Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-532/2021 19.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 18.11.2014-cü il tarixli 107-N-2875 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə 2288,76 manat əsas borc, 2316,88 manat faiz borcu, 1217,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4982,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 10805,52 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlakə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının manatın tutulması, tutmanın vəfat etmiş girovqoyan X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014-cü il tarixli 107-N-2875 saylı kredit müqaviləsinə əsasən borcalana illik 24 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq girovqoyan (vəfat etmiş) X2 vərəsələrinə (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) məxsus ünvan 1 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzil 18.11.2014-cü il tarixli, 107-2875/İPM saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka 2288,76 manat əsas borc, 2316,88 manat faiz borcu, 1217,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4982,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 10805,52 manat məbləğində borcu yaranmışdır.. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələblərini müdafiə edərək təmin olunması, qarşılıqlı iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə X8 arasında bağlanmış 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin surətindən görünür ki, borcalana 36 ay müddəlinə, illik 24 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X6 arasında bağlanmış 18.11.2014-cü il tarixli, 107-2875/İPM saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzil ipoteka qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzil 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin təminatı kimi 20.11.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 20750 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 10.04.2018-ci il tarixdə ipotekaqoyana göndərilmiş, 30.04.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə təqdim olunmuş və qeydiyyata alınmışdır. ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə borcu 2288,76 manat əsas borc, 2316,88 manat faiz borcu, 1217,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4982,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 10805,52 manat təşkil edir. 02.03.2021-ci il tarixli, 9/559 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, 18.11.2017-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-nə olan borcu aşağıdaki kimi müəyyən edilmişdir,o cümlədən: - əsas borc üzrə- 7630,38 manat; - faiz borcu üzrə- 2182,33 manat. 11.09.2020-ci iı tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu aşağıdaki kimi müəyyən olunur, o cümiədən: əsas borc üzrə- 2030,38 manat; faiz borcu üzrə- 2218,14 manat. İş materiallarında olan 27.08.2020-ci il tarixli İddiaçı ASC-nin xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 bank tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş və bununla da işin məhkəməyə qədər həlli qaydasına riayət olunmuşdur. "xxxx" MMC-nin 25.08.2021-ci il tarixli, 158 saylı hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilin bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68000 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, 02.02.2018-ci il tarixdə vəfat etmiş miras qoyan X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə dair onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh1 İddiaçı ASC-yə 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə 2288,76 manat əsas borc, 2182,33 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4248,52 manat əldən çıxmış fayda borcunun qalması müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək göstərilən borc məbləği cavabdeh X3 İddiaçı ASC-nin xeyrinə tutulmalı və tutma ilkin satış qiyməti 130000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə yönəldilməli, mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində tərk etmədikləri halda cavabdehlər həmin mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 1217,36 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 1217,36 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 117,36 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14711552 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilin qiymətləndirilməsi üçün İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 350 manat ödənilmişdir. 02.03.2021-ci il tarixli, 9/559 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 80 faiz həcmində təmin edildiyinə görə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsümundan ibarət 60 manat məhkəmə xərclərinin 40 manat hissəsi Cavabdeh1 iddiaçı “Azər-Türk Bank ASC-nin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 80 manat hissəsi Cavabdeh1, 20 manat hissəsi İddiaçı ASC-dən alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014-cü il tarixli 107-N-2875 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinə əsasən 2288,76 manat əsas borc, 2182,33 manat faiz borcu, 117,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4282,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 8836,97 (səkkiz min səkkiz yüz otuz altı manat 97 qəpik) manat borc, 40 (qırx) manat məhkəmə xərci və 350 (üç yü əlli) manat qiymətləndirmə xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə X9 məxsus, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə yönəldilsin və ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. Satışdan əldə edilmiş pul vəsaiti iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində tərk etmədikləri halda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən məcburi qaydada çıxarılsınlar və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 80 (səksən) manat hissəsi Cavabdeh1, 20 (iyirmi) manat hissəsi İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-532/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-532/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver