Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4908/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 31 saylı müqaviləyə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında tikilmiş hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 20 kv.metr qeyri-yaşayış sahəsini 30000 manata (hər bir kv.metr 1500 manat) iddiaçıya satmışdır. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 75 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında tikilmiş hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 20 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir.
2. Dəfələrlə iddiaçı Cavabdeh MMC-nin məsul şəxslərinə həmin yerin ona göstərilməsi ilə bağlı müraciət etsə də, bu günə kimi pul verib aldığı qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilməmişdir. xx.xx.2012-ci il tarixli, 31 saylı müqaviləyə əsasən həmin qeyriyaşayış sahəsi 1-ci mərtəbə yola tərəf 3-cü arada yerləşir. Ancaq rəsmi qaydada son dəfə İddiaçı tərəfindən Cavabdeh MMC-nin hüquqi ünvanına məktub ünvanlansa da, həmin ünvan bağlı olduğu üçün məktub onlara çatmamışdır.
İddiaçının tələbi:
3. xx.xx.2012-ci il tarixli, 31 nömrəli müqaviləyə əsasən, 1-ci mərtəbə yola tərəf olan 3cü arada 20 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-yə 30000 (otuz min) manat ödəniş etmiş, lakin daha sonra həmin yerdə başqa şəxs tərəfindən tikinti işlərinin aparılmasının şahidi olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi eyni anda həm iddiaçıya, həm də digər şəxslərə satılmışdır.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 31 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında layihəsmeta sənədlərinə əsasən tikilmiş yaşayış binasında olan ticarət sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 manat, müqavilənin ümumi dəyəri 30000 (otuz min) manat təşkil etmişdir. Satıcı Cavabdeh MMC, alıcı isə İddiaçıdur.
8. xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında tikilən hündürmərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsi obyektinin müqavilə dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
9. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 035 nömrəli Çıxarışa əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən hündürmərtəbəli binanın qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.
10. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, 01/2023 nömrəli məktuba əsasən, İddiaçı sorğusuna cavab olaraq qeyd edimişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış sahəsi olan bina Cavabdeh MMC-nin direktoru X2 tərəfindən idarə olunan zaman onunla xx.xx.2012-ci il tarixli, 31 saylı “Payçı” müqaviləsi bağlanmışdır. Müqavilədə qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanda hündürmərtəbəli binada tikilmiş qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yola tərəf 3-cü ara ümumi sahəsi 20 kv.m təşkil edir. "xxxx" MMMC-nin fəaliyyəti kommunal, təsərrüfat işlərindən ibarət olduğu üçün həmin sahəni müəyyən edə bilməmiş, Cavabdeh MMC-yə müraciət edilməsi tövsiyə edilmişdir.
11. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktuba əsasən, sözügedən qeyriyaşayış sahəsinin hündürmərtəbəli binanın hansı hissəsində yerləşməsi barədə məlumat verilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq: 12.Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümu.mi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə mülki iş materiallarını araşdıraraq, sübutlara məcmu halda, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
18. Məhkəmə ilk növbədə iş üzrə iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 31 nömrəli müqaviləyə hüquqi qiymət verərək hesab edir ki, həmin müqavilə məzmunca podrat müqaviləsidir, qanunvericiliyin tələbləri pozulmadan bağlanmışdır. MM-nin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 19 Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə arasında podrat müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, müqavilə üzrə yerinə yetirilməmiş öhdəlikləri yerinə yetirərək, mübahisəli Qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli və iddiaçının Qeyri-yaşayış sahəsinə dair sahiblik hüququ tanınmalıdır. Belə ki, Mülki qanunvericiliyin tələbinə əsasən, tərəflər arasında yaranmış öhdəliyə uyğun olaraq bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Qeyd olunanlarla yanaşı, məhkəmə hesab edir ki, Qeyri-yaşayış sahələrinin sahibi hazırda iddiaçıdır. Belə ki, xx.xx.2012-ci il tarixli 31 nömrəli müqaviləyə, maliyyə arayışına əsasən (§7,8,9), iddiaçı Qeyri-yaşayış sahəsinə sahibllik və istifadə hüququ əldə etmişdir. Bu həm də o deməkdir ki, iddiaçının Qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna gözləntisi vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.
22. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
23. Belə ki, MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Qeyri-yaşayış sahəsinin qanuni sahibinin iddiaçı olması işin yuxarıda qeyd edilən mübahisəsiz halları ilə müəyyən edilir.
24. Beləliklə, xx.xx.2012-ci il tarixli, 31 nömrəli müqaviləyə əsasən, 1-ci mərtəbə yola tərəf olan 3-cü arada 20 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməlidir.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
26. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında tikilən hündürmərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova