Məhkəmə qərarları › İş №2(011)-5113/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5113/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5113/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu 25 avqust 1982-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu 25 avqust 1982-ci il təvəllüdlü X4 07 iyul 2022-ci il tarixdə anidən Bakı şəhərində vəfat etmişdir. O, vəfatından sonra qəbirstanlıqda dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin orqan 18 iyul 2022-ci il tarixli, 05/Q-1303/15 saylı məktubla cavab vermişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum oğlu 25 avqust 1982-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamə almağa zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur, atası X5, anası X3r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təcili və X2 Stansiyasının 7 saylı yardımçı stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə X4 üçün çağırış edilmiş, eyni gün saat 15:40-da kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 18 iyul 2022-ci il tarixli, 05/Q-1303/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 25 avqust 1982-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 25 avqust 1982-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar