Məhkəmə qərarları › İş №2(011)-5230/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5230/2024

15.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5230/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi’’ tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2021-ci il tarixində Maraqlı şəxs ilə aralarında imzalanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2013-xx.xx.2018-ci il tarixlərində Maraqlı şəxs ilə nikahda olmuşdur. Həmin nikahdan 2015-ci ildə Bakı şəhərində övladı X4 dünyaya gəlmişdir. Şəxslə aralarında 19 oktyabr 2021-ci il tarixində uşağın saxlanması üçün aliment ödənişinə dair barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişin 2.2.1.2-ci bəndi ilə nəzərdə tutulmuş şərtlər kobud şəkildə pozulmuşdur və lazımınca yerinə yetirilməmişdir. Daha sonra Ərizəçi tərəfindən ərizəyə əlavə təqdim edilərək, 19 oktyabr 2021-ci il tarixində Maraqlı şəxs ilə aralarında imzalanmış barışıq sazişin alimentin tutulması hissəsində təsdiq edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi (“Birinci tərəf”) ilə Maraqlı şəxs (“İkinci tərəf”) arasında bağlanmış və mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, sazişin 2.2.1.2.-ci maddəsinə əsasən “İkinci tərəf”: 14 dekabr 2015-ci il tarixində Bakı şəhərində anadan olmuş X1 üçün ona 2021-ci ilin oktyabr ayı daxil olmaqla 18 yaşına çatana qədər hər növbəti ayın 10-dək aylıq əmək haqqının ¼ hissəsi qədər, hər ay 200 manatdan aşağı olmayaraq alimenti birinci tərəfin bu sazişə əlavə edilmiş cari bank və ya kart hesabına köçürülməklə ödəyir. Bank hesabı dəyişdirildiyi halda, Birinci tərəf bu sazişdə qeyd olunan İkinci tərəfə məxsus ünvana poçt göndərişi və ya elektron poçt vasitəsi ilə rəsmi məlumat göndərir. Bank hesabı barədə rəsmi məlumatın poçt vasitəsi ilə göndərilməsi, İkinci tərəfə təqdim edilməsi ilə bərabər tutulur. Birinci tərəfin təqdim etdiyi bank rekvizitinin düzgün göstərilməməsinə görə İkinci tərəf məsuliyyət daşımır. - aylıq əmək haqqıdan alimentin ödənilməsini kart hesabından Birinci tərəfin cari bank və ya kart hesabına köçürmə yolu ilə təmin edir və ya bu sazişin surətini işəgötürənin maliyyə idarəsinə (şöbəsinə) təqdim edir, - iş yerini dəyişdikdə, əmək haqqı (qazancı) artdıqda alimentin həmin məbləğin dörddə bir hissəsindən tutulması üçün ödəməni kart hesabından Birinci tərəfin cari bank və ya kart hesabına köçürmə yolu ilə təmin edir və ya stabil ödəməni təmin etmək üçün bu sazişin surətini həmin işəgötürənin maliyyə idarəsinə (şöbəsinə) təqdim edir, - iş yeri olmadığı hallarda və ya aylıq əmək haqqı məbləğinin dörddə bir hissəsi Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 175 (bir yüz yetmiş beş) manat yaşayış minimumundan aşağı olduqda, o halda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində (növbəti illərdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu qalxdığı təqdirdə artım fərqi ilə birlikdə) aliment ödəyir, - işə düzəldiyi təqdirdə aylıq əmək haqqı (qazanc) məbləğinin dörddə bir hissəsi yaşayış minimumundan artıq olduğu təqdirdə, yaşayış minimum məbləğinin ödənilməsini dayandırır və növbəti ödənişləri aylıq əmək haqqı (qazancı) hesabına davam etdirir, - iş yeri olmadığı hallarda alimentin ödənilməsinin yaşayış minumumu məbləğində ödənilməsini qəbul edir, - maddi vəziyyəti imkan verdiyi təqdirdə yaşayış minimumundan əlavə ödəniş edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 20 iyun 2024-cü il taxli məktubdan görünür ki, Maraqlı şəxs əmək haqqısı 2.282,85 manat təşkil edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuşdur. Onun atası Maraqlı şəxs, anası isə Ərizəçi qeyd edilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş bank hesabından elektron çıxarışın surətindən görünür ki, onun hesabına sair ödənişlərlə yanaşı xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində hər dəfə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pul mədaxil edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişin 2.2.1.2.-ci maddəsinə əsasən “İkinci tərəf” olan Maraqlı şəxs X1 üçün hər növbəti ayın 10-dək aylıq əmək haqqının ¼ hissəsi qədər, lakin hər ay 200 manatdan aşağı olmayaraq aliment ödəməlidir. Göründüyü kimi, sazişlə alimentin aşağı həddi müəyyən edilmişdir. Belə ki, aliment Maraqlı şəxs əmək haqqısının ¼ hissəsi miqdarında, lakin 200 manat məbləğindən az olmamaq şərti ilə ödənilməlidir. İş materiallarından görünür ki, sazişin şərtlərinə zidd olaraq, ərizəçiyə Maraqlı şəxs əmək haqqısının ¼ hissəsi deyil, daha az miqdarda aliment ödənilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmış Maraqlı şəxs qeyd olunanların əksini sübut edən hər hansı dəlil irəli sürməmişdir. Buna görə də ərizə təmin edilərək, “Birinci tərəf” Ərizəçi və “İkinci tərəf” Maraqlı şəxs arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişi alimentin ödənilməsi ilə bağlı hissədə məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın valideynlərindən hansının yanında qalması və onun saxlanılması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş alimentin müəyyən edilməsi hissəsində təsdiq edilməlidir və qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355- 23, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. “Birinci tərəf” Ərizəçi və “İkinci tərəf” Maraqlı şəxs arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişi alimentin ödənilməsi ilə bağlı hissədə məcburi icrası üçün aşağıdakı məzmunda təsdiq edilsin: 2.2.1.2 İkinci tərəf: - 14 dekabr 2015-ci il tarixində Bakı şəhərində anadan olmuş X1 üçün ona 2021-ci ilin oktyabr ayı daxil olmaqla 18 yaşına çatana qədər hər növbəti ayın 10-dək aylıq əmək haqqının (qazancın) dörddə bir hissəsi qədər, hər ay 200 (iki yüz) manatdan aşağı olmayaraq alimenti birinci tərəfin bu Sazişə əlavə edilmiş cari bank və ya kart hesabına köçürülməklə ödəyir Bank hesabı dəyişdirildiyi halda Birinci tərəf bu Sazişdə qeyd olunan İkinci tərəfə məxsus ünvana poçt göndərişi və ya elektron poçt vasitəsi ilə rəsmi məlumat göndərir. Bank hesabı barədə rəsmi məlumatın poçt vasitəsi ilə göndərilməsi, İkinci tərəfə təqdim edilməsi ilə bərabər tutulur. Birinci tərəfin təqdim etdiyi bank rekvizitinin düzgün göstərilməməsinə görə İkinci tərəf məsuliyyət daşımır. - aylıq əmək haqqıdan alimentin ödənilməsini kart hesabından Birinci tərəfin cari bank və ya kart hesabına köçürmə yolu ilə təmin edir və ya bu sazişin surətini işəgötürənin maliyyə idarəsinə (şöbəsinə) təqdim edir, - iş yerini dəyişdikdə, əmək haqqı (qazancı) artdıqda alimentin həmin məbləğin dörddə bir hissəsindən tutulması üçün ödəməni kart hesabından Birinci tərəfin cari bank və ya kart hesabına köçürmə yolu ilə təmin edir və ya stabil ödəməni təmin etmək üçün bu sazişin surətini həmin işəgötürənin maliyyə idarəsinə (şöbəsinə) təqdim edir, - iş yeri olmadığı hallarda və ya aylıq əmək haqqı məbləğinin dörddə bir hissəsi Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 175 (bir yüz yetmiş beş) manat yaşayış minimumundan aşağı olduqda, o halda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində (növbəti illərdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu qalxdığı təqdirdə artım fərqi ilə birlikdə) aliment ödəyir, - işə düzəldiyi təqdirdə aylıq əmək haqqı (qazanc) məbləğinin dörddə bir hissəsi yaşayış minimumundan artıq olduğu təqdirdə, yaşayış minimum məbləğinin ödənilməsini dayandırır və növbəti ödənişləri aylıq əmək haqqı (qazancı) hesabına davam etdirir, - iş yeri olmadığı hallarda alimentin ödənilməsinin yaşayış minumumu məbləğində ödənilməsini qəbul edir, - maddi vəziyyəti imkan verdiyi təqdirdə yaşayış minimumundan əlavə ödəniş edə bilər. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar