Məhkəmə qərarları › İş №2(011)-4474/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4474/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4474/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X3 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il tarixdə Naxçıvan Müxtar Respublikasında anadan olmuş atası X5 xx.xx.2025-ci il tarixdə qəfildən halı pisləşdiyi üçün onlara ən yaxın olan X11 tibb məntəqəsinə çatdırılmış, təxminən 40 dəqiqə sonra vəfat etmişdir. Onun vəfatından sonra həmin gün Abşeron rayonu,Məhəmmədi qəsəbəsində yerləşən “Cəhri” qəbiristanlığında dəfn edilmişdir Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X3 ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1954-cü ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olmuşdur. X11 ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X4 dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı diaqnozu qoyulmuş, xəstəyə 40 dəqiqə yardım göstərilməsinə baxmayaraq saat 10:15-də xəstənin bioloji ölüm baş vermişdir. Azərbaycan Respublikası “TƏBİB” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 46 nömrəli Şəhər Poliklinikasının 25.05 2025-ci il tarixli Arayışından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində 10:15 radələrində vəfat etmişdir, vəfat etmiş şəxsin 46 saylı Şəhər Poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri 6 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum X5 onun qohumudur, xx.xx.2025-ci il tarixdə qəfildən vəfat etdiyini eşidib gəlmiş, mərhumu Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yerləşən “Cəhri” qəbiristanlığında dəfn etmişlər, dəfndə və yasda da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum X5 onun həm qohumu, həm də kəndçisidir, xx.xx.2025-ci il tarixdə qəfildən vəfat etdiyini eşidib gəlmiş, mərhumu Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yerləşən “Cəhri” qəbiristanlığında dəfn etmişlər, dəfndə və yasda iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə onun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar