Məhkəmə qərarları › İş №2(011)-4732/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4732/2025

22.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4732/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış barışıq sazişinin alimentə aid hissəsinin məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatının MŞB/1/2025-00013 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən başlayaraq hər təqvim ayının 5-ci gününə qədər hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Həmin vaxtdan uşaqlar onunla yaşayır, lakin Maraqlı şəxs heç bir maddi yardım göstərmir, onun tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. O, onsuzda cavabdehdən alimenti aşağı həddə tələb etmişdir, lakin cavabdeh həmin alimenti də ödəmir, uşaqlara tək baxmaqda maddi cəhətdən çətinlik çəkir, gündə-günə tələbatları artır, cavabdeh də bir valideyn kimi uşaqların saxlanılmasında iştirak etməlidir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə edərək, barışıq sazişinin aliment hissəsində təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi icraat qaydasında verilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: MŞB/1/2025-00013 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, sazişin 3-cü, 4-cü və 5-ci hissəsinə əsasən, ikinci tərəf (ata) - yəni, Maraqlı şəxs birinci tərəfə (anaya) - yəni, X1 xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladın və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladın yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 300 AZN (üz yüz manat – hər övlada görə 150 manat) məbləğində aliment ödəyəcəkdir. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin – yəni, 300 AZN (üç yüz manat) məbləğin hesablanmasına 01 fevral 2025-ci il tarixdən başlanacaqdır. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğ – yəni, 300 AZN (üç yüz manat) məbləğ ata tərəfindən anaya hər təqvim ayının 5ci (beşinci) gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin iş materialları ilə barışıq sazişinin təsdiq olunması xahiş edilmiş alimentə dair bəndlərinin könüllü qaydada tam icra edildiyi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış MŞB/1/2025-00013 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi ərizəçinin tələb etdiyi, alimentə dair üçüncü, dördüncü və beşinci hissələrdə təsdiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/1/2025-00013 saylı barışıq sazişinin alimentə dair 3-cü, 4-cü və 5-ci hissəsi aşağıdakı məzmunda təsdiq edilsin:

3. İkinci tərəf (ata) - yəni, Maraqlı şəxs birinci tərəfə (anaya) - yəni, X1 xx.xx.2023cü il təvəllüdlü X5 adlı övladın və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladın yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 300 AZN (üz yüz manat – hər övlada görə 150 AZN) məbləğində aliment ödəyəcəkdir.

4. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin – yəni, 300 AZN (üç yüz manat) məbləğin hesablanmasına 01 fevral 2025-ci il tarixdən başlanacaqdır.

5. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği – yəni, 300 AZN (üç yüz manat) məbləğ ata tərəfindən anaya hər təqvim ayının 5-ci (beşinci) gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir. 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar