Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4481/2021 08.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.09.2008-ci ildə rəhmətə getmiş atası X1 mülkiyyətində olan ünvan 1 ünvanında olan “Mehparə-1” firmasına miras əmlak kimi 1/3 hissədə payının müəyyən edilməsi, həmin əmlak üzərində vərəsəlik hüququnun tanınmasını və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 6 saylı Notariat Kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə , iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi ünvan 1 ünvanında olan “Mehparə-1” firmasına iddiaçının, miras əmlak kimi 1/3 hissədə payının müəyyən edilməsi, əmlak üzərində vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi barədədir, iddiaçı iddia ərizəsində cavabdeh kimi Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunu göstərmişdir. Göründüyü kimi, iddia tələbi inzibati orqan olan Bakı şəhəri Notariat Kontoruna yönəlməklə onun üzərinə vərəsəlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması ilə bağlıdır və bu cür iddialarla inzibati məhkəməyə müraciət edilməli olduğu halda, Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması mümkün deyildir. “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 17.3-cü maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamələr dövlət notariusu tərəfindən verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi ilə bağlı iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “əmlak üzərində payın tanınması,həmin əmlak üzərində vərəsəlik hüququnun tanınması və bu barədə şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlikedən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4481/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4481/2021
08.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver