Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4291/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 24 aprel 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilməlidir. Belə ki, ərizədən və iş materiallarından görünür ki, tələb, şəxsin ölüm faktının müəyyən edilməsi barədədir, ərizəçi tərəfindən ölümün qeydə alınması məqsədilə maraqlı şəxsə (6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinə) müraciət edilmiş, maraqlı şəxs tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina edilmişdir. Həmçinin ərizəçi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müvafiq tibb müəssisəsinə (6 nömrəli şəhər poliklinikasına) müraciət edilmiş, tibb müəssisəsi tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçi, hazırki tələb ilə (ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunduğundan) tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında məhkəməyə müraciət etməli olduğu halda, ərizə ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etdiyindən onun icraata qəbul edilərək baxlması mümkün deyil və ona görə də ərizənin qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi tələbinə” dair iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4291/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4291/2022
13.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver