Məhkəmə qərarları › İş №2(011)-44/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-44/2022

25.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-44/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh, vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “şəxsi mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması, özbaşına tikilidən açılan pəncərələrin sökülməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə etdiyi qəsd və maneələrə son qoyulması tapşırılmaqla, özbaşına tikdiyi evdən daha yaxın məsafədən şəxsi mülkiyyət tərəfə açdığı, həmin evin 2 və 3-cü mərtəbələrindəki pəncərələrin sökülərək, həmin sahələrin bağlanmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İşin faktiki hallarına görə iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Əhmədli şossesində (hazırda Kazımağa Kərimov küçəsi) yerləşən 34/10q saylı fərdi yaşayış evinin mülkiyyətçisidir və onun mülkiyyət hüququ 03.06.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə Çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 34/9 v saylı ev cavabdehin faktiki sahibliyindədir və iddiaçının qonşuluğunda yerləşir. Cavabdehin həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri K.Kərimov küçəsi 34/10q saylı ev 03.06.2006-cı il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və ******* saylı Çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Ümumi sahəsi 0,0202 ha torpaq sahəsində yerləşən həmin mülkün 64,6 kv.m-ni yaşayış sahəsi 22,4 kv.m isə köməkçi sahə təşkil edir. Ona məxsus yaşayış sahəsinin qonşuluğunda cavabdeh lazımi icazə olmadan tikinti norma və qaydalarını pozmaqla özbaşına ev tikmiş, mütəmadi olaraq onun şəxsi mülkiyyət hüququnu pozmağa başlamışdır. Belə ki, cavabdeh onun ayrıc hasarına faktiki olaraq bitişik üc mərtəbəli ev tikmiş, həmin evin 2-ci və 3-cü mərtəbəsindən onun həyət və balkonuna açılan pəncərə acmışdır.Həmin evin 2-ci mərtəbəsində olan bir, 3-cü mərtəbəsində olan 3 pəncərəyə görə ailəsi şəxsi mülkiyyətində sərbəst hərəkət edib lazımi səviyyədə istirahət edə bilmir. Halbuki cavabdehin evin digər hissəsindən pəncərə açmaq imkanı olmuşdur. Bu barədə ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o, heç bir tədbir görməmiş, xahiş və xəbərdarlığı nəticəsiz qalmışdır. O, əksinə ona mane olmaqda davam edir. Hətta ailə üzvülərinin sayı baxımından mənzil şəraitinin genişləndirmək ücün evinin yeni planı (cizgisini) hazırlayan mütəxəsislərin işinə mane olaraq, dava-dalaş və qışqırıq salaraq lazımi səviyyədə işləməklərinə imkan verməmişdir. Qonşuluq və milli mentalitetə hörmət etmək istəməyən qanunsuz tikiliyə məxsus cavabdehin hərəkəti nə dərəcədə düzgündür. Hazırda cavabdehə öz qanunsuz hərəkətlərinə son qoymasına dair müraciətləri heç bir nəticə verməmişdir. Cavabdeh özbaşına tikintisi ilə onun şəxsi mülkiyyət hüququnu eləcə də dövlətin şəhərsalma qaydalarını pozmuşdur. Qanunvericiliyin tələbi baxımından bu tip tikililər sökülməlidir. Bundan başqa özbaşına tikinti aparma və torpaq üzərində mülkiyyət hüququnu pozma kriminal xarakter daşıyır və bu barədə cinayət məsuliyyəti də nəzərdə tutulur. Cavabdehin onun həyətyanı sahə və evinə daha yaxın məsafədən açdığı pəncərələri sökülməli həmin sahələr bağlanmalıdır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, onun vəkili və nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanun mülkiyyət hüququnu ən üstün hüquq kimi müəyyən edərək onun dövlət tərəfindən qorunmasına təminat versə də, bu hüququn hüdudsuz olmamasını və onun qanunla müəyyən edilmiş əsaslarla məhdudlaşdırılmasını da nəzərdə tutmuşdur. Əslində, mülkiyyətçinin öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququnun hədləri onun digər şəxslərin də əmlak hüquqlarını pozmamasından irəli gələn vəzifəsi ilə məhdudlaşır. Qanunla mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının əsasları Mülki Məcəllənin 8ci fəslində (169 – 177-ci maddələr) nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 169.1-ci maddəsində deyilir ki, Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsaslarından biri də Mülki Məcəllənin 170-ci maddəsi ilə müəyyən edilmiş qonşuluq hüququdur. Həmin Məcəllənn 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçının qonşuluğunda yerləşən fərdi yaşayış evi, həmçinin mübahisəli pəncərələr inşa edilərkən iddiaçı buna heç bir etirazını bildirməmiş, bununla bağlı hər hansı bir orqana müraciət etməmiş, yalnız tikinti başa çatdırıldıqdan bir müddət sonra hazırda evin ikinci və mansard mərtəbələrində yerləşən pəncərələrin mövcudluğunun onun hüquqlarının pozulması ilə nəticələndiyini, özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadə edə bilməməsini iddia edir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayaış evinin mübahisələndirilən pəncərələrinin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadəyə maneələrin yaranıbyaranmaması ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/5166 saylı, 10.01.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 34/9 v saylı fərdi yaşayış evinin arxa hissəsində həmin evdən aralıda yerləşməsini, 34/9 v saylı fərdi yaşayış evindən açılan ikinci mərtəbədə bir ədəd və mansard mərtəbədə 3 ədəd pəncərənin iddiaçıya məxsus texniki pasportda qeyd olunmuş 34/10q saylı fərdi yaşayış evinin və həmin evə bitişik talvarın dam örtüyünün göründüyünü, eləcə də “Yaşayış Binaları Tikinti Norma və Qaydaları”nın 1.3 bəndinin tələblərini nəzərə alaraq cavabdehə məxsus 34/9 v saylı fərdi yaşayış evində quraşdırılmış pəncərələrin iddiaçıya məxsus 34/10q saylı fərdi yaşayış evinə hər hansı maneə yaratması müəyyən edilməmişdir. Həmçinin, ekspert rəyində qeyd edilmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçının evinə tərəf pəncərə quraşdırılmış otaqlarında həmin otaqların “Yaşayış binaları Tikinti Norma və Qaydaları”nın (SNİP 2.08.01.-89) 1.3-cü bəndinin tələblərinə uyğun olaraq təbii işıqla qidalanması üçün başqa istiqamətdə pəncərə açılmasına şəraitin olmadığı müəyyən edilir. İşin şərh edilən hallarını və adı çəkilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, nə qədər ki, cavabdehin inşa etdiyi pəncərələrin mövcudluğu iddiaçının öz evindən istifadəsinə maneələr yaratmır, həmçinin cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evində mövcud olan mübahisəli pəncərələrin bağlanması “Yaşayış binaları Tikinti Norma və Qaydaları”nın tələblərinə zidd olaraq evin təbii işıqla qidalanmasının qarşısını alır, bu halda iddiaçının qonşuluq hüququndan irəli gələn vəzifələrinə əməl etmək öhdəliyi vardır. Cavabdehin inşa etdiyi fərdi yaşayış evinə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158-ci maddəsində mülkiyyətçi olmayan şəxslərin də əmlak hüququnun qorunmasını müəyyən edilmişdir. Belə ki, həmin müddəada göstərilir ki, əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.1.2, 158.2 və 158.4-cü maddələr). İşin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 34/9 v saylı ev cavabdeh tərəfindən inşa edilmiş, hazrda da onun faktiki sahibliyində və istifadəsindədir. Məhkəmə hesab edir ki, cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması əsası iddiaçının mülkiyyət hüququ ilə müqayisədə əhəmiyyətsiz hesab edilə bilməz, çünki bu əks halda cavabdehin əmlak hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ekspertiza Tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində ekspertiza xərci cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar