Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4215/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 may 2022-ci il tarixdə vəfat etmiş 02 noyabr 1966-cı il təvəllüdlü mərhum qardaşı X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən müddəadan göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi qardaşının ölüm şəhadətnaməsinin verilməsi üçün 38 nömrəli şəhər poliklinikasına müraciət etmiş, ona ölüm haqqında sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1, 4.2 və 4.3-cü bəndlərində qeyd edilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir..... Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qeyd edilən müddəalarda şəxsin ölümündən sonra hansı hərəkətlərin edilməsi ardıcıllığı göstərilmişdir. Ölümün qeydə alınması əvvəlcə (kənd və qəsəbə istisna olmaqla) Təcili və X2 Stansiyasının (TTTYS) həkiminin ölüm hadisəsini təsdiq etməklə bu barədə “Xəbərdarlıq vərəqəsi”nin verilməsi ilə aparılır. “Xəbərdarlıq vərəqəsi” isə ölmüş şəxs barədə ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün əsasdır. Yəni, ölmüş şəxsin yaxınları qanunla müəyyən edilmiş qaydada doldurulmuş “Xəbərdarlıq vərəqəsi”ni ölmüş şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə təqdim edərək “ölüm haqqında tibbi şəhadətnamə”ni tələb etməlidir. Sözügedən Qaydaların 5.3-cü bəndində də göstərilir ki, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X2 Stansiyasının 25 may 2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin gün saat 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Kiçik qala 2 X1 meyiti (həkimə qədər ölüm) aşkar edilmişdir. Daha sonra ərizəçi qardaşının ölüm şəhadətnaməsinin verilməsi üçün 38 nömrəli şəhər poliklinikasına müraciət etmiş, ona ölüm haqqında sənədin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, ərizəçi Ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə “ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün ölmüş şəxsin qeydiyyatda olduğu ərazi üzrə ambulator tibb müəssisəsinə müraciət etmiş, ambulator tibb müəssisəsi tərəfindən imtina edilmişdir. İşin hazırkı halında ambulator tibb müəssisəsi tərəfindən imtina edildiyi üçün, ərizəçi inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir..... Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmçinin, həmin Plenum Qərarının 1.6-cı bəndində qeyd edilir ki, Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçinin qardaşı barədə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün ölən şəxsin qeydiyyatda olduğu ərazi üzrə ambulator tibb müəssisəsində şəhadətnamənin verilməsindən imtina edildiyi üçün ərizəçi inzibati icraat qaydasında iddia qaldırmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçinin “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi”nə dair ərizəsinin qəbulundan imtina edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268ci maddəsini rəhbər tutaraq, qərara aldı: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4215/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4215/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver