Məhkəmə qərarları › İş №2(011)-5151/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5151/2024

11.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5151/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılmaları və iddiaçının istifadəsinə maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları və iddiaçının istifadəsinə mane olan halların aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə 0,12 ha torpaq sahəsində təsdiq edilmiş layihəyə əsasən tikinti normalarına uyğun 2 mərtəbədən ibarət fərdi yaşayış evi tikmişdir. 10 ildən çoxdur ki, həmin ev və torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. 2014-cü ildən həmin evin birinci mərtəbəsində ailə üzvləri ilə iddiaçı, ikinci mərtəbəsində isə 2018-ci ildən anası Cəfərzadə Rahilə yaşamışdır. İddiaçının anası X1 24 dekabr 2020ci il tarixində vəfat etmişdir. Anası vəfat etdikdən bir müddət sonra iddiaçının qardaşları Cavabdeh2 və Cavabdeh1 əsassız və qanunsuz olaraq evə və həyətyani torpaq sahəsinə girərək özbaşınalıq edir, evin zirzəmi hissəsində qarajdan və həyətdə olan tikililərdən iddiaçının istifadəsinə maneələr yaradırlar. İddiaçı cavabdehlərin qanunsuz şikayətlərində Xətai Rayon Polis İdarəsinə şikayət etmişdir. Lakin görülən tədbirlər nəticə verməmiş, cavabdehlər özlərinin bu özbaşanlıqlarını davam etdirmişdirlər. Cavabdehlərin mübahisəli evin tikintisində heç bir iştirakı olmamış, onların ayrıca yaşayış yerləri də var. Onlar evdə və onun yerləşdiyi torpaq sahəsində özbaşına tikinti işləri aparırlar. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi halları ondan ibarətdir ki, iddiaçı və cavabdehlər bacı-qardaşdırlar. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evi 2 mərtəbə və zirzəmi (qaraj) hissəsindən ibarətdir. İstinad olunan tikili qanunsuz tikilidir. Nə tikilinin yerləşdiyi torpağın, nə də tikilinin hüquqmüəyyənedici sənədi mövcud deyil. Tikilinin 1-ci mərtəbəsi iddiaçının, 2-ci mərtəbəsi Cavabdeh2 istifadəsindədir. Tikilinin zirzəmisindən, yəni 2 ədəd qarajın yerləşdiyi sahə Cavabdeh1 istifadəsindədir. Tikilinin arxasında həyətyanı sahə mövcuddur. Həyətyanı sahənin bir küncündə tərəflərin “hin” adlandırdığı tikili (bundan sonra – toyuq damı) mövcuddur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2000-ci il tarixli 457 saylı sərəncamından çıxarışın kserosurəti iş materiallarında əlavə edilsə də, sərəncamın əsli, yaxud mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış məhkəməyə təqdim olunmamış, iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən olunmuş qaydada hüququ müəyyən edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülki Məcəllə Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi... Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi rəsmi şəkildə vətəndaşa dövlət tərəfindən ayrılmamış, onun tikintisinə rəsmi dövlət orqanları tərəfindən icazələr verilməmişdir. İstinad olunan ev qanunsuz tikili, onun yerləşdiyi torpaq sahəsi isə zəbt edilmiş torpaq sahəsidir Mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığını müəyyən edir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq eyni əsaslarla özbaşına tikilidə faktiki yaşayan və ya həmin tikilindən istifadə edən şəxslərin digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin tikintisinin onun vəsaiti hesabına aparıldığını iddia etsə də, məhkəməyə bununla bağlı yetərli mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hər üç tərəfin də eyni mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə üçün bərabər hüquqları vardır. İddiaçı və cavabdehlər fərdi yaşayış evinin sahibliklərində olan hissələrindən təyinatı üzrə istifadə etməkdə sərbəstdirlər. Odur ki, iddia cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları hissəsindən təmin edilməməlidir. Məhkəmə iddiaya cavabdehlər tərəfindən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsində istifadə üçün yaradılan maneələrin aradan qaldırılması hissəsində qiymət verərək, qeyd edir ki, məhkəmə araşdırması, eləcə də məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmadığından iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehlər tərəfindən mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən iddiaçının istifadəsinə maneələrin yaradılması ilə bağlı məhkəməyə yetərli mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddiaya qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edildiyinə görə, dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları və iddiaçının istifadəsinə mane olan halların aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar