Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4522/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus 2.000 (iki min) manat məbləğində pulun və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin anası iddiaçının iş yoldaşıdır və ona bildirmişdir ki, qızı Cavabdeh pul lazımdır. O, onlara inanaraq Cavabdeh 2.000 manat məbləğində pul vermişdir. Cavabdeh pulu qaytarmasına dair vəd versə də ondan aldığı pulu qaytarmamışdır. Bu barədə o polisə müraciət etmiş və ona işin mülki xarakterli olduğunu bildirmişlər. O, cavabdehdən pulu qaytarmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Cavabdeh tanışlıq münasibətlərindən sui-istifadə edir və borcu qaytarmaqdan yayınır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, pulu almaq üçün cavabdeh onun evinə gəlmişdir və pulu alan zaman 3-4 gün ərzində qaytaracağını bildirmişdir. Cavabdeh ağlamışdır və buna görə onun ağlamağını gördükdən sonra o, Sabunçu rayonunda yaşayan qayınından həmin pulu alıb cavabdehə vermişdir. Daha sonra o, pulu qaytarmadığına görə qayınının pulunu özü ödəmək məcburiyyətində qalmışdır. Əlavə olaraq sual-cavab zamanı iddiaçı bildirmişdir ki, cavabdehə nağd şəkildə cəmi 1.600 manat pul vermişdir. O vaxtdan sonra pulun dəyəri dəyişdiyindən iddiada 2.000 manat pul tələbi yazmışdır. Cavabdeh pulu ona 3-4 gün ərzində qaytarmalı idi. Pulu cavabdehə öz evində vermişdir və bu zaman evdə onun həyat yoldaşı, uşaqları və evdə kirayədə qalan Vüsal Fərəcov adlı şəxs var idi. Həmin borcdan cavabdeh heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə etdiyi xx.xx.2016-cı il tarixli əlyazmanı Cavabdeh deyil, sonuncu ilə birlikdə gələn şəxs yazıb imzalamışdır. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, iddiaçıdan cəmi 1.400 manat pul götürmüşdür. Həmin pulu götürən zaman orada iddiaçının sadaladığı şəxslər olmamışdır. O, borc aldığı puldan ödəniş etməmişdir. Səbəbi odur ki, anası ağır xəstələndikdən sonra heç bir yerdə işləyə bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçının oğlu Dilqəmlə birlikdə işləyir. O, İddiaçı evində kirayə qalırdı. 1-2 dəfə Cavabdeh həmin evdə görmüşdür. Ona məlum olmuşdur ki, Vüsalə borc pul almağa gəlib. İddiaçı Vüsaləyə borc pul verəndə özü şəxsən iştirak etmişdir. Vüsalənin istədiyi məbləğ 2.000 manat idi. Lakin ona nə qədər pulun verildiyini dəqiq bilmir. İddiaçı Vüsaləyə həmin pulu başqa adamdan alıb vermişdir. İddiaçı Vüsaləyə həmin pulu öz evində vermişdir, həmin vaxtı iddiaçının övladları da evdə idi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. (maddə 739.2). Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçıdan borc aldığı məbləği qaytarmaq öhdəliyini daşıyır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzdə göstərilmişdir ki, Cavabdeh İddiaçı 2.000 manat məbləğində pul götürmüşdür. Məhkəmə araşdırması zamanı tərəflər təsdiq etmişlər ki, həmin əlyazma cavabdeh tərəfindən imza edilməmişdir. Lakin Cavabdeh iddiaçıdan borc aldığını qeyd edərək, bildirmişdir ki, iddiaçıdan cəmi 1.400 manat borc almışdır və həmin pulu qaytara bilməmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçıdan 1.400 manat məbləğində borc aldığını təsdiq etdiyindən bu işin mübahisəsiz halıdır. İddiaçının cavabdehdən 2.000 manat pul tələb etməsinə baxmayaraq, iddiaçı həmin məbləğdə borcun verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübutlara gəldikdə məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc aldığına görə həmin pulu qaytarmaq vəzifəsinin daşıyıcısı olmuşdur. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi üçün iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat borc məbləği və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4522/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4522/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver