Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4887/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin etibarsız hesab olunması, işə bərpa və təyin olunmuş maddənin dəyişdirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əmrin etibarsız hesab olunması, işə bərpa və təyin olunmuş maddənin dəyişdirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 627 ü saylı əmrinin etibarsız hesab edilməsi və işə bərpa olunması, Əmək Məcəlləsinin 70 “c” maddəsinin tətbiqinin qanunsuz hesab edilməsi və dəymiş maddi və mənəvi ziyana görə 10.000 manat təzminat ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X7 Akademiyasının Aqronomiya fakültəsini bitirmişdir. Xeyli müddətdir ki, "xxxx" ASC-də öz ixisasına uyğun işdə işləmişdir. İşlədiyi müddətdə işində heç bir nöqsana yol verməmiş, həmin Cəmiyyətdə müxtəlif rəhbər vəzifələrdə 2009-cu ildən 2022-ci il tarixədək işləmişdir. Cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiya zamanı səhhətində yaranmış problemlə bağlı, o, attestasiyada iştirak etmək istəməmidir. Çünki özünü yaxşı hiss etməmiş və bu barədə rəhbərliyə bildirmişdir. Lakin buna baxmayaraq rəhbərlik tərəfindən attestasiyanın keçirilməsinə məcburi cəlb edilmişdir. Qanunvericiliklə sırf peşə sahəsi üzrə olan suallar olmalı olmasına baxmayaraq, atttestasiyada müxtəlif suallar olmuş və o, 25 bal yığmışdır. Keçid bağlı heç bir yerdə göstərilmədiyi halda, onun balını az hesab edib, heç bir xəbərdarlıq bildirmədən, 13 il həmin Cəmiyyətdə müxtəlif vəzifələrdə işləməsinə baxmayaraq, başqa vəzifə təklif etmədən, həmin ASC-nin 627 ü saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini tətbiq edərək, rəhbərlik tərəfindən qanunsuz olaraq, qərəzli formada kütləvi onu və daha 3 nəfəri vəzifədən azad etmişdirlər. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi "xxxx" ASC-nin "xxxx" ASC-nin qısaldılmış adı olmasını və bunun ASC-nin nizamnaməsinin 1-4-cü bəndində əksini tapdığını bildirmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış 09 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 2 saylı Yaşıllaşdırma idarəsinə böyük mütəxəssis (sahə rəisi) vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin müddəti 1 il, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ИТ-İ №2287939 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin 2 saylı Yaşıllaşdırma İdarəsinə böyük mütəxəssis (sahə rəisi) vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin ixtisasının, peşəsinin kifayət dərəcədə olmadığına görə) xitam verilmişdir. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və "xxxx" ASC-nin nümayəndəsi X3 mediasiya prosesində iştirak etmiş, sonuncu mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı təqdim olunan attestasiyadan keçmə barədə sual kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş qiymətləndirmə nəticəsində İddiaçı qapalı tipli test tapşırıqları üzrə 25 bal toplamışdır. Açıq tipli test tapşırıqları üzrə iddiaçı 3 bal toplamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı barəsində olan attestasiya vərəqəsinin surətindən görünür ki, səsvermə nəticəsində İddiaçı işdən azad edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin 627/ü nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/ü nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarda çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi qaydaları” təsdiq edilmişdir. Həmin qaydaların attestasiyanın nəticələri barədə maddəsinin 5.4-cü bəndinə əsasən attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin azad edilməsi ilə bağlı tövsiyə olunur. Məhkəmə iddianın İddiaçı işdən azad edilməsi barədə verilmiş əmrin etibarsız hesab edilməsi və işə bərpa olunma, tətbiq edilmiş maddənin qanunsuz hesab edilməsi barədə hissələrinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissələrdə əsassızdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə cavabdeh "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. İddiaçıla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən yuxarıda qeyd edilən maddə ilə ləğv edilməsi isə onun xx.xx.2022-ci il tarixdə keçirilmiş işçilərin attestasiyası barədə qiymətləndirmədən keçməməsi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarda çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi qaydaları”na əsasən attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilmir və işəgötürənə işçinin işdən azad edilməsi tövsiyə edilir. İddiaçı isə qiymətləndirmə nəticəsində 25 bal toplamış və buna uyğun olaraq cavabdeh ASC tərəfindən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını və hər iki tərəfin sübutlarını qiymətləndirərək hesab edir ki, sözügedən əmək müqaviləsinə xitam verilmə barədə əmrin etibarsız hesab olunması üçün heç bir əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərin pozulmaqla ləğv edilməsi müəyyən edilmədiyindən, iddia qeyd edilən hissələrdə əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın maddi və mənəvi ziyana görə iddiaçıya 10.000 manat təzminat ödənilməsi barədə hissəsinə də hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz əsasları müəyyən edilmədiyindən və iddiaçının qanunsuz olaraq işdən azad edilməsi öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçıya hər hansı bir maddi və ya mənəvi zərərin dəyməsi ilə bağlı iddia da əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsi və dəymiş zərərin 10.000 manat olması barəsində tələbləri də əsassızdır. Odur ki, iddianın maddi və mənəvi zərərin ödənilməsinə dair hissələri də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli 627 ü saylı əmrinin etibarsız hesab edilməsi və işə bərpa olunması, Əmək Məcəlləsinin 70 “c” maddəsinin tətbiqinin qanunsuz hesab edilməsi və dəymiş maddi və mənəvi ziyana görə 10.000 manat təzminat ödənilməsi barədə” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4887/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4887/2023
18.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver