Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4051/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə banka 43247,13 manat əsas borc, 3395,81 manat faiz borcu, 358,41 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 47001,35 manat məbləğində borcun, 231 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 98 kv.metr yaşayış, 72,80 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 98 kv.metr yaşayış, 72,80 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 98 kv.metr yaşayış, 72,80 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1 ünvanında yerləşən 98 kv.metr yaşayış, 72,80 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) “Lökbatan" filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-S-18-0- 212-14 saylı Əsas Kredit Müqaviləsinə əsasən Bank cavabdehə 60 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək 50000 manat məbləğində və yaxud kredit veriləcək gün həmin məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti açmağı öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-S-18-0-212-14 (İ) saylı Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 98 kv.metr yaşayış, 72,80 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Əsas kredit Müqaviləsi çərçivəsində Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli Əlavə kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 24 faizlə 50994 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-S-18-0-212-14 saylı Əsas Kredit Müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən kredit limitinin məbləği 50000 manat müəyyən edilmiş, kredit limitinin illik faiz dərəcəsi 3%-ə endirilmiş, kreditin qaytarılma müddəti xx.xx.2047-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-S-18-0-212-14 saylı Əlavə Kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən müqavilənin predmeti kapitallaşdırılmaqla və konvertasiya edilməklə 45047,13 manat müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2047-ci il tarixədək uzadılmış və kreditin illik faiz dərəcəsi 3 % müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli, 19-S-18-0-212-140 saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2019-cu il tarixli, 01 saylı Əlavə Sazişin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 98 kv.metr yaşayış, 72,80 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2022-ci il may ayının 13-dək Cavabdeh xx.xx.2014-cü il tarixli Əlavə Kredit müqaviləsi üzrə 43247,13 manat əsas, 3395,81 manat faiz və 1433,63 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 48076,57 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixli Əlavə Kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1433,63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 358,41 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC-nin “Lökbatan” filialı ilə Cavabdeh arasında 19-S-18-0-212-14 saylı xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" İKB ASC-nin “Lökbatan” filialı ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 98 kv.metr yaşayış, 72,80 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinə dair ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, "xxxx" İKB ASC-nin “Lökbatan” filialı ilə Cavabdeh arasında 19-S-18-0-212-14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 50994 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, 34 saylı fərdi yaşayış mənzili İddiaçı ASC-nin xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarından görünür ki, ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 40547,13 manat məbləğində əsas, 2938,75 manat məbləğində faiz, 31,51 manat cərimə borcu, cəmi 43517,39 manat borcu vardır. İşin materiallarında olan İddiaçı ASC tərərfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, o borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə və likvid qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə olunmuş və MMC-nin ünvan 1 ünvanında mülkiyyətdə olan 0.02098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 58000 manat olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" X4 Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit borcunun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin və cərimənin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər həyata keçirilmiş və iddiaçı tərəfindən təqdim edilmiş sonuncu, xx.xx.2022-ci il tarixə olan bankın maliyyə arayışına əsasən, cavabdehin əsas kredit borcu üzrə 40547,13 manat, faiz borcu üzrə 2938,75 manat, cərimə borcu üzrə 31,51 manat iddiaçıya borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, göstərilən borcun tutulması hissələrində iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixə yaranmış əsas, faiz və cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın 231 manat manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün dövlət rüsumu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin Cavabdeh məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, hazırda ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ünvan 1 ünvanında mülkiyyətdə olan 0,02098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpağın likvid qiyməti 58000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti satıldıqdan sonra mənzilin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə həmçinin iddia tələbinin “cavabdehin və digər şəxslərin qeyd olunan daşınmaz əmlaka istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın banka təhvil verilməsi”nə dair hissələrini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə əsassızdır. Belə ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yəni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. İpoteka qoyanın və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı cavabdehin mənzilə istifadə hüququnun itirilməsini tələb etməsi əsassızdır. Məhkəmə eyni zamanda iddia tələbinin "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən və götürdüyü borcu qaytarmadığından, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış müstəqil qiymətlədiricinin xərci olan 200 manat Cavabdeh tutulmalıdır. Belə ki, müstəqil qiymətlədiricinin hesabtdan göründüyü kimi, aparılmış hesabatın dəyəri 200 manat məbləğindədir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş qiymətləndirmə xərcinə daxil olan 200 manat cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2014-cü il tarixli əsas kredit müqaviləsi və 05 mart 2014-cü il tarixli əlavə kredit müqaviləsi ləğv edilsin. 40547,13 (qırx min beş yüz qırx yeddi manat on üç qəpik) manat məbləğində əsas borc, 2938,75 (iki min doqquz yüz otuz səkkiz manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu, 31,51 (otuz bir manat əlli bir qəpik) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 43517,39 (qırx üç min beş yüz on yeddi manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu, 231 (iki yüz otuz bir) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 15 (on beş) manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üçün ödənilmiş dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,02098 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 0,02098 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat məbləğində olmaqla, mənzil açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 43517,39 (qırx üç min beş yüz on yeddi manat otuz doqquz qəpik) manat məbləğində kredit borcu, 231 (iki yüz otuz bir) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 15 (on beş) manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının əvəzi İddiaçı ASC-nə ödənilsin. Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh qaytarılsın. ünvan 1 ünvanında yerləşən 0,02098 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən və torpaq sahəsindən çıxarılsın və mənzil və torpaq sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. 200 (iki yüz) manat məbləğində qiymətləndirmənin aparılması üçün xərcin dəyəri Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-4051/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4051/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver