Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4422/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1998ci il təvəllüdlü X4 onun qızıdır, xx.xx.1999-cu ildə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 52/21 ünvanında ev şəraitində rəhmətə getmiş və Bakı şəhərində, Günəşli ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Belə ki, qızı X4 yarımçıq dünyaya gəldiyi üçün çox yaşamamış və bu səbəbdən vəfat etmişdir, onun qohumları və qonşuları yas mərasimində iştirak etmişlər və həmin şəxslər qızının ölməsi faktını təsdiq edə bilərlər. Zəngilan Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtinaya dair məktub verilmişdir. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Həmçinin qızımın ölüm haqqında şəhadətnaməsinin olmamasının gələcəkdə ailə üçün müəyyən çətinliklər yaradacağını nəzərə alaraq, həmin şəhadətnamənin alınması zəruridir, çünki sistemdə ölmüş şəxs kimi deyil, yaşayan şəxs kimi adı çıxır. Sonda Ərizəçi1 ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum X4 onun qaynının qızı olmuşdur, 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdu, 1999-cu ildə 2-3 aylığında beyin təzyiqindən vəfat edib. Onun dəfn olunmasında özü də iştirak edib. Məhkəmə iclasında xx.xx.1956-cı il təvəllüdlü X3 şahid qismində iştirak edərək bildirdi ki, X4 onun qaynının qızı olmuşdur, 1998-ci il tarixdə anadan olmuşdu, 1999-cu ildə beyin təzyiqindən vəfat edib. İş materiallarında olan Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 191 saylı doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1998-ci il tarixdə anadan olmuş, atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında olan Zəngilan rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 16-5/8-xx-xx/2024 saylı məktubundan görünür ki, X1 ölüm faktının qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan AA seriyalı 462485 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1972-ci il tarixdə Zəngilan rayonunda doğulan Ərizəçi1 1993-cü ildə daimi yaşadığı Zəngilan rayonunu tərk etmiş, hazırda Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov 100/51 ünvanında müvəqqəti məskunlaşmışdır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1998-ci il təvəllüdlü vətəndaş X4 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, Bakı şəhərində, Günəşli ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur, ərizəçi mərhumun atasıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1998-ci il təvəllüdlü vətəndaş X1 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırkı iş üzrə ərizəçi məcburi köçkün olmaqla dövlət rüsumunu ödəməkdən azad olduğundan ondan dövlət rüsumu alınmamalı, dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü vətəndaş X1 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Dövlət rüsumu Dövlət büdcəsinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4422/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4422/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver