Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4007/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvə düzəliş edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi” tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvə düzəliş edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi nənəsi X1 ölümünün akt qeydində “Süsənbər” sözünün “Müsənbər” kimi düzəliş edilərək yazılması və X1 adına “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeyd edilən Məcəllənin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göstərilən Məcəllənin 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 297 saylı, xx.xx.2000-ci il tarixli Fərmanına əsasən, həmin Məcəllənin 158.2, 159.2, 161.1, 161.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirirlər; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi ölüm haqqında qeyddə düzəliş edilməsi və ölüm şəhadətnaməsinin verilməsi barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, əgər belə müraciətindən imtina edilərsə, həmin imtinadan inzibati qaydada məhkəməyə şikayət edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizə ölüm haqqında qeyddə düzəliş edilməsi və ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı olduğundan, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.2.3-cü maddəsinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, ərizə geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi nənəsi X1 ölüm haqqında akt qeydində “Süsənbər” sözünün “Müsənbər” kimi düzəliş edilərək yazılması və X1 adına “ölüm haqqında şəhadətnamə”nin verilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Birbank” vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Ərizəçiyə müvafiq inzibati qurumun imtinası olduqda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4007/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4007/2025
15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver