Məhkəmə qərarları › İş №2(011)-4564/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4564/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4564/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, ərizəçinin oğlu X3 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, elə həmin il 1989-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfat etdiyi vaxt Zəngilan rayon Sobu kəndində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda bəzi sənədlərin alınması üçün ərizəçinin oğlu X1 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum oğlu X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1989-cu il tarixdə doğulmuş oğlu X1 1989-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi bununla yanaşı məhkəməyə ərizə ilə müraciət edərək, ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik işinin açılması üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahid ifadələrinə və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı, 459521 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 18 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 12 aprel 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhəri, Xətai rayonunda doğulmuş, 1989-cu il tarixdə vəfat etmiş X1 ölüm faktının dövlət qeydiyyatına alınmasına dair müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1., 8.4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya səxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd olunanlara əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 12 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Zəngilan rayonunun Çöpədərə icra nümayəndəliyində xx.xx.1956cı il tarixdə (valideynlərin nikahı olmadığı üçün tək ananın ata barədə verdiyi məlumatlarla) tərtib edilmiş 9 №-li doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” qrafasında soyadın “Əliyev’dən “Məhərrəmov’a, adın “Məmətxan’dən “Məmmədxan’a, doğulduğu vaxtın “3 fevral 1956”-dan “30 noyabr 1956”-ya və “Atası” qrafasında ata adının ata adının “İsmayl’dan “İsmayıl'a dəyişiklik edilməsinə dair müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci, 161.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Hazırkı halda ərizəyə əlavə olunan və əldə edilmiş sənədlərdə uyğunsuzluqların aradan qaldırılması məqsədilə doğum haqqında akt qeydində müvafiq dəyişikliklərin edilməsi üçün kifayət qədər əsaslar olmadığına görə və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ərizəçinin yoldaşının dostu olmuşdur. Ərizəçinin yoldaşı X2 ilə birlikdə polisdə işləmişlər. Məmmədxan rəhmətə gedənə qədər yaxın olmuşlar. Bir oğlu 1989-cu ildə doğulmuş və həmin ildə də vəfat etmişdir. Uşaq 2-3 ay yaşamış, ürəyində qüsuru olduğunda görə rəhmətə getmişdir. X12 kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, ərizəçinin qonşusu olmuşdur. 1985-ci ildən yaşamışdır. 1994-cü ildə ərizəçi və ailəsi köçmüşdür. Bir uşaqları X4 1989-cu ildə doğulmuş, həmin ildə də vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 24 yanvar 1989-cu il təvəllüdlü X1 1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 24 yanvar 1989-cu il təvəllüdlü X1 1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar