Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-569/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-dan çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ona məxsusdur, əvvəl atasının evi olmuşdur, ev atasından ona qalmışdır, indi isə ona məxsusdur, cavabdehlər oğlu və əri həmin mənzildə yaşayırlar, uzun müddətdir ki, həmin mənzildə yaşamaqlarına baxmayaraq, mənzil qeydiyyatında deyildirlər, lakin özü isə qeydiyyatdadır, bu barədə sənədi də məhkəməyə təqdim etmişdir, keçmiş yoldaşı Nizami rayonunda qeydiyyatdadır, onunla 1987-ci ildə rəsmi nikaha daxil olmuşdurlar, nikahları məhkəmə qətnaməsinə əsasən keçən il pozulmuşdur, onların mənzildən istifadə hüquqları yoxdur, lakin artıq 3 ildir ki, ona öz mənzilində yaşamağına icazə vermirlər, onu döymüş, öz evindən qovmuşdurlar, həmin vaxtdan küçələrdə yaşayır, hazırki fikri isə həmin evi satmaqdır, sənəd alaraq, həmin evi satacaqdır, evlə bağlı çıxarışı yoxdur, yaşamağa başqa yaşayış yeri yoxdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat” haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı 26 iyul 2007-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır, həmin mənzildə qeydiyyat olan digər şəxs X1r. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2961/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh1 Səməddin oğlu ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 08 may 1987-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 526 nömrə ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil, ünvan 1 ünvanında yerləşir, həmin mənzilə dair hüquq müəyyənedici sənədlər mövcud deyil, İddiaçı 2007-ci ildən mübahisəli mənzildə pasport qeydiyyatındadır, cavabdehlər iddiaçının oğlu və keçmiş həyat yoldaşıdır, iddiaçı Cavabdeh1 ilə 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikaha xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi əsasında xitam verilmişdir, iddiaçı tərəflər arasında yaranmış ailə münaqişəsi zəminində yaşadığı mübahisəli mənzili məcburi olaraq tərk etmişdir, onun mübahisəli mənzildə yaşamaması və mənzildən istifadə edə bilməməsi cavabdehlərin yaratdığı maneələrlə əlaqədardır, həmin ev onun daimi əsasla yeganə yaşayış yeridir. Bununla belə, iddiaçının mübahisəli mənzilə köçürülməsini istisna edən, habelə cavabdehlərin mənzildən çıxarılmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münaqişəyə qədər mübahisəli ev iddiaçının yaşayış yeri olduğundan və tərəflərin mübahisəli tikiliyə dair hər hansı üstün hüquqları müəyyən edilmədiyindən, iddiaçının həmin yaşayış yerinə dair hüquqlarına cavabdehlər tərəfindən hər hansı formada müdaxilə də qanuni hesab edilə bilməz və iddiaçının belə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Bununla belə məhkəmə qeyd edir ki, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər əmlak hüququ olsun, əks halda məhrumetmə qanunsuz hesab olunmalıdır. Hazırkı iş üzrə də iddiaçının köçmək istədiyi yaşayış sahəsinə dair hər hansı bir şəxsin (iddiaçının, habelə cavabdehlərin) əmlak hüququnun olduğunu təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər, mübahisəli evə münasibətdə eyni hüquq və vəzifələrə malik şəxslərdir və daimi əsaslarla uzun müddət yaşayaraq birgə təsərrüfat apardıqları həmin ev, iddiaçının yeganə yaşayış yeri hesab edilir və iddiaçının, heç bir hüquqi əsas olmadan ailə münaqişəsi nəticəsində həmin yerdən istifadəsinə dair qoyulmuş məhdudiyyətlər, habelə cavabdehlərin həmin mənzildən çıxarılması, şəxsin milli və beynəlxalq hüquqla insan haqları kimi tanınan mənzil hüququna müdaxilə hesab olunur. Məhkəmə, mübahisəli hüquq münasibəti üzrə tətbiq olunmalı hüquq normasına münasibətdə qeyd edir ki, mübahisəli tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması, o cümlədən onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı hallarda mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması, həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə görə, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz...Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2 dekabr 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanına köçürülməli, iddia qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-dan çıxarılması - hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla, dövlət rüsumu qismində ödənilmiş 100 manat 50 manat hissədə iddiaçıya aid edilməli, 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi müştərək qaydada 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-569/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-569/2023
15.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver