Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-461/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh, X3, X8, X4, X13 və X5, Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı (Azərbaycan Respublikası Qaçqınlar və X16 üzrə Dövlət Komitəsi və Qubadlır Rayon İcra Hakimiyyəti mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçının ünvan 1 ünvanında yerləşən (bundan sonra – Mənzil) dair mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Mənzil iddiaçıya X14 tərəfindən xx.xx.2018-ci il tarixdə bağışlanmışdır.
2. Qubadlı rayonunun Həmzəli kəndindən məcburi köçkün olan Cavabdeh ailə üzvləri – həyat yoldaşı, övladları, gəlinləri və nəvələri ilə birlikdə 1993-cü ildən və sonrakı illərdə məcburi köçkün kimi müvəqqəti olaraq Mənzildə məskunlaşmışlar.
3. Cavabdehlər dövlət tərəfindən hər hansı mənzillə təmin edilməmişlər.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 77 saylı evin 56 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh, X3, X8, X4, X6, X1, X7, X13, X5, X15 və X10 Mənzildən çıxarılmaları, mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsi barədə əqtnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil 16 aprel 2018-ci il tarixli ******* savlı Çıxarışla onun mülkiyyətindədir. Mənzili Qubadlı rayonundan məcburi köçkünlər olan cavabdehlər zəbt edilərək orada yaşayırlar. Mübahisəli mənzil ona yaşamaq üçün verilsə də, mənzildə yaşaya bilmir. Mənzilin əsas icarədarı olan Hüseynova Hicran Şahid qızı xx.xx.2014-cü il tarixdə ölmüşdür. Anası Hüseynova Hicran Şahid qızının sağlığında və hazırda onlar öz mənzilindən istifadə edə bilmirlər. Hal-hazırda ailəsiylə birgə kirayədə qalır. Ailədə tək o işləyir və kirayədə yaşamaq ona çox çətindir. Cavabdehlərə mənzilinin boşaldılmasını dəfələrlə təklif etsə də, onlar mənzili zəbt edərək məcburi köçkün olduqlarını bildirməklə, onları öldürməklə, evi yandırmaqla hədələməklə mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdehlər onun qanunla qorunan hüquqlarını pozaraq mənzil hüquqlarını məhdudlaşdırırlar. Onlar qanuni əsaslarla ona verilmiş mənzildən istifadə edə bilmirlər.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh Əvəz Quliyev məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, 1993-cü ildən məcburi köçkün kimi Mənzildə yaşayıblar. Mənzildə hamının yaşaması mümkün olmadığından o, öz ailəsi ilə birlikdə 2016-cı ildən etibarən mənzildən çıxıb başqa yerdə kirayə qalır. Mənzildə anası, atası, qardaşları və onların həyat yoldaşları yaşayırlar. Mənzilin iddiaçının olduğunu qəbul edir, ancaq onlara ev veriləndən sonra mənzildən çıxa bilərlər.
10. Cavabdeh Quliyev Cəmil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, o da Mənzildə yaşayır, onlara gərək ev verilsin ki, onlar da Mənzildən çıxsınlar.
11. Cavabdeh Əvəzli Gülnisə məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, 2014-cü ildən ailə qurub Mənzilə gəlin köçüb, iddia tələbini qəbul etmir, ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi.
12. Cavabdeh Gülgəz Quliyeva məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
13. Cavabdeh Əvəzli Sədi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı onların evi olduğunu və başqa yerdə yaşadıqlarını deyir, ancaq ailə üzvlərindən bəzilərinin başqa yerdə yaşamasına səbəb hamının 2 otaqlı bir evdə yaşamasının mümkün olmamasıdı. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
14. Üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, məhkəmə iclasında bildirdi ki, cavabdehlər məcbur qalıb Mənzildə məskunlaşıblar. Ailə bir neçə dəfə Qubadlı rayon İcra Hakimiyyətinə müraciət etmiş, 2018-ci ildə siyahı hazırlayıb Prezident Administrasiyasına təqdim olunub. Tezliklə cavabdehlər Qubadlı rayonunda öz evlərinə köçürüləcəklər.
15. Digər cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə 29 İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
17. Maddə 29 İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Maddə 43 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
19. Maddə 43 İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi.
30. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
İşə baxan məhkəmənin mövqeyi:
31. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və iddia ərizəsinin dəlillərini nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
32. Mənzil iddiaçının xüsusi mülkiyyətində olması və cavabdehlərin məcburi köçkün olduqdan sonra iddiaçıya məxsus Mənzildə məskunlaşmaları işin mübahisəsiz hallarıdır.
33. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması məqsədilə mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər.
34. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı mülkiyyətində olan Mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır.
35. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir.
36. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsyə imkan verir.
37. Mənzilin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz halıdır (iddiaçının mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır).
38. Mənzilin cavabdehlərin sahiubliyində olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər 1993cü il tarixdən Qubadlı rayonundan məcburi köçkün olduqdan sonra (Elcan Quliyev, Milay Quliyeva, Ülviyyə Bayramova, Gülnisə Əvəzli, Zəhra Əvəzli və Gülgəz Əvəzli sonradan yaşamağa bağlamışlar) iddiaçıya məxsus Mənzildə məskunlaşmışlar və hazırda da orada yaşayırlar.
39. Mənzilin cavabdehlərin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin Mənzilə dair hər hansı məzmunda hüquq müəyyənedici sənədləri mövcud deyil. Cavabdehlərin bəziləri (Cavabdeh, Gülgəz Quliyeva, Əvəz Quliyev və Sədi Əvəzli) daimi yaşadıqları evlərindən və doğma torpaqlarından məcburi köçkün düşdükləri 1993-cü ildən sonra, bəziləri isə (Elcan Quliyev, Milay Quliyeva, Ülviyyə Bayramova, Gülnisə Əvəzli, Zəhra Əvəzli və Gülgəz Əvəzli) sonrakı vaxtlarda iddiaçıya məxsus Mənzildə yaşamağa başlamışlar.
40. Məhkəmə qeyd edir ki, hətta cavabdehlərin məcburi köçkün kimi Mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
41. Eləcə də, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus Mənzildə məskunlaşmaları isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
42. Beləliklə, işin şərh edilən halları MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının ona məxsus Mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin Mənzildən çıxarılmalı, Mənzil iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər - Cavabdeh, X11, X21, X17, X18, X2, X19, X23, X20, X24 və X22 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılsınlar və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı