Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4518/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsinin cavabdeh Azərbaycan Respublikasın Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı olan iddiadan imtina etmişdir. Eyni zamanda mülki işə məhkəmə baxışı zamanı tərəflər (birinci tərəf: Vəkil (İddiaçı əvəzinə) və ikinci tərəf: X3 (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əvəzinə) tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. 1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “X6” ASC-nin hüquqi varisi olduğundan İddiaçı əmək müqaviləsinə xitam verilərək, əmək müqaviləsi bildiriş alt sistemindən adının çıxarılmasını, eyni zamanda əmək kitabçasına müvafiq qeydlər edərək, əmək kitabçasının ona verilməsini öhdəsinə götürür. 2. İddiaçı isə yuxarıda göstərilən öhdəlik ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hazırda və gələcəkdə heç bir son haqq-hesab və ya maliyyə tələbi irəli sürməyəcəyini öhdəsinə götürərək, həmin hissədə iddia tələbindən imtina edir. 3. Mövcud iddia ərizəsi üzrə iddiaçı tərəfindən çəkilən xərclər MPM-nin 122.1ci maddəsinə uyğun olaraq cavabdehdən tələb olunmur. 4. Bu Saziş üzrə Tərəflər öhhdəliklərin pozulması halında mübahisə predmetinə dair məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. 5. Bu Saziş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-4518/2023 nömrəli mülki iş üzrə icraaata xitam verilməsi üçün əsasdır. 6. Bu Saziş imzalandığı andan qüvvəyə minir. 7. Saziş 3 nüsxədə olmaqla, hər bir tərəfə bir nüsxə və məhkəməyə bir nüsxə verilir. Məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəkil (İddiaçı əvəzinə) və X3 (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əvəzinə) arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “X6” ASC-nin hüquqi varisi olduğundan İddiaçı əmək müqaviləsinə xitam verilərək, əmək müqaviləsi bildiriş alt sistemindən adının çıxarılmasını, eyni zamanda əmək kitabçasına müvafiq qeydlər edərək, əmək kitabçasının ona verilməsini öhdəsinə götürür.
2. İddiaçı isə yuxarıda göstərilən öhdəlik ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hazırda və gələcəkdə heç bir son haqq-hesab və ya maliyyə tələbi irəli sürməyəcəyini öhdəsinə götürərək, həmin hissədə iddia tələbindən imtina edir.
3. Mövcud iddia ərizəsi üzrə iddiaçı tərəfindən çəkilən xərclər MPM-nin 122.1-ci maddəsinə uyğun olaraq cavabdehdən tələb olunmur.
4. Bu Saziş üzrə Tərəflər öhhdəliklərin pozulması halında mübahisə predmetinə dair məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2(011)-4518/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Aygün Həsənova