Məhkəmə qərarları › İş №2(011)-4134/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4134/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4134/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X3 xx.xx.1968-ci ildə anadan olmuşdur. X3 dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X5 Stansiyası çağırılmış, xəstənin vəziyyəti barədə xəbərdar edilmişdir. Lakin, Təcili və X5 Stansiyası gəldikdə ərizəçinin atası artıq dünyasını dəyişmişdir. Buna görə də Təcili və X6 Stansiyasının 10 saylı təcili yardım briqadası tərəfindən ərizəçinin atası X2 xx.xx.2022-ci il tarixində ölməsinə dair ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi yaxın qohumları ilə birlikdə mərhum atası X3 xx.xx.2022-ci il tarixində Şamaxı rayonu Çarhan kənd qəbirisitanlığında dəfn edilmişdir. Həmin qəbirisitanlıqdan təqdim edilmiş arayış ərizəyə əlavə edilmişdir. Ərizəçi atasının dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Buna görə də ərizəçi “Bakı Baş Səhiyyə Mərkəzi” 29 nömrəli birləşmiş şəhər poliklinikasına müraciət etsə də xx.xx.2023-cü il tarixli, 62 saylı cavaba əsasən, mərhum atası X3 xəstəliklə əlaqədar 29 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi və ambulator kartı olmadığı üçün xx.xx.1968-ci il təvəllüdlü X1nun ölümü haqqında sənəd (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra, ərizəçinin xx.xx.1968-ci il təvəllüdlü atası X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün 6 saylı Bakı “Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin 25 aprel 2023cü il 3-16-5/8- 15/906/2023 saylı cavaba əsasən, 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Ərizəçinin mərhum atası X2 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Belə ki, sənədləşdirmə işləri aparılması zamanı, sözü gedən hüquqmüəyyəncdici sənəd tələb edilir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Xətai rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, mərhum onun xalası oğlu olmuşdur və xx.xx.2022-ci il tarixində Şamaxı rayonu Çarhan kənd qəbirisitanlığında dəfn edilmişdir. Yas mərasimi Binə kəndində öz həyətlərində olmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 öz izahatında bildirdi ki, mərhum onun bibisi oğlu olmuşdur. X1 insult keçirmişdir. xx.xx.2022-ci il tarixində Şamaxı rayonu Çarhan kənd qəbirisitanlığında dəfn edilmişdir. X2 yas mərasimi Binə kəndində keçirilmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X3 06 may 1968-ci il tarixdə anadan olmuşdur. O, ərizəçinin atası olmuşdur. Təcili və X5 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06 may 1968-ci il tarixdə anadan olmuş X2 15 sentyabr 2022-ci il tarixdə Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 may 1968-ci il tarixdə anadan olmuş X2 15 sentyabr 2022-ci il tarixdə Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar