Məhkəmə qərarları › İş №2(011)-4371/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4371/2021

29.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4371/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehlərin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “əqdin etibarsız hesab edilməsi, çıxarışın etibarsız hesab edilməsi, mənzilin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilərək ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, mənzil 12-yə çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının doğma qızıdır. İddiaçı 06 noyabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzili 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı dövlət notariat ofisində bağışlamışdır. Həmin müqavilə iddiaçıya təqdim edilməmişdir. O, sorğu edərək həmin müqaviləni almışdır. İddiaçı 18 aprel 2018-ci il tarixdə kəskin miokard infarkt xəstəliyi keçirmişdir və Gəncə şəhərində yerləşən Mərkəzi Klinikada əməliyyat olunmuşdur. Sonradan o, ağır dərəcəli insult xəstəliyi keçirmişdir. Evi bağışlayanda iddiaçının qızı o xəstələnərkən, qocalarkən ona baxıb qulluq edəcəyinə söz vermiş, lakin vəd etdiyi sözlərin heç birinə əməl etməmişdir. İddiaçının səhhətində olan ağırlaşmalara görə yenidən əməliyyata, müayinə və müalicəyə ehtiyacı vardır. O, qızına bağışladığı mənzili satıb öz səhhətinə xərcləmək istəyir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan ləğv edilməsi, həmin çıxarış əsasında cavabdehlər Cavabdeh və X4 arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin çıxarış əsasında cavabdehlər Cavabdeh ilə X4 arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin 07 fevral 2019-cu il tarixli müqavilə əsasında cavabdeh X1 adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan etibarsız hesab edilməsi, həmin 07 fevral 2019-cu il tarixli müqavilə əsasında cavabdeh X1 adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, həmin çıxarış əsasında cavabdehlər Cavabdeh ilə X4 arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin 07 fevral 2019-cu il tarixli müqavilə əsasında cavabdeh X1 adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehlərin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə iddianın hüquqi əsasını tərəflər arasında bağlanılmış bağışlama müqaviləsi təşkil edir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 674-cü maddəsinə görə, bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh arasında 26 avqust 2008-ci il tarixdə mənzilin bağışlama müqaviləsi bağlanmış, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzili iddiaçı öz qızı Cavabdeh bağışlamışdır. Sözügedən müqavilə Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş, reyestrdə qeydə alınmışdır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, qanunvericilikdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin əsasları müəyyən edilmişdir. Hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsasın olması məhkəmə tərəfindən aşkarlanmamışdır. Belə ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Odur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olmaqla rədd edilməlidir. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsi əsasında Cavabdeh adına verilmiş mənzilə dair çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığı hissəsində rədd olunduğu üçün mənzilə dair verilmiş çıxarış və texniki pasportun etibarsızlığı hesab edilməsi üçün də heç bir əsas mövcud deyildir. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin həmin çıxarış əsasında cavabdehlər Cavabdeh ilə X4 arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 07 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlandığı andan ləğv edilməsi, 07 fevral 2019-cu il tarixli müqavilə əsasında cavabdeh X1 adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, 12 fevral 2019-cu il tarixli çıxarışın verildiyi andan ləğv edilməsi hissələrinə qiymət verərək belə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin ilk bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edilmiş hissədə təmin edilmiş olsaydı belə iddiaçı 07 fevral 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə həmin müqavilənin ləğv edilməsi tələbi ilə yalnız müqavilənin tərəflərinin məhkəməyə müraciət etmək hüququ mövcuddur. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı məhkəmə iclaslarında iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı -cavabdeh ilə aralarında 26 avqust 2008-ci il tarixdə Bakı şəhəri 18 saylı Dövlət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilərək ləğv edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, mənzil 12-yə çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 11, 12 saylı mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar