Məhkəmə qərarları › İş №2(011)-3996/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3996/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3996/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 01 dekabr 1987-ci il tarixdə Lerik rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin doğma bacısıdır. O, 01 dekabr 1987ci ildə Azərbaycan Respublikası Lerik rayonu Çayrud kəndində anadan olmuşdur. Bu barədə Çayrud kənd İcra Nümayəndəliyində 16 dekabr 1987-ci ildə doğum haqqında akt kitabında 78 nömrə ilə qeydiyyata alınsa da, bacısının qırx günü çıxmamış 10 yanvar 1988-ci il tarixdə qəflətən vəfat etmişdir. Ərizəçinin bacısı Lerik rayonu Çayrud kənd qəbristanlığında dəfn edilmişdir. O, vəfat etməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi ölümü təsdiq edən arayış olmadığından ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçinin mərhum atasından miras qalmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 72-də yerləşən evini və mülkiyyətində olmuş **- EA-*** qeydiyyat nişanlı “X12 Prado” minik avtompbilini qəbul və digər hərəkətlər etmək üçün ərizəçinin bacısının ölüm haqqında şəhadətnaməsinin olması vacibdir. Daha sonra ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, X1nın 10 yanvar 1988-ci ildə Lerik rayonu Çayrud kəndində dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Xətai rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, mərhum onun qardaşı qızı olmuşdur və 01 dekabr 1987-ci il tarixdə anadan olmuş, doğulandan bir neçə gün sonra vəfat etmişdir. X1 Lerik rayonu Çayrud kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, o, mərhumun əmisi olmuşdur. Mərhum 01 dekabr 1987-ci il tarixdə anadan olmuş, 10 yanvar 1988-ci il tarixində vəfat etmişdir. 2007-ci ilin mart ayının 9-da sudurqadan rəhmətə getmişdir. Vəfatından sonra Lerik rayonu Çayrud kənd qəbristanlığında dəfn olunmuşdur. İşin faktiki halları: İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 11 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X6 01 dekabr 1987-ci il tarixdə Lerik rayonu Çayrud kəndində anadan olmuşdur. O, ərizəçinin bacısı olmuşdur. Çayrud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, X6 10 yanvar 1988-ci il tarixdə vəfat etmiş və Lerik rayonu Çayrud kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi bacısının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 dekabr 1987-ci il tarixdə anadan olmuş X3 10 yanvar 1988-ci il tarixdə Lerik rayonu Çayrud kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 dekabr 1987-ci il tarixdə anadan olmuş X3 10 yanvar 1988-ci il tarixdə Lerik rayonu Çayrud kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar