Məhkəmə qərarları › İş №2(011)-4053/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4053/2022

16.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4053/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli 1326 К nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin rəhbərinin xx.xx.2017ci il tarixli 66 К №-li əmrinə əsasən cəmiyyətin idari işlər bölməsinə nəzarətçi vəzifəsinə işə götürülmüş və müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Cavabdehin baş direktorunun xx.xx.2022-ci il tarixli 1326 К №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 07:00 radələrində Nicat Zeynalov (“Xəzər mühafizə və təhlükəsizlik xidməti-A" MMC əməkdaşı) əmək fəaliyyətini yoxlamağa gəlmiş və yoxlama nəticəsində idarəyə ondan narazı olduğunu bildirmişdir. Bu səbəbdən də Cavabdeh1 MMCnin əsas idarəsinə çağırılmış, baş vermiş hadisə barədə danışdıqdan sonra heç bir təqsirinin olmadığı bildirilmiş və ertəsi gün adi qaydada işə getmişdir. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə işdən sonra saat 17:30 radələrində işədiyi ərazi üzrə sahə rəhbəri Rahib Talıbov ("xxxx" MMC əməkdaşı) ona zəng edərək bildirmişdir ki, “sən sabahdan işə gəlmə! Disiplin (yəni şirkət daxili araşdırma komissiyası) keçirilən günədək işə getməyəcəksən”. Onun bildirdiyinə görə şirkətin daxili araşdırma komissiyası araşdırma ilə bağlı qərarı verib. Rahib Talıbovun tabeliyində olduğundan və onun təlimatı əsasında işlədiyi üçün səhəri gün artıq işə çıxmamışdır. xx.xx.2022-ci il tarixində ƏƏSMN-nin X16 gedərək işə çıxmadığı və Cavabdeh1 MMC-yə aidiyyatı olmayan "xxxx" MMC-nin əməkdaşlar olan Nicat Zeynalov, Tural Hüseynov, Vüqar Qurbanov, Rahib Talıbov, Ramiq Əhmədov tərəfindən əsassız olaraq barəsində yoxlamanın aparıldığını bildirmişdr. Cavabdeh1 MMC ilə əmək müqaviləsi bağladığı üçün “Xəzər” Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-yə hansısa tabeçiliyinin olduğundan məlumatlı deyildi. Bütün bunları dəqiqləşdirmək üçün xx.xx.2022-ci il tarixində şirkətə yazılı müraciət ünvanlamışdır. DƏMXdən ona 4 ay sonra cavab verilmişdir. Hesab edir ki, həmin cavab şirkətin yol verdiyi qanun pozuntularının ört-basdır edilməsinə yönəlmişdir. Ona görə ki, nəyə görə "xxxx" MMC-nin əməkdaşları tərəfində yoxlanılmağına dair heç bir əsaslı cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00-da şirkətin daxili araşdırma komissiyasına çağrılmış və aparılmış yoxlama ilə bağlı sorğu-sual edilmişdir. Komissiya tərəfindən yol verdiyi pozuntuya görə töhmət veriləcəyi bildirilmişdir. Töhmətlə razılaşmadığını bildirərək məsələnin yenidən və obyektiv araşdırılmasını xahiş etmiş, lakin, qərarla razılaşması bildirilmiş və əks halda iş yerinin dəyişdiriləcəyi ilə hədələnmişdir. xx.xx.2022-ci tarixində iş yeri yaşadığı yerdən 35 km uzaq məsafədə olan Nəsimi 2 Cavabdeh1 mağazasına dəyişdirilmiş və qeyd edilmişdir ki, “əgər bir daha narazılıq etsən səni daha uzaqda yerləşən mağazalara göndərəcəyik”. Hesab edir ki, işəgötürən və onun vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe tutmuşlar. Ona görə ki, dəfələrə onlarla nahar etmək fasilənin verilməməsi və ya hər həftə əlavə bir növbə artıq işlərə cəlb edilməsi ilə bağlı mübahisələr etmiş, bundan sonra ona qarşı qərəzli mövqe tutmaqla təzyiqlərin başladığını hiss etmişdir. Məhz onların təzyiqləri nəticəsində işlədiyi ərazi ilə yaşadığı ünvan arasında 3 km məsafə olduğu halda təzyiq etmək məqsədi ilə iş yerini dəyişib 35 km uzaqda yerləşən Nəsimi 2 Cavabdeh1 mağazasına göndərdilər. Halbuki, yaxın məsafədə çox sayda (10) Cavabdeh1 mağazaları mövcuddur. İşdən çıxarılmasına əsl səbəb şirkət daxili araşdırma komissiyasında işəgötürən tərəfindən qeyriqanuni tələblərin mövcudluğu barədə söylədikləri olmuşdur. Bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç oir intizam tənbeh tədbiri almamışdır. Hətta iş zamani xəsarət aldiği zaman şirkətin mənafeyini üstün tutub, adı hallanib mənfi rəy gəlməsin deyə şikayət etməmiş və təzminat istəməmişdir. Öz əqidəsinə uyğun olaraq yaranmış bu vəziyyətdən sui-istifadə etməmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. İşdən azad olunmasının əsası kimi qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç)-bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. işəgötürən əmrdə işdən azad olunmasının əsası kimi nədənsə əmək vəzifələrinin kobud şəkildə pozulduğu halları özündə əks etdirən Məcəllənin 72-ci maddəsində sadalanan hallara deyil, səhvən Məcəllənin 71.2-ci maddəsinə istinad etmişdir. Əslində isə işəgötürən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmuşdur və bu elə əmrin məzmununda açıq şəkildə görünür. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhz bu halın özü əmrdə əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bununla bağlı bir daha qeyd etmək istəyir ki, heç bir səbəb olmadan işdən azad clmuşdur. Belə ki, işdən azad olunmamışdan əvvəl rəhbərlik tərəfindən hüquqları pozulmaqla qanunsuz olaraq təzyiq edilmiş və bütün bunlar onun DƏMX orqanlarına müraciətində öz əksini tapmışdır. Belə olan halda əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.3-cü maddəsinə əsasən, intizam tənbehi şəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir, işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin, töhmət veriləcəyi bildirilsə də, heç bir intizam tənbehinə dair qərarla tanış edilməmiş və surəti ona təqdim olunmamışdır. xx.xx.2022-ci il tarixli 1326 К №-li əmrdə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları haqqında heç bir əsaslandırma təsbit edilməmişdir. Fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzuna heç bir ziyan dəyməmişdir. Əmrdə kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işi (xidməti) yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında şəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda hansı məlumatların göstərilməsi təsbit olunmuşdur. Lakin, əmrdə işəgötürənin konkret hüquqi ünvanı göstərilməmiş və əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Məcəllənin 70-ci maddəsinin ç) bəndi göstərilsə də 72-ci maddədə göstərilən halların heç birinə istinad edilməmişdir. Cavabdeh1 MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri əsassızdır. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixində bağlanılmış əmək müqaviləsi əsasında “66K” nömrəli əmrlə Cavabdeh1 MMC-nin İdari İşlər bölməsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı bildirir ki, o, Rahib Talıbov adlı şəxsin tabelində olub, onun təlimatı əsasında işləyib. Odur ki, onun tapşırığı ilə xx.xx.2022-ci il tarixindən işə çıxmayıb. Daha sonra qeyd edir ki, xx.xx.2022-ci il tarixində ƏƏSMN-nin X16 şikayət edərək, "xxxx" MMCyə hansısa tabelçiliyinin olduğundan xəbərsiz olub. Niyə və hansı əsaslarla onu yoxladıqlarını, Cavabdeh1 MMC ilə əmək müqaviləsi bağladığına baxmayaraq digər bir MMC-nin tabeçiliyində işlədiyini anlamır. Bununla bağlı qeyd etmək istərdi ki, Rahib Talıbov "xxxx" MMC-də sahə rəisi vəzifəsində çalışır. Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli 12(N)/2021 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Müqaviləyə görə, Cavabdeh1 MMC-də mühafizənin düzgün təşkil olunması məqsədi ilə qarşılıqlı razılıq əsasında 2 sahə rəisi və 2 növbə inspektoru "xxxx" MMC tərəfindən təmin edilmişdir. Həmin sahə rəislərindən biri Rahib Talıbovdur. İddia ərizəsində adı çəkilən Nicat Zeynalov "xxxx" MMC-də Mühafizə kameraları və təhlükəsizlik sistemləri üzrə İnspektor olaraq əsas vəzifəsi müvafiq ərazi üzrə Cavabdeh1 mağazalarında nəzarətçilərin fəaliyyətinə nəzarət etməkdir. İddiaçının fevral ayında çalışdığı Hövsan MİDA Cavabdeh1 mağazasındakı nəzarətçilərin və mühafizənin təşkilinə nəzarəti bir növ audit qismində Nicat Zeynalov icra etmişdir. Bu baxımdan iddiaçının bildirdiyi heç bir qanunsuzluq mövcud olmamışdır. İddiaçı rəhbərliyin qanuni təlimatlarını yerinə yetirmədiyi və üst rəhbərlərinə qarşı subordinasiya qaydalarına riayət etmədiyi və onlarla kobud rəftar etdiyi üçün Cavabdeh1 MMC-nin İdari İşlər şöbə müdiri tərəfindən MMC-nin baş direktoruna xx.xx.2022-ci il tarixində xidməti məlumat verilmişdir. Bunun əsasında İddiaçı xx.xx.2022-ci il tarixli “34T” nömrəli əmrlə Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət tətbiq olunmuşdur. İddiaçı həmin əmrə imza çəkməmiş və əmrin surətini almaqdan imtina etmişdir, bununla bağlı xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. Həmin intizam tənbehindən sonra iddiaçının iş yerinin dəyişdirilməsinin isə hadisə ilə əlaqəsi olmayıb. Belə ki, Cavabdeh1 mağazalarında bütün personalların iş yerləri mütəmadi olaraq müəyyən müddətdən bir dəyişdirilir. Bunun məqsədi mağazada çalışan personalların fəaliyyətinin inkişafı, baş verə biləcək neqativ hallann qarşısının alınmasıdır. İddiaçıya töhmət verildikdən bir müddət sonra, xx.xx.2022-ci il tarixində iddiaçı vəzifə öhdəliklərini yerinə yetirməyərək çalışdığı Nəsimi-2 mağazasnda mal qəbul otağını və anbar sahəsini nəzarətsiz qoyaraq həmin ərazini tərk edərək, uzun bir müddət telefonla danışmış və mağazaya gətirilən məhsullara, həmçinin işçilərə nəzarət etməyərək əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Həmin hadisə ilə bağlı Cavabdeh1 MMC-nin Mühafizə və Təhlükəsizliyə nəzarət şöbəsinin müdiri Tural Hüseynov ona yaxınlaşaraq şifahi şəkildə iradını bildirsə də, iddiaçı bu dəfə də vəzifə səlahiyyətlərini aşaraq, subordinasiya qaylarını gözləmədən onunla kobud şəkildə rəftar edərək açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. İddiaçı artıq heç bir xəbərdarlıq və intizam tənbehlərinə məhələ qoymaması, rəhbər şəxslərlə çox kobud şəkildə davranış sərgiləməsi və mağazada olan digər işçilərə mənfi örnək olması nəzərə alınaraq, Cavabdeh1 MMC-nin İdari işlər şöbə müdiri Mərdan Rzayev tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı barəsində MMC-nin baş direktoruna xidmət məlumat təqdim edilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh1 MMCnin Həmkarlar İttifaqı Komitəsinin X10 ilə MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli təqdimatı Həmkarlar İttifaqının gündəliyində baxılmış və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini rəhbər tutaraq xitam verilməsi uyğun hesab edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 1326K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək; Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna) görə işdən azad edilmişdir. Əlavə olaraq, iddiaçının iddia ərizəsində nahar fasiləsinin verilməməsi, iş yerində xəsarət alması, işlədiyi müddət ərzində heç bir tənbeh tətbiq edilmədiyini iddia etsə də, həmin məsələləri sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Həmin hallar MMC tərəfindən, həmçinin X25 tərəfindən araşdırılmış və iddiaçının tələblərinin əsassız olduğu təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, iddiaçı ilə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində keçirilən mediasiya sessiyasında Cavabdeh1 MMC humanizm nöqteyi nəzərdən çıxış edərək, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin dəyişdirilməsi ilə əlaqədar barışıq sazişinin bağlanılması ilə bağlı razılığa gəlinsə də, iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh1 MMC-nin baş ofisində hörmətsizlik nümayiş etdirərək, yekun danışıqlardan boyun qaçırmışdır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə görə, işçi əmək funksiyasım tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, X3nı pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; d) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İddiaçı ona verilmiş xx.xx.2022-ci il tarixli intizam tənbeh tədbirindən (töhmət) dərs çıxarmayaraq 6 ay ərzində yenidən intizam xətasına yol vermişdir. Növbəti intizam xətasına görə Məcəllənin 186-cı maddəsinin 1-ci bəndinin “ç” yanmbəndinə əsasən intizam tənbehi qismində iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində işdən azad olunmağının əsası kimi Məcəllənin 72-ci maddəsində sadalanan hallara deyil, səhvən Əmək Məcəlləsinin 71.2-ci maddəsinə istinad edildiyini, əslində isə işəgötürənin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozduğunu qeyd etmişdir. Halbuki, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 1326 К nömrəli əmrdə ümumiyyətlə Əmək Məcəlləsinin 71-ci maddəsini 2-ci hissəsinə istinad yoxdur. Həmin maddənin tələblərinə isə tam şəkildə əməl olunmuşdur. İddiaçıya münasibətdə əmək münasibətləri çərçivəsində iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə, Cavabdeh1 Nəsimi-2 mağazasında əmək və icra intizamının normal iş ahəngi pozulmuşdur. Belə ki, iddiaçının əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində onunla rəhbəri Tural Hüseynov arasında münaqişə yaranmış, iddiaçı tərəfindən Tural Hüseynova digər personalların müşahidə edə biləcəyi şəraitdə kobud rəftar edilmiş, nəticədə mağazada olan digər personallara çox mənfi nümunə olmuş, digər işçilərin də oxşar hərəkətlərə yol verməsinə şərait yaratmışdır. İşinə olan etinasızlığı, səhlənkarlığı digər işçilər üçün də neqativ təsir oyatmışdır. Bununla bağlı iddiaçı əmrdə heç bir əsaslandırmaya yol verilmədiyini iddia etsə də, əmrdə “Əsas” bölməsində “işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qəran, HİK-nin tərtib etdiyi akt göstərilmişdir. Həmin sənədlərdə yazılan məlumatların təkrarın əmrə yazılmasına heç bir ehtiyac yoxdur. İddiaçı ərizəsində qeyd edir ki, intizam tənbehi əmri ilə tanış edilməmişdir və surəti ona təqdim edilməmişdir. Halbuki, iddiaçıya xx.xx.2022-ci il tarixində intizam tənbehi elan edilmiş, bu barədə əmrin surəti təqdim edilmişdir. Lakin iddiaçı həmin əmrə imza çəkməmiş və əmrin surətini almaqdan imtina etmişdir, Bununla bağlı xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. Yuxanda qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq çıxışında göstərdi ki, HİK-nin iclası keçirilməmiş, iclas protokolu isə formal olaraq tərtib edilmişdir. Barəsində iclas keçirilən X5 iclasın keçirilməsindən xəbərsiz olmuşdur. İclas protokolunda qeyd edilir ki, İddiaçı HİK-nin yığıncağında iştirak etməkdən imtina etmişdir. Lakin, İddiaçı belə bir iclasın keçirilməsi barədə heç bir məlumatı olmamışdır. Belə ki, HİK tərəfindən iclasın keçiriləcəyi, iclasda İddiaçı vəzifə öhdəliyini yerinə yetirməməsi və rəhbər şəxslərlə kobud şəkildə davranışı ilə bağlı məsələnin müzakirə ediləcəyi barədə İddiaçı heç bir bildiriş və məlumat verilməmişdir. Bunlar isə öz növbəsində HİK-nin yığıncağının keçirilmədiyini və iclas protokolunun sonradan formal olaraq tərtib edildiyini göstərir. HİK-in iclası xx.xx.2022-ci il tarixdə keçirilmiş, elə həmin gündə də 1326K nömrəli intizam tənbehi əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. HİK-in iclasının keçirilməsi, iclas protokolunun hazırlanması və işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin eyni gündə verilməsi həmin protokolun və əmrlərin qanunazidd formada tərtib edildiyi göstərir. Cavabdeh1 MMC-nin X4 xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 17.4-cü bəndində göstərilir ki, işçilərə intizam tənbehinin verilməsi məsələsi ümumi yığıncaqda müzakirə edilən məsələlərə daxil deyil. Lakin, cavabdeh tərəfindən verilmiş etirazın 3-cü səhifəsinin 1-ci abzasında göstərilir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-nin Həmkarlar İttifaqı Komitəsinin X10 ilə MMC-nin baş direktorunun təqdimatına baxılmış və iddiaçı ilə əmək müqaviləsinin xitam verilməsinə HİK razılıq vermişdir. Belə olan halda, işçiyə intizam tənbehinin verilməsi HİK-in razılığının alınması zamanı HİK-in Ümumi yığıncağı keçirilə bilməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X22 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Cavabdeh1 MMC-nin Qaradağ filialında nəzarətçi işləyir. Problemlər təzə rəhbərlik gələndən sonra başlanmışdır. Əvvəllər yaşadıqları əraziyə yaxın mağazalarda işləyə bilirdilər. 3 ay yarımdır ki, işə getmək üçün 1 saat yarım vaxt sərf edir. Sücəddini intizamlı işçi kimi tanıyır. Əvvəllər barəsində heç bir narazılıq eşitməmişdir. Tural bəylə mübahisələri mal qəbulu üstündə olmuşdur. Bazarstorun rəhbərliyi işçiləri qəsdən uzaqda yerləşən mağazalara göndərirlər ki, işçilər bezib işdən çıxsınlar. Eyni filialda işləməyiblər. Tural bəylə aralarındakı mübahisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, iddiaçını 2022-ci ilin yanvar ayında yoxlama zamanı tanımışdır. Xəzər filialında işləyir. Bütün Cavabdeh1 mağazalarında mühafizəçiləri yoxlayır. Hövsan filialına əvvəlcədən gəlmiş və iddiaçının yerinə yetirmədiyi işləri görmüşdür. İddiaçı 07:00-da işə gəlmiş və ondan kim olduğunu soruşmuşdur. Kim olduğunu bildirdikdən sonra davranış qaydaları düzgün olmamışdır. İddiaçı nöqsanlarını deməyə imkan verməmiş, ona başqa yerin işçisi olduğunu bildirmişdir. Buna görə xidməti yoxlamanı dayandırmış və raport vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, Cavabdeh1 MMC-də təhlükəsizliyə nəzarət şöbəsində işləyir. İddiaçını bu ilin fevral ayından tanıyır. Xidmətində uyğunsuzluqlar olmuşdur. Belə ki, mağazanı kontrol etdiyi zaman iddiaçı iş yerində olmadığını və telefonla danışdığını görmüş, şəklini çəkmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il taixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Cəmiyyətin İdari İşlər bölməsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən işçinin əmək haqqı 160 manat, iş vaxtı saat 09:00-dan saat 21:00-dək, nahar vaxtı saat 14:00-dan saat 16:00-dək müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il taixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Cəmiyyətin İdari İşlər şöbəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən: 4.1. İşçiyə hər ay 432 manat əmək haqqı ödənilir; 4.17. İşçinin iş saatları gündə 7 saatdan çox olmamaqla növbə cədvəlləri əsasında təyin edilir; 4.20. İşçiyə hər iş günündə iş başlayandan 4 saat sonra 2 saat istirahət və yemək fasiləsi verilir müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş MMC-nin idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı barəsində giriş-çıxış raportunun surətindən görünür ki, işçinin iş vaxtı növbəli olmaqla, müxtəlif vaxtlarda başlayır və qurtarır. İddiaçının işdən azad edilməsinə səbəb olmuş xx.xx.2022-ci il tarixli aktın tərtib edildiyi gün üçün giriş-çıxış raportu məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, iddiaçının əmək haqqı hər ay 432 manat vəzifə maaşından və 186,08 manat əlavədən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, iddiaçının əmək haqqı hər ay 432 manat vəzifə maaşından və 195,29 manat əlavədən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “X3”na əsasən, əmək qanunvericiliyinə, əmək müqaviləsinə və Müəssisənin fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq, işçilərin aşağıdakı vəzifələri vardır, o cümlədən: 5.2. Əmək intizamına və X3na əməl etmək; 5.6. İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, davranışda nəzakətli olmaq; 5.7. Tabelik münasibətlərini pozan hərəkətlərdən çəkinmək, vəzifə funksiyalarına aid tapşırıqlara etiraz etməmək və yerinə yetirmək, Müəssisə rəhbərliyinə iş fəaliyyəti ilə bağlı düzgün olmayan məlumatlar verməmək və s. Müəssisənin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq işçilər tərəfindən aşağıdakı hərəkətlərin edilməsi qadağandır: 6.17. Qanun, əsasnamə, qərar və əmrlərə uyğun olaraq rəhbərlik tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmək, yerıne yetirdiyi əmək funksiyasının qaydalarına əməl etməmək, vəzifələrin icrasına etinasızlıq göstərmək və ya yersiz hərəkətlərə yol vermək; 6.20. Müdiriyyətə qarşı etinasızlıq göstərmək, iş yoldaşları ilə yola getməmək, işçilərin şərəf və ləyaqətinə toxunan hərəkətlər etmək, müəssisə daxilində mübahisə, çaxnaşma və ya qarışıqlıq yaratmaq; 1.33. Qurumun iş ahəngini və ya iş rejimini pozmaq və s. İş materiallarına əlavə olunmuş “Nəzarətçinin vəzifə təlimatı”nın 8-ci bəndinə əsasən nəzarətçinin aşağıdakı vəzifələri vardır, o cümlədən:

1. Sahə rəisinin tabeçiliyi altında təlimatı həyata keçirmək;

2. Tabe olduğu məsul şəxslərə və Yoxlama əməkdaşlarına özünü təqdim edərək düzgün məruzənin edilməsi;

5. Mağazanın giriş-çıxışında, mağaza daxilində patrul və mal qəbul şöbəsində xidmət aparmaq;

6. Mağazada çalışan bütün işçilərlə yalnız iş münasibətində olaraq ciddiyyətini qorumaq;

7. 3-4 ayda bir mağazalar arası xidmət yerdəyişimi etmək;

9. Mağazaya gələn və iş sonunda mağazadan çıxan işçilərin yoxlanmasını həyata keçirmək və s. İş materiallarında olan, "xxxx" MMC-nin İdari işlər şöbəsində şöbə müdiri vəzifəsində işləyən X17, idari işlər şöbəsində inzibati işlər üzrə baş mütəxəssis vəzifəsində işləyən X12, pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən X24, insan resursları departamentinin əməliyyat bölməsinin rəhbəri X27 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, MMC-nin idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı vəzifə öhdəliklərini yerinə yetirən zaman subordinasiya qaydalarına riayət etmir. Belə ki, nəzarətçi mağazaya gələn şirkət nümayəndəsi ilə kobud şəkildə və əl-qol hərəkətləri ilə danışaraq aşkar hörmətsizlik nümayiş etdirmiş, məsələnin araşdırılması üçün insan resursları departamentinə göndərildikdə belə eyni formada davranışı davam etdirmiş və hadisə ilə bağlı izahat yazmaqdan kobud formada boyun qaçırmışdır. İş materiallarında olan "xxxx" MMC-nin İdari işlər şöbə müdiri X17 tərəfindən Baş direktor X29 ünvanlanmış xx.xx.2022-ci il tarixli Xidməti məlumatın surətindən görünür ki, İdari işlər şöbəsində nəzarətçi vəzifəsində çalışan İddiaçı Ələddin oğlunun rəhbərliyin qanuni təlimatlarını yerinə yetirməkdən boyun qaçırdığı, üst rəhbərlərinə münasibətdə subordinasiya qaydalarına riayət etmədiyi və onlarla kobud rəftar etdiyi göstərdiyinə dair direktora məlumat verilmiş və müvafiq tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Baş direktorunun xx.xx.2022-ci il tarixli “34T” nömrəli əmrinin surətindən görünür ki, rəhbərliyin qanuni təlimatlarını yerinə yetirməkdən boyun qaçırdığına, üst rəhbərlərinə münasibətdə subordinasiya qaydalarına riayət etmədiyinə və onlarla kobud rəftar etdiyinə, nəticədə müəssisə daxili iş ahəngi və daxili nizam-intizam qaydaları kobud şəkildə pozulduğuna görə İdari işlər şöbəsində nəzarətçi vəzifəsində çalışan İddiaçı Ələddin oğluna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (əmək funksiyasının qaydalarını pozduğuna görə) töhmət verilmiş, əmək intizamı və X3na əməl edilməsində əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan, "xxxx" MMC-nin İdari işlər şöbəsində şöbə müdiri vəzifəsində işləyən X17, idari işlər şöbəsində inzibati işlər üzrə baş mütəxəssis vəzifəsində işləyən X12, insan resursları departamentinin əməliyyat bölməsinin rəhbəri X27 və insan resursları departamentinin əmək haqqı və proseslərin idarə edilməsi bölməsində insan resursları üzrə mütəxəssis vəzifəsində işləyən X9 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, MMC-nin idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixli, 34T nömrəli əmrlə ona verilən intizam tənbehi barədə məlumatlandırılmışdır. İddiaçı intizam tənbehinin verilməsi haqqında əmrin nüsxəsini imzalayıb təhvil almaqdan imtina etmişdir. İş materiallarında olan, "xxxx" MMC-nin Təhlükəsizliyə nəzarət şöbəsində şöbə müdiri vəzifəsində işləyən X18, idari işlər şöbəsində şöbə müdiri vəzifəsində işləyən X17, idari işlər şöbəsində inzibati işlər üzrə baş mütəxəssis vəzifəsində işləyən X12 və pərakəndə satış departamentində satıcı (meyvə-tərəvəz) vəzifəsində işləyən X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixində vəzifə öhdəliyini yerinə yetirməyərək mal qəbul otağını və anbarı nəzarətsiz qoymuş, uzun bir müddət telefon ilə danışmış həmçinin, mağazanı tərk edən işçiləri və qəbul edilən malları yoxlamamışdır. Bu halı təsbit edən Təhlükəsizliyə nəzarət şöbəsinin müdiri Tural Hüseynov ona öz iradını bildirsə də, İddiaçı bu dəfə də vəzifə səlahiyyətlərini və subordinasiya qaydalarını ciddi şəkildə pozaraq tabesizlik göstərmiş və Tural Hüseynovla çox kobud şəkildə danışmışdır. İddiaçı artıq heç bir xəbərdarlıq və intizam tənbehlərinə məhəl qoymur, rəhbər şəxslərlə çox kobud şəkildə davranış sərgiləyir və mağazada olan digər bütün işçilərə çox mənfi nümunə olur. İş materiallarında olan "xxxx" MMC-nin İdari işlər şöbə müdiri X17 tərəfindən Baş direktor X29 ünvanlanmış xx.xx.2022-ci il tarixli Xidməti məlumatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli aktda göstərilən hallarla bağlı Baş direktora məlumat verilmiş və müvafiq tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Baş Direktoru Burhan Yasin Sevahil tərəfindən MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatın surətindən görünür ki, Cəmiyyətin direktoru idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin tələblərini pozması səbəbi ilə 70-ci maddənin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli X10nun surətindən görünür ki, idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı məsələyə baxılmış, Komitə tərəfindən xx.xx.2022-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X2, Həmkarlar İttifaqı Komitəsinin üzvləri X14, X7, X19, X28 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, MMC-nin idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli 1326 К nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin İdari İşlər bölməsinin nəzarətçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsi əmr olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş video görüntülərə baxış keçirilərkən müəyyən olunur ki, birinci epizodda İddiaçı 19.4.2022-ci il tarixdə saat 15:17-də mağazanı tərk etmiş, 2 dəqiqə sonra isə, saat 15:19-da mağazaya qayıtmışdır. İkinci epizodda İddiaçı mağazaya qayıtdıqdan sonra qısa müddət ərzində daxil olmuş malların yerləşdirilməsi ilə məşğul olduğu görünür, onun X15 tabesizlik göstərməsi və onunla çox kobud şəkildə danışması, həmçinin, həmin halların digər işçilər tərəfindən müşahidə olunması müəyyən edilmir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı Cəmiyyətin İdari İşlər bölməsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə isə onun bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən normalardan da göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsi ilə məhdudlaşdırılmaqla, daha da konkretləşdirilmişdir. Belə ki, əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə görə, işçi əmək funksiyasım tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, X3nı pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; d) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü bəndinə görə, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konkret mübahisəyə gəldikdə, cavabdeh etirazının dəlili kimi bildirir ki, iddiaçıya töhmət verildikdən bir müddət sonra, xx.xx.2022-ci il tarixində iddiaçı vəzifə öhdəliklərini yerinə yetirməyərək çalışdığı Nəsimi-2 mağazasında mal qəbul otağını və anbar sahəsini nəzarətsiz qoyaraq həmin ərazini tərk edərək, uzun bir müddət telefonla danışmış və mağazaya gətirilən məhsullara, həmçinin işçilərə nəzarət etməyərək əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Əmək münasibətləri çərçivəsində iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə, Cavabdeh1 Nəsimi-2 mağazasında əmək və icra intizamının normal iş ahəngi pozulmuşdur. İddiaçının əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində onunla rəhbəri Tural Hüseynov arasında münaqişə yaranmış, iddiaçı tərəfindən Tural Hüseynova digər personalların müşahidə edə biləcəyi şəraitdə kobud rəftar edilmiş, nəticədə mağazada olan digər personallara çox mənfi nümunə olmuş, digər işçilərin də oxşar hərəkətlərə yol verməsinə şərait yaratmışdır. İşinə olan etinasızlığı, səhlənkarlığı digər işçilər üçün də neqativ təsir oyatmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh yuxarıda qeyd edildiyi kimi istinad etdiyi hallara dair sübutlar təqdim edə bilməmişdir. Digər bir tərəfdən, işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir. İşəgötürən olan cavabdeh iddiaçının 2017-ci ildən Cəmiyyətdə qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Habuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki Cəmiyyətin İdari İşlər şöbəsinə nəzarətçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair Cavabdeh1 MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli 1326 К saylı əmri ləğv edilməli, iddiaçı işinə bərpa edilməli və ona işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh1 MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli 1326 К nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh1 MMC-nin İdari İşlər şöbəsinə nəzarətçi vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar