o, obyektdə İddiaçı aid əmlakların olduğunu bilmişdir. Halbuki, iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununu təhrif etmişdir. Həmin iddia ərizəsində Rəhman göstərmişdir ki, “ ... xx.xx.2019-cu il tarixdə X3 ilə aramızda “daşınmaz əmlakın alqı-satqısı haqqında” AN-İ ******* saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququm DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq bu barədə mənə RX ******* seriyalı Çıxarış verilmişdir. Müqavilədə Q.Səfərova 1 ay müddətinə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən qeyriyaşayış sahəsini mənə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin müqavilə ilə müəyyən edilmiş 1 aylıq müddət keçsə də, hələ də sözügedən qeyri-yaşayış sahəsi mənə təhvil verilməmişdir. Hətta sonradan mənə məlum olmuşdur ki, adıçəkilən qeyri-yaşayış sahəsində tamamilə başqa bir şəxsə - İddiaçın aid olan əşyalar var və o, əşyaları mənə məxsus olan sahədən çıxarmaqdan imtina edir. Ona görə də yaranmış mübahisənin həll edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam...”. Göründüyü kimi obyektdə İddiaçı aid əmlakların olması sonradan, əmlakı aldıqdan 1 ay sonra 2019-cu ilin mart ayının ortalarında İdarəyə çağırıldıqdan sonra Rəhmanın məlumatı olmuşdur. Məhz buna görə də Cavabdeh 2019-cu ilin mart ayının sonlarında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən əmlakın satıcısı Qalina Səfərova ilə birlikdə İddiaçı də cavabdeh qoymuşdur. Həmçinin iddiaçı iddia ərizəsində Rəhmanın Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 - ci il tarixli, 2(103)-9757/2021 saylı qətnaməsində Cavabdeh vicdanlı alıcı kimi qiymətləndirilməməsini göstərərək bu halın da nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Halbuki, sözügedən mülki işdə Cavabdeh tərəf olmayıb. Məhkəmə aktları Cavabdeh maraqlarına toxunduğuna görə o müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və məhkəmə aktlarından şikayətlər vermişdir. Eyni zamanda Cavabdeh və Qalina Səfərova arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi həmin işdə mübahisələndirilməmiş və bu müqavilə sözügedən mülki işin predmeiti olmamışdır. Ona görə də həmin məhkəmə aktı hazırki iş üçün hər hansı, o cümlədən preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Bakı şəhəri Yasamla Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində Cavabdeh vicdanlı alıcı olması müəyyən edilərək göstərilmişdir ki, “ ...Cavabdeh vicdanlı alıcı olaraq qanunvericiliyin ona verdiyi bütün hüquqlardan və imkanlardan maksimum istifadə edərək real olaraq ödədiyi 1.900.000 manat məbləğin qarşılığında əldə etdiyi qeyri-yaşayış sahəsinə hər hansı üçüncü şəxsin iddiasının olmadığına əmin olduqdan sonra müqavilə bağlamışdır.”Beləliklə, mülki iş materiallarına təqdim edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin bağlanılmasına qədər aparılan daşıqlar və proseslərdən göründüyü kimi Cavabdeh makler vasitəsi ilə mübahisələndirilən qeyri-yaşayış sahəsini tapmış, qeyri-yaşayış sahəsinə baxmış, bəyənmiş, qeyri-yaşayış sahəsinin sənədlərinin qaydasında olub-olmamasını, onun üzərində hər hansı yüklülüyün olub-olmamasını yoxlamış, əmlakın qiyməti barəsində danışıqlardan sonra 1.900.000 manat pulu notatiusun depozit hesabı vasitəsi ilə satıcıya ödəyərək əmlakı əldə etmişdir. O, bu əmlakla bağlı İddiaçı və digər şəxslərin arasında gedən mübahisələrdən əmlakı aldıqdan 1 ay sonra İdarəyə çağırıldıqda məlumatı olmuşdur. İddiaçının iddia ərizəsində göstərdikləri və iddiaçının nümayəndəsinin məhkəmə iclasında bildirdikləri heç bir dəlilə söykənməyən mülahizələrdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş və sonradan məhkəməyə təqdim edilmiş sənədlər iddia ərizəsində göstərilən halları təsdiq etmir və həmin sübutlar xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Bu baxımdan hesab edirəm ki, sözügedən əmlakın vicdanlı alıcısı olduğuna görə mübahisə predmeti olan əmlakla bağlı Cavabdeh hüquqları məhkəmə tərəfindən qorunmalı və iddia tələbi rədd olunmalıdır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilmişdir ki, reyestrin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən isə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirdi ki, o, 2006-cı ildən 2020-ci ilədək əmlak məsələləri ilə bağlı makler kimi fəaliyyət göstərmişdir. Sözügedən əmlak onun yaşadığı evin yaxınlığında yerləşir. Belə ki, o, Qalinanın etibarnamə üzrə nümayəndəsi Rasimlə tanışdır. Rasim onun qardaşının sinif yoldaşı olmuşdur. Rasim ondan xahiş etmişdi ki, sözügedən qeyri-yaşayış sahəsini satmaqda ona köməklik edim. O, Rasimdən soruşmuşdur ki, obyektin sənədi müqavilədir ya çıxarış. Rasim ona sənədin müqavilə olduğunu bildirmiş, o da Rasimə cavabında müqavilə ilə obyektin satılmasının çətin olduğunu, imkan olacağı təqdirdə həmin obyektə dair çıxarış alınmasının vacib olduğunu bildirmişdir. Sonra bir müddət keçdikdən sonra Rasim ona obyektə dair çıxarış aldığını bildirmişdir. Çıxarış almamışdan əvvəl Rasim ona obyektin 2.500.000 manata satmaq istədiyini bildirəndə o Rasimə həmin məbləğin obyektin real bazar qiymətini əks etdirmədiyini bildirmişdir. Daha sonra Rasim ona qiymətdə razılaşma olacağını bildirmişdir. Rasim artıq sözügedən obyektə çıxarış aldıqdan sonra həmin obyektlə bağlı sahə ölçüsü və sair məsələyə dair zəruri məlumatları ondan almışdır. Daha sonra Cavabdeh adlı şəxs ona yaxınlaşıb təxminən 1.000.000-1.500.000 arası qeyriyaşayış sahəsi almaq istədiyini bildirdi. O Rəhmana həmin qiymətə yox biraz baha qiymətə olan sözügedən obyekt barədə məlumat vermişdir. Daha sonra o zəng edib xahiş etdikdən sonra şərait yaratdılar Cavabdehlə sözügedən obyektə baxmağa getmişlər. Cavabdeh daha sonra ona biraz fikirləşdikdən sonra qərar verəcəyini bildirdi. Bu məsələdən təxminən 10 gün keçdikdən sonra Cavabdeh ona zəng vuraraq yenidən obyektə baxmaq istədiyini, əgər razılaşsalar qiymətində biraz güzəşt edilməsini xahiş etmişdir. Daha sonra o Rasimlə Rəhmanı görüşdürmüşdür. Bir müddət sonra eşitmişdir ki, tərəflər aralarında 1.900.000 manata razılığa gəlmişlər. O Rəhmanı obyektə baxmağa 2 dəfə aparmışdır. Ondan ayrı Rəhmanın obyektə baxmağa gedib-getməməsindən xəbəri yoxdur. Daha sonra o, satıcıdan xidmət haqqının dəyəri olaraq 10.000 manat pul ödənilib. Digər tərəfdən isə pulu olmadığı üçün heçnə almayıb. Daha sonra bildirdi ki, obyektlə onu və Rəhmanı Rasim tanış edib. Obyekt təmirsiz idi. Həmçinin bildirdi ki, obyektə baxmağa gedəndə bir sıra əşyaların olduğunu görmüşdür və həmin əşyalar Rasimə məxsus olmuşdur. Eyni zamanda, bildirdi ki, obyektin problemli olduğunu bilmirdi. Belə ki, onun praktikasında çıxarışlı daşınmaz əmlaklarla bağlı heç vaxt problem yaşamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxs Qalina Səfərova məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: ünvan 1 ünvanında yerləşən sahəsi 485 kv.m olan qeyri-yaşayış sahəsini 15 avqust 2006-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativindən alqı-satqı müqaviləsi əsasında almış və həmin sahə hazırda da onun istifadəsindədir. Sözügedən qeyri-yaşayış sahəsi daha sonra X3 tərəfindən "xxxx" MTK tərəfindən alınmışdır. Qalina Səfərova həmin qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reystrindən çıxarış almaq üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Q.Səfərovanın iddia ərizəsi təmin edilmiş və həmin qərar əsasında sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata almışdır. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra Qalina Səfərovanın adından etibarnamə əsasında Rasim Kərimov həmin sahəni Cavabdeh xx.xx.2019-cu il tarixdə satmışdır. İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qanunsuz qeydiyyatın ləğv edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2019-cu il, 2-1(81)-3765/2018 saylı qərardad qəbul edilərək 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2-1(81)-3765/2018 saylı qərarı və həmin qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Həmin qərardadla cavabdeh prosesə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin yekun qərarı ilə əvvəlki qərar ləğv edilmişdir. Daha sonra Qalina Səfərovava qarşı "xxxx" MTK ilə “bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi ilə” bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin işdə üçüncü şəxs qismində Cavabdeh da iştirak etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-68/2021 saylı qətnaməsi ilə onun qarşılıqlı iddiası təmin edilmişdir. Belə ki, həmin qərarla “alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş və müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilmişdir ”. Həmin qərardan narazı qalan Qalina Səfərova və həmin işdə üçüncü şəxs olan Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2)103)-9757/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmişdir. Belə ki, işə sədrlik edən hakim E.Mehdiyev qərarda “bütün hüquqi nəticələrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə qeyd edilən qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Sözügedən qətnamədə hakim E.Mehdiyev daha sonra qeyd edir ki, “Göründüyü kimi Q.N.Səfərova ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin nəticələrinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və belə olan halda həmin müqavilənin hüquqi nəticələrinin yenidən ləğv edilməsinə zərurət yoxdur”. Həmin qərardan Qalina Səfərova və üçüncü şəxs Cavabdeh kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətləri təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3134/2022 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq edilmiş iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 485 kv.m olan qeyri-yaşayış sahəsi 15 avqust 2006-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativindən alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən alınmışdır. Belə ki, sözügedən qeyri yaşayış sahəsi məhz iddiaçının istifadə və sahibliyindədir. Həmin qeyri-yaşayış sahəsi daha sonra X3 tərəfindən "xxxx" MTK-dan alınmışdır. Daha sonra Qalina Səfərovanın adından etibarnamə əsasında Rasim Kərimov həmin sahəni Cavabdeh xx.xx.2019-cu il tarixdə satmışdır. Lakin iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarının surətlərindən görünür ki, daha sonra X3 ilə "xxxx" MTK arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməsinə baxmayaraq sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh ilə Qalina Səfərova arasında bağlanmış alğısatqı müqaviləsi və həmin müqavilə əsasında əldə edilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən hazırda Cavabdeh mülkiyyətində olmaqdadır. Hazırkı mərhələdə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İlk öncə iş üzrə müəyyən edilir ki, sözügedən qeyri-yaşayış sahəsi bu günədək İddiaçı sahiblik və istifadəsindədir. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdehlər X1 və İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, iddiaçının istifadə və sahiblik hüquqlarına yaradılmış maneənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair 2(004)-8/2023 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə Cavabdehlər X1 və İddiaçı qarşı vindikasiya tələbi təmin edilmişdir. Lakin sözügedən qətnamə cavabdehlər tərəfindən mübahisələndirilmiş və hazırda qanuni qüvvəsini almamışdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı qarşı vindikasiya iddiasına dair qanuni qüvvəsini almamış qətnamənin mövcud olması, eyni zamanda hazırkı mülki işin məhkəmə araşdırması zamanı sözügedən qeyriyaşayış sahəsinin məhz iddiaçının sahiblik və istifadəsində olmasını istisna edəcək hər hansı mötəbər sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi bir daha təsdiq edir ki, sözügedən qeyri-yaşayış sahəsi bu günədək İddiaçı sahiblik və istifadəsində olmuşdur. Beləliklə, məhkəmə qeyd olunan hala diqqət yetirərək hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh ilə Qalina Səfərova arasında bağlanmış alğı-satqı müqaviləsi hüquqi baxımından həyata keçirilsə də, faktiki baxımından həyata keçirilməmişdir. Belə ki, Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Lakin sözügedən müqavilədə satıcı əşyanı alıcıya verməməklə müqavilənin mühüm şərti olan müqavilənin predmetinə dair şərtindən irəli gələn vəzifəni yerinə yetirməmişdir. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd olunan normanın mənasına görə müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin Qalina Səfərova tərəfindən rəsmiləşdirilməsindən xəbər tutan iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilərək sözügedən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş etmişdir. Belə ki, məhz xx.xx.2019-cu il tarixdə sözügedən qeyri yaşayış sahəsi Qalina Səfərova tərəfindən alğı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə cavabdeh olan Cavabdeh satılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə qeyd olunan qeyri-yaşayış sahəsi Cavabdeh adına dövlət reyestrində rəsmi qeydə alınmışdır. Beləliklə, məhkəmə iddiaçı tərəfindən müvafiq quruma müraciəti, eyni zamanda həmin qurumun əmlakla bağlı digər quruma ünvanladığı məktubu və həmçinin qeyd olunan zaman intervalında sözügedən əmlakın üçüncü şəxsə, yəni hazırkı iş üzrə cavabdeh olan Cavabdeh satılması hallarına diqqət yetirərək hesab edir ki, həmin alğı-satqının etibarlılığı baxımından ciddi şübhələr mövcuddur. Belə ki, sözügedən alğı-satqı müqaviləsindən 3 gün sonra yəni xx.xx.2019-cu il tarixdə həmin əmlaka dair çıxarışın əldə edilməsi heç şübhəsiz ki, mülkiyyətçi olaraq həmin əmlakın əldə edilməsi baxımından Cavabdeh maraqlı olmasının göstəricisidir. Qeyd olunmalıdır ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Göründüyü kimi, qeyd olunan normada daşınmaz əmlaka çıxarışın əldə edilməsinin ümumi müddəti qeyd olunsa da, bununla müvafiq təlimata əsasən həmin müddət 3,5,7 iş günü olmaqla (rüsuma görə) müəyyən edilə bilər. Cavabdeh isə qanunvericilikdə nəzərdə tutulmuş ən qısa müddətdən istifadə etmişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq tərəflərin sözügedən alğı-satqı müqaviləsini hüquqi baxımından həyata keçirib, faktiki baxımından həyata keçirməməsi mümkün ola bilməzdi. Beləliklə müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmə yuxarıda qeyd olunanlara münasibətdə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Belə ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Hazırkı iş üzrə iş məhkəmə araşdırması zamanı qeyd olunan şərtlərdən iradə və iradə ifadəsinin qüsurlu şəkildə həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əqdin “iradə və iradə ifadəsindəki” qüsurların tərkib elementlərindən biri məhz həmin əqdin yalnız görünüş üçün mövcud olmasıdır. Məhkəmə hesab edir ki, məsələyə məhz qeyd olunan hallar əsasında yanaşdıqda Qalina Səfərova və Cavabdeh arasındakı alğı-satqı müqaviləsinin uydurma əqd olmasını müəyyən olunur. Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Sözügedən qanunvericilik normasının mənasına görə ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə eyni zamanda, hazırkı iş üzrə cavabdeh tərəfin vicdanlı alıcı olub-olması məsələsinə qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı şahid kimi dindirilmiş makler-X2 öz ifadəsində qeyd etsədə ki, qeyri-yaşayış sahəsi alınan zaman cavabdehə həmin qeyri-yaşayış sahəsini göstərmişdir, bu hal sözügedən şahid ifadəsindən başqa hər-hansı yanakı mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, sözügedən şahid məhkəmə iclasına məhz cavabdeh tərəfindən dəvət edilmişdir. Məhkəmə onu da qeyd edir ki, şahid ifadəsi yanakı mötəbər sübutlarla təsdiq edilsəydi belə, qeyri-yaşayış sahəsi ilə cavabdehi vizual tanış etmək həmin əmlaka dair alğısatqıdan irəli gələn əsas öhdəliyin yerinə yetirilməsi, yəni əmlakın alıcıya təhvil verilməsi kimi qəbul edilə bilməzdi. Əks halda bununla bağlı tərəflərin iradə ifadəsi hər-hansı hərəkətlərlə ifadə olunmalı idi. (məsələn:qeyri-yaşayış sahəsinin açarlarının cavabdehə təqdim edilməsi kimi) Beləliklə, məhkəmə müqavilənin etibarsızlığına dair qeyd etdiyi halları da nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh hazırkı mübahisə üzrə vicdanlı alıcı ola bilməz. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Beləliklə yuxarıda istinad edilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar