Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5600/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3141, Mirəli Seyidov küçəsi, 10 saylı evin 35 saylı mənzili (bundan sonra – Mənzil) Maraqlı şəxs lizinqə verilmişdir. Mənzilin aylıq ödənişlərində gecikmə yarandığından tərələr arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə Mənzil maraqlı şəxsin istifadəsində qalmaqla, xx.xx.2022-ci il tarixinə qədər borcun ödənilməsi üçün 29764 ilkin ödəniş edildikdən sonra qalıq borc 249833 manat müəyyən edilir və illik 26% lizinq mükafatı olmaqla, xx.xx.2022-ci ilədək tam ödənilməsinə möhlət verilir. Ərizəçi yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdır ki, Maraqlı şəxs ilə “Faktor lizinq" MMC arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, D090 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiasiyası nəticəsində onlar 05 iyul 2022-ci il tarixində barışıq sazişi bağlanmışlar. Sazişdə qeyd olunan müddət ərzində maraqlı tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizəçi ilə aralarında bağlanmış Barışıq sazişinin şərtlərinə uyğun olaraq borcunu yaxın zamanlarda ödəyəcəyini bildirdi və Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq ilkin olaraq ödənilməli olan pulun vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə maraqlı şəxs aralarında əvvəllər bağladıqları Mənzilə dair lizinq müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə bağlı mövcud olmuş mübahisəni həll edərək xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin şərtlərində Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 29764 manat ödəməklə, qalıq qalan 249833 manat borcunu xx.xx.2022-ci il tarixədək tam olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun bağlanmış və tərəflər həmin saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuş, ərizəçiyə ilkin olaraq xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 29764 manat pulu ödəməməklə öhdəliyini pozmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyə uyğun tərtib edildiyindən, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi Comment [h 1]: cvbfgfgn təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-5600/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5600/2022
06.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver