Məhkəmə qərarları › İş №2(011)-5284/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5284/2025

10.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5284/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:

1. Tərəflər rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X2 adlı övladları anadan olmuşdurlar.

2. Hazırda tərəflər faktiki olaraq ayrılmışdırlar. Onlar Mediasiya prosesi zamanı MŞC- 00246 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalamışdırlar.

Ərizəçinin tələbi:

3. Ərizəçi Maraqlı şəxs ilə aralarında MŞC-00246 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı “2.2 birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat aliement pulunun ödənilməsini öhdəsinə götürür. 2.3 aliment köçürülməsi 2025-ci ilin may ayının 1-dən balayaraq hər ayın birində gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vasitəsilə ödəyəcəkdir” məzmunda 2.1 və 2.3-cü bəndlərinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞC/MT020/2025-00246 nömrəli barışıq sazişinin 2.1 və 2.3-cü bəndlərinin təsdiq edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. Biləsuvar Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-244/2023 saylı qətnaməsinə əsasən, iddiaçı Cəfərli (Əliyeva) Ləman Şahruz qızı və cavabdeh Maraqlı şəxs arasında 09 aprel 2021-ci il tarixdə Ağcabədi rayon “ASAN-Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 186 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X6 anası Cəfərli (Əliyeva) Ləman Şahruz qızının yanında saxlanmasının müəyyən edilməsi qət edilmişdir.

9. AZ-İ 424734 №-li Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən, Maraqlı şəxs ilə X3 nikahı pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 75 № ilə qeyd edilmişdir.

10. AZ-İ 462769 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, xx.xx.2024-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs hesab edilmişdir.

11. AZ-İ 462770 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, xx.xx.2024-cü il təvəllüdlü X4 atası Maraqlı şəxs hesab edilmişdir.

12. AZ-İV 740720 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, X7 atası Maraqlı şəxs, anası X5r.

13. xx.xx.2025-ci il tarixli, MŞC/MT020/2025-00246 nömrəli barışıq sazişinə əsasən, 2.1. İkinci tərəf Maraqlı şəxs ilə birinci tərəf Ərizəçi arasında aliment tələbi ilə bağlı hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla, 300 manat alimentin tutulması ilə qarşılıqlı razılaşdıqlarını təsdiq edir və etiraz yoxdur. 2.3. İkinci tərəf Maraqlı şəxs yeni qanunvericiliyin tələblərinə əsasən, aliment tələbi üzrə hər növbəti ildə indeksasiyanın aparılması ilə qarşı tərəflə razılaşdığını təsdiq edir və etirazı yoxdur.

14. Digər sənədlər.

Tətbiq edilən hüquq: 15.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

19. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin “2.1. İkinci tərəf Maraqlı şəxs ilə birinci tərəf Ərizəçi arasında aliment tələbi ilə bağlı hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla, 300 manat alimentin tutulması ilə qarşılıqlı razılaşdıqlarını təsdiq edir və etiraz yoxdur.2.3. İkinci tərəf Maraqlı şəxs yeni qanunvericiliyin tələblərinə əsasən, aliment tələbi üzrə hər növbəti ildə indeksasiyanın aparılması ilə qarşı tərəflə razılaşdığını təsdiq edir və etirazı yoxdur.” məzmunda həmin hissəsində təsdiq edilməsidir.

20. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin qeyd edilən bəndini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 2.1-ci və 2.3-cü bəndlərinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.

21. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.

22. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

23. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, maraqlı şəxsdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin hər bir uşaq üçün 0,25 misili (100 manat (tələb edilən aliment) : 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0,25; “0”dan sona tam hissə yüzlüyədək yuvarlaşdırlıqda – 0,25) həddində tutulmalıdır.

24. Beləliklə, məhkəmə Barışıq sazişinin “2.1. İkinci tərəf Maraqlı şəxs ilə birinci tərəf Ərizəçi arasında aliment tələbi ilə bağlı hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla, 300 manat alimentin tutulması ilə qarşılıqlı razılaşdıqlarını təsdiq edir və etiraz yoxdur.2.3. İkinci tərəf Maraqlı şəxs yeni qanunvericiliyin tələblərinə əsasən, aliment tələbi üzrə hər növbəti ildə indeksasiyanın aparılması ilə qarşı tərəflə razılaşdığını təsdiq edir və etirazı yoxdur.” hissəsində təsdiq edilməsini mümkün hesab edir və ərizənin təmin edilməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞC/MT020/2025-00246 nömrəli barışıq sazişinin aşağıdakı bəndləri (2.1-ci və 2.3-cü bəndləri) bu məzmunda təsdiq edilsin: “2.1. İkinci tərəf Maraqlı şəxs ilə birinci tərəf Ərizəçi arasında aliment tələbi ilə bağlı hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla, 300 manat alimentin tutulması ilə qarşılıqlı razılaşdıqlarını təsdiq edir və etiraz yoxdur. 2.3. İkinci tərəf Maraqlı şəxs yeni qanunvericiliyin tələblərinə əsasən, aliment tələbi üzrə hər növbəti ildə indeksasiyanın aparılması ilə qarşı tərəflə razılaşdığını təsdiq edir və etirazı yoxdur.” (xx.xx.2022-ci il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin.)

3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar