Məhkəmə qərarları › İş №2(011)-4788/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4788/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4788/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının bibisi mərhum 05 may 1958-ci il təvəllüdlü X2 20 dekabr 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum bibisi 05 may 1958-ci il təvəllüdlü X4 20 dekabr 2016-cı il tarixdə qəfil vəfat etmişdir. Mərhumun halı qəfil pisləşdiyindən qohumları tərəfindən təcili tibbi yardım çağırılmış, təcili tibbi yardım maşını gəldikdə isə ərizəçinin bibisinin ölümü təsbit edilərək qohumlarına 20 dekabr 2016-cı il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum Balaxanı qəbiristanlığında dəfn edilmişdir. Dəfndə ailə üzvləri, qohumlar və qonşular iştirak etmişdir. X1 uşaqları yoxdur və heç vaxt ailə həyatı qurmamışdır. Mərhumun qardaşı X9 ölüm haqqında şəhadətnamə almağa çalışsa da, buna nail ola bilməmişdir. Səbəb isə mərhumun qardaşı X5 09 oktyabr 2019-cu il tarixdə beyninə qan sızması səbəbindən vəfat etməsidir. Mərhumun qardaşı X9 ərizəçinin atasıdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatında bildirdi ki, İslam onun dostudur. Onlar bir binada yaşamışlar, birlikdə böyümüşlər. Mərhum İslamın bibisidir. Mərhum məscidə yuyulmağa aparılanda o orada olmuşdur. Mərhumun yas mərasimində iştirak etmişdir. Yas mərasimi Hövsan qəsəbəsində keçirilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 öz izahatında bildirdi ki, İslam onun dostu və yerlisidir. Eyni zamanda onlar qonşudurlar. Mərhum ərizəçinin bibisidir. O, mərhumun dəfnində iştirak etmişdir. Mərhum Balaxanıda dəfn olunmuşdur. Mərhum tək yaşamış, onun övladı olmamışdır. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 19 may 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X4 05 may 1958-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Təxili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının Ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X4 20 dekabr 2016-cı il tarixdə Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində ölmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mərhum X4 heç vaxt ailə qurmamış, onun övladı olmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən mərhumun yeganə qardaşı X9 09 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun valideynləri və bacısı da vəfat etdiyindən onun qardaşı oğlu Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi bibisinin ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05 may 1958-ci il tarixdə anadan olmuş X2 20 dekabr 2016-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 may 1958-ci il tarixdə anadan olmuş X2 20 dekabr 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar