Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4637/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Ərizəçi mərhum X3 övladıdır. Sayad Abbasova XX.XX.1931-ci il tarixdə Qubadlı rayonu Xanlıq kəndində doğulmuşdur.
2. Bakı şəhəri Təcili və X5 Stansiyasının 16 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”nə əsasən xx.xx.2024-cü il tarixdə, saat 23:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, d-11 ünvanında X3 meyidi aşkar edilmişdir.
3. Ərizəçi anasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 53 saylı arayışla X6 6 nömrəli şəhər poliklinikasına müraciət olmadığı üçün, “Ölüm haqqında tibbi şədaətnamənin verilməsi” Qaydasına dair AR Səhiyyə Nazirliyinin 52 nömrəli əmrinə əsasən, ölüm haqqında tibbi şəhadətnamənin (106 nömrəli forma) verilməsindən, habelə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-4xx-xx/2024 saylı məktubu ilə, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün, ərizəçinin anasının ölümünün qeydə alınmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri
4. Ərizəçi XX.XX.1931 il tarixində Qubadlı rayonu Xanlıq kəndində doğulmuş anası X4 xx.xx.2024-cü il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum Sayad Abbasova XX.XX.1931-ci il tarixdə Qubadlı rayonu, Xanlıq kəndindəxx.xx.2024-cü il tarixdə anasının vəziyyəti ağırlaşdığından Bakı şəhəri Təcili və X1 həkim çağırmışlar, lakin həkim gələnədək anası vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə anasını dəfn etmişlər. Vaxtında onun ölməsiə dair şəhadətnamə almamış, sonradan isə qeydiyyat şöbəsinə müraciət etsə də, olar ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Anasının ölüm haqqında şəhadətnaməsini alması ona bəzi hüquqi sənədlərin əldə etməsi üçün lazımdır.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs Bakı şəhər 6 saylı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, ərizəçi ilə iş yoldaşıdır. Ərizəçinin anası yaşlı qadın idi, 4-5 ay əvvək ərizəçinin evində vəfat etdi. Sumqayıt şəhərində yas mərasimi keçirildi.
10. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, ərizəçi dostudur, ailəvi dost olublar. Sumqayıt şəhərində yas mərasimi keçirildi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
16. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X3 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı