Məhkəmə qərarları › İş №2(011)-5591/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5591/2024

07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5591/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, yoldaşı X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ünvan 1 ünvanında yaşayır. 19 noybar 2014-cü il tarixdə yoldaşı X3 Bakı şəhərində vəfat etmiş və bundan sonra dəfn olunması üçün Şamaxı rayonu Çarhan kəndinə aparılmış və orada dəfn olunmuşdur. Ərizəçi bundan sonra ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı olaraq (gələcəkdə hər hansı bir sənədləşdirmə işlərinin aparılması üçün) 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə yaxınlaşmış, ona ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 26 fevral 1956-cı il təvəllüdlü X2 20 noyabr 2014-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatında bildirdi ki, ərizəçi onun bacısıdır. Mərhum onun bacısı əridir. Mərhum bir neçə dəfə infarkt keçirmiş, 10 il əvvəl vəfat etmişdir. Mərhum Şamaxıda dəfn edilmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X4 26 fevral 1956-cı il tarixdə anadan olmuşdur. O, ərizəçinin əri olmuşdur. 6 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, X2 poliklinikaya müraciəti olmadığı üçün ölüm haqqında sənədin verilməsi mümkün olmamışdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 20 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütəasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi həyat yoldaşının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 26 fevral 1956-cı il tarixdə anadan olmuş X2 20 noyabr 2014-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 fevral 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 20 noyabr 2014-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar