Məhkəmə qərarları › İş №2(011)-4660/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4660/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4660/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.1966-cı il tarixində anadan olmuş X3 xx.xx.2014-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası 12.02 1966-cı il tarixdə anadan olmuş X4 26 05 2014-cü il tarixində yaşadığı Bakı şəhərində yerləşən mənzilində qəfildən vəziyyəti pisləşmiş və onlar TTY çağırmışlar. Lakin təcili tibbi yardım gələnədək artıq atası vəfat etmiş və TTY Stansiyasının həkim briqadası onlara yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Ərizəçi bildirir ki, atası uzun müddət qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirdi. Daha sonra TTY Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin əslini itirsələr də yenidən müraciət etdikləri zaman ” Bakı şəhər Təcili və X7 Stansiyası" Publik Hüquqi şəxsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələrinin saxlama müddətinin 1 (bır ) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlərin aktlaşdırılıb silinməsi səbəbindən təkrarının verilməsinin mümkün olmadığı cavabını vermişdirlər. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün qeydiyyatda olduqları 21 saylı şəhər poliklinikasına müraciət etmişlər. Lakin atasının xəstəliklə bağlı poliklinikaya müraciət etməməsi səbəbindən poliklinika onlara tibbi şəhadətnamə verməkdən imtina etmiş, (imtina məktubunu ərizəyə əlavə olunmuşdur). X2 rayonunda yerləşən qəbristanlıqda dəfn edilmişdir və qəbrin şəkilləri ərizəyə əlavə edilib.Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etsələr də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir (məktub ərizəyə əlavə edilib). Hal-hazırda isə ASAN xidmət mərkəzinə ailə tərkibi barədə arayışın verilməsi üçün müraciət etdikləri zaman atası- X1 ölmüş şəxs kimi deyil, sağ şəxs kımı çıxır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının” xx.xx.2023cü il tarixli məktubdan görünür ki, X13 küçəsi 7 ünvanında yaşamış və xx.xx.2014-cü il tarixdə rəhmətə getmiş xx.xx.1966-cı il təvəllüdlü X8 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına heç bir xəstəliklə müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma106) vermək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Şəhəri Təcili və X9 Stansiyası” Publik Hüquqi şəxsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən xx.xx.1966-cı il təvəllüdlü X8 adına xx.xx.2014-cü il tarixdə Bakı Şəhəri Təcili və X9 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydiyyata alınması ilə bağlı aidıyyat üzrə müraciət olunmalıdır. Bakı Şəhəri Təcili və X9 Stansiyası Sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2014-cü il tarixdə saat 05:54-də, E.Bəkirli 32 ünvanına Ərizəçi adına çağırış olmuş və kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, Ərizəçi qəbirüstü daşı da vardır. İş materiallarında olan Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.2014-cü il tarixində vəfat etmiş, Qaraçuxur qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun bacısının əridir, X8 xx.xx.2014-cü ildə Bakı şəhərində ölüb, onun yas mərasimində iştirak etmişdir. Mərhum Qaraçuxur qəsəbəsində dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçinin qudasıdır, X8 xx.xx.2014-cü ildə Bakı şəhərində rəhmətə gedib. Onun qaraciyərində problem var idi. Mərhum Qaraçuxur qəsəbəsində dəfn olunub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahid ifadələri və işin digər materialları ilə X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar