Məhkəmə qərarları › İş №2(011)-4180/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4180/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4180/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin halları:

1. İşin iddia ərizəsində göstərilən faktiki hallarına görə, ərizəçinin oğlu X12 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur və xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Mərhum X2 rayon Mollaçıbinə kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.

2. Hal-hazırda onun adı ailə tərkibindədir. Mərhumun adının ailə tərkibindən çıxarılmasına görə ərizəçiyə ölüm şəhadətnaməsi lazım olduğu üçün o 4 nömrəli Uşaq Poliklinikasına müraciət etmişdir. Lakin həmin müəssisədə ərizəçiyə ölüm şəhadətnaməsi təqdim edilməmişdir.

Ərizəçinin tələbi:

3. Ərizəçi xx.xx.1992-ci il təvəllüdlü oğlu X7 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, X3 onun oğludur və o iflic idi. Həmçinin ərizəçi qeyd etmişdir ki, mərhumun adı ailə tərkibi haqqında arayışda çıxdı və ona bildirdilər ki, bu problem yarada bilər. Belə ki, onlar hal-hazırda yataqxanada yaşayırlar və onu özəlləşdirmək istəyirlər, mərhumun ailə tərkibində qalması isə buna maneə törədir. Buna görə də X7 ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.

6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-875 saylı məktub ünvanlayaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. X1 izahat verərək bildirdi ki, o məhrumun atasıdır və X12 anadan olduğu vaxtdan etibarən xəstə idi. X5 işdən evə gəldiyi zaman yoldaşının səsini eşitmiş və oğlunun artıq vəfat etdiyini görmüşdür. Həmçinin o qeyd etmişdir ki, onlar hal-hazırda yataqxanada yaşayırlar və onu özəlləşdirmək istəyirlər, mərhumun ailə tərkibində qalması isə buna maneə törədir.

8. X4 izahat verərək bildirdi ki, o mərhumla qonşudur, X12 xəstə idi. Həmçinin o öz izahatında qeyd etmişdir ki, X8 ölmüş vəziyyətdə görmüş, lakin dəfndə iştirak etməmişdir.

9. X6 izahat verərək bildirdi ki, o mərhumla qonşudur, X12 vəfat edən zaman səsi eşidib getmiş və onu ölü vəziyyətdə görmüşdür.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. İV ЖГ № 446949 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X5 və Ərizəçi xx.xx.1988-ci il tarixində nikah münasibətlərinə dail olmuşdurlar və bu barədə 684 nömrəli akt qeydi aparılmışdır;

11. XVİİ ЖГ № 302063 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, X7 atası X5, anası Ərizəçidır;

12. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-15- 228-5/23 saylı məktubuna əsasən, Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir;

13. Balakən rayonu Püştətala bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışa əsasən, X12 xx.xx.1995-ci il tarixində vəfat etmiş və Püştətala kəndinin ərazisində Mollaçıbinə kənd qəbiristanlığında dəfn edilmişdir;

14. Bakı şəhəri Baş Səhiyyə Mərkəzi X21 4 nömrəli Uşaq poliklinikasının Baş həkimi X9 tərəfindən verilən xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, təmir səbəbindən poliklinikada 1990-cı illərin arxivi saxlanılmadığı, ölüm hadisəsi xəstəxanada qeydə alındığı üçün poliklinikaya müraciət olunmadığı və ölüm kağızı poliklinikaya təqdim edilmədiyi və bu səbəbdən ölüm hadisəsi barədə heç bir sənəd təqdim etməyin mümkün olmadığı qeyd olunmuşdur.

15. Bakı şəhəri Baş Səhiyyə Mərkəzi X21 4 nömrəli Uşaq poliklinikasının Baş həkimi X9 tərəfindən verilmiş cavab məktubuna əsasən, Ərizəçi xx.xx.1992-ci il təvəllüdlü övladı X12, valideynin sözlərinə görə Cavanşir küçəsi 21a mənzil 414 ünvanından 4 nömrəli Uşaq poliklinikasında tibbi qeydiyyatda olub. Məlumata əsasən, uşaq xx.xx.1995-ci il tarixdə xəstəxana şəraitində vəfat etmişdir. Ölüm hadisəsi xəstəxanada qeydə alındığından poliklinikaya müraciət edilməyib və ölüm kağızı təqdim edilməyib. Bu səbəbdən ölüm hadisəsi barədə hər hansısa sənəd təqdim etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

19. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

21. Belə ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və müvafiq qeydiyyat şöbəsinin X7 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X7 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X7 xx.xx.1995-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir.

22. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də X7 xx.xx.1995-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş X7 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.

3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar