Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5539/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. X3 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçi X1 oğludur.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X4 xx.xx.2022-ci il tarixli, 05/Q-1531/15 saylı məktubu ilə ərizəçinin anasının ölümünün qeydə alınmasından imtina edilmişdir.
3. Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuş anası X1 xx.xx.2022-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü anası X3 xx.xx.2022-ci il tarixində dünyasını dəyişmişdir. Təcili və X5 Stansiyası gəldikdə anası artıq dünyasını dəyişmişdi. Buna görədə TTTYS-nin 7 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Yaxın qohumların iştirakı ilə mərhum xx.xx.1951-ci il təvəllüdlü anası Qasımova X2 qəsəbəsi Sofıyamid qəbirstanlığında dəfn edilmişdir. Anasının dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.1951-ci il təvəllüdlü anası X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhər 6 saylı Asan Xidmətində Qeydiyyat Şöbəsi müraciət etmiş, lakin müraciətdən anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən xx.xx.2022-ci il tarixli 05/Q-İ531/15 saylı məktubla imtina edilmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.1951-ci il təvəllüdlü anası X3 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlər həyata keçirilməsi mümkün deyildir.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. Maraqlı şəxs Bakı şəhəri 6 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, mərhumla 1981-ci ildən etibarən qonşu olublar. Mərhum ürək çatışmazlığı, şəkər xəstəliyindən əziyyət çəkirdi, dalağında problem var idi. Təxminən avqust ayının əvvəllərində rəhmətə getdi.
11. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, ərizəçi dostudur, mərhumun ölümündən 2 saat sonra ona xəbər ediblər, o gələndə artıq üstünü örtmüşdülər, apardılar məscidə yumağa. Mərhum Sanqaçalda dəfn edilib.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
14. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
15. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
16. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
17. İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
19. Belə ki, Bakı şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə xx.xx.2022-ci il tarixdə, saat 06:42 radələrində ünvan 1 ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir.
20. Bundan başqa, iş materiallarında olan 6 nömrəli şəhər poliklinkası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X3 2016-cı ildən sonra poliklinikaya müraciəti olmadığı üçün ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X4 xx.xx.2022-ci il tarixli, 05/Q-1531/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər.
22. Məhkəmə iclasında dindirilmiş şahidlər də X1 xx.xx.2022-ci il tarixində öldüyünü bildirmişlər.
23. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.
24. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (§ 16)
25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 09 avqust 2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı