Məhkəmə qərarları › İş №2(011)-5322/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5322/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5322/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN Xidmət” X6maqla, “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi öz ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.1965-ci il təvəllüdlü X13 ilə xx.xx.1993-cü ildə nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.1994-cü il tarixində X10 adlı bir övladı dünyaya gəlmişdir. X2 doğulduqdan 3 ay sonra xx.xx.1994-cü il tarixində vəfat etmişdir, qohumları-şahidlər X11 və X15 da ölüm faktını təsdiq edə bilərlər, onlar dəfndə iştirak ediblər. X1 rayonu, Altıağac qəsəbəsi, Safbulaq kəndinin qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda mərhum həyat yoldaşından miras qalmış mülkiyyətində olan KİA markalı, Sorento minik model olan, **- UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, ünvan 1 ünvanında yerləşən mənzilə və Bakı şəhəri, Yasamal rayonu, 560-cı məhlə, İnşaatçılar prospekti, 5B ünvanında yerləşən 12.4 kv.m olan qeyri-yaşayış binasında dair vərəsəlik qaydasında (övladlarının razılığı ilə) mirası qəbul etmək istəyir. Buna görə də X2nın ölüm faktının müəyyən edilməsi zəruridir, hal-hazıra kimi ölüm haqqında şəhadətnamə ala bilməyiblər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-5xx-xx/2025 saylı məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölüm aktı qeydi aşkar edilməmişdir. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X8 məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında şahid qismində iştirak edən X15 ifadə verərək, öz izahatında bildirmişdir ki, Ərizəçi bacısıdır, bacısının X2 xx.xx.1994-cü il tarixində vəfat etmişdir, ölüm faktını təsdiq edir, X3 dəfnində bacısının ailəsi ilə birgə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadə verərək, öz izahatında bildirmişdir ki, Ərizəçi baldızıdır, Ərizəçi və mərhum qardaşı X7 X2 onun qardaşının qızıdır, ölüm faktını təsdiqləyir, Xızı rayonu, Altıağac qəsəbəsi, Safbulaq kəndinin qəbirstanlığında X3 dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 541933 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X13 xx.xx.2009-cu il tarixində nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009cu il tarixində 303 nömrə ilə nikah qeyd edilmişdir. İş materiallarında olan Ölüm haqqına Şəhadətnamədən görünür ki, X13 xx.xx.2025ci il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabının xx.xx.2025-ci il tarixlində 310 nömrə ilə ölüm 6 saylı Bakı “ASAN Xidmət” X5 qeyd edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1994-cü il tarixində anadan olmuşdur, onun anası Ərizəçi, atası isə X9r. İş materiallarında olan MKİS tərəfindən verilmiş Arayışdan görünür ki, Ərizəçi məcburi köçkün kimi ünvan 3 ünvanında oğlu X14 ilə birgə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-5xx-xx/2025 saylı məktubundan görünür ki, X3 ölümünün qeydiyyata alınması barədə Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilmesi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında qızının-X3 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan AA seriyalı, 360053 nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi 1970-ci ildə Qubadlı rayonunda doğulmuşdur, 1993-cü ildə Qubadlı rayonunu tərk etmişdir, hazırda müvəqqəti Xətai rayonunda yaşayır. Məcburi köçkün vəsiqəsi Ərizəçi xx.xx.2016-cı il tarixində Dövlət Qaçqın Komitəsinin eyni tarixli Qərarına əsasən verilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1994-cü il təvəllüdlü vətəndaş X10 xx.xx.1994-cü il tarixində Xızı rayonunda vəfat etmiş, Altıağac qəsəbəsi, Safbulaq kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi mərhum X3 anasıdır, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddiaçı Ərizəçi Azərbaycan Respublikasının məcburi köçkünü olması nəzərə alınaraq, o, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumununun ödənilməsindən azaddırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü vətəndaş X3 xx.xx.1994-cü il tarixində ölməsi faktı müəyyən edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar