Məhkəmə qərarları › İş №2(011)-4032/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4032/2024

09.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4032/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:

1. Ərizəçi 27 dekabr 2008-ci il tarixində Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur.

2. Ərizəçi 22 iyun 2017-ci il tarixində nikah pozulduqdan sonra aliment tələb etməmişdir. Hazırda maddi çətinliklərlə əlaqədar alimenin alınması zərurəti yaranmışdır.

3. Tərəflər arasında nikahın pozulması, uşağın ananın yanında saxllanılması və aliment məsələsinə dair xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması barədə razılığa gəlmişdir.

Ərizəçinin tələbi:

4. Maraqlı şəxs tərəfindən xx.xx.2009-cu il təvəllüdlü X1 fevral ayından başlamaqla hər ay qazancının (gəlirinin) ¼ hissəsi miqdarında alimentin Ərizəçi ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. xx.xx.2024-cü il tarixdə Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən xahiş etmişdir: Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 04 mart 2024-cü il tarixli Barışıq Sazişinin aşağıdakı bəndi bu məzmunda təsdiq edilsin: 2.1. “2.1-ci bəndi - ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment miqdarını birinci tərəf kimi çıxış edən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürür.”

Maraqlı şəxsin etirazı:

6. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə razı olduğunu bildirmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, 2016-cı ildən ayrılmışdırlar. O, həkim işlədiyi üçün əvvəllər alimentə ehtiyacı olmamışdır. Lakin hazırda maddi çətinlik çəkir. Maraqlı şəxs bir neçə dəfə müraciət etməsinə baxmayara o uşağın saxlanılmasına köməklik göstərməmişdir. Məhkəmədən ərizəsinin təmin olnmasını xahiş etmişdir.

8. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində məhkəməyə teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə razı olduğunu, məhkəmə prosesində iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-00377 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, 2.1 ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2009cu il təvəllüdlü X4 üçün hər ay qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment miqdarını birinci tərəf kimi çıxış edən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-296/2017 nömrəli xx.xx.2017-ci il tarixli Qətnaməsinə əsasən, Ərizəçi ilə Maraqlı şəxs arasında 27 dekabr 2008-ci il tarixdə Bakı Nikah Evində bağlanmış və 4517 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 anası Ərizəçi yanında qalması və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilməsi qət edilmişdir.

11. AZ-İİ 421000 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2009-cu il tarixli X3 anası Ərizəçi, atası Maraqlı şəxsdur.

12. AZ-İ 270255 nömrəli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Maraqlı şəxs Ərizəçi ilə olan nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 119 № ilə qeyd edilmişdir.

13. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 05Q/1732/70 №-li arayışa əsasən, Maraqlı şəxs və Ərizəçi nikahı haqqında 27 dekabr 2008-ci il tarixdə 4517 №-li akt qeydi tərtib olunmuşdur.

Tətbiq edilən hüquq: 14.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi: 17.Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

18. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-ci il tarixli Barışıq Sazişinin “2.1 ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment miqdarını birinci tərəf kimi çıxış edən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürür”; hissəsində məcburi icra üçün təsdiq edilməsidir.

19. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin qeyd edilən bəndinin təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 2.1-ci bəndinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs Səlimov X2 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişin qeyd edilən bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. 20.Beləliklə, məhkəmə Barışıq sazişinin “2.1-ci bəndi - ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment miqdarını birinci tərəf kimi çıxış edən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürür” hissəsi ilə bağlı hesab edir ki, ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri: 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 04 mart 2024-cü il tarixli Barışıq Sazişinin aşağıdakı bəndi bu məzmunda təsdiq edilsin: 2.1. “2.1-ci bəndi - ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment miqdarını birinci tərəf kimi çıxış edən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürür.”

3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar