Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5726/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında Bakı 8 saylı Mediasiya Təşkilatında mediasiya reyestrində MBŞ/8/2023-00868 nömrəsi ilə qeydiyyatdan keçmiş, mediator X2 iştirakı ilə bağladıqları 30 may 2023-cü il tarixli barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs2 ilə 22 avqust 2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 20 sentyabr 2022-ci il təvəllüdlü X1 doğulmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrı yaşayırlar. Həmin vaxtdan da uşaq Ərizəçi yanındadır. Ərizəçi cavabdehə qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi Mediasiya Təşkilatına müraciət etmiş, onlar nikahın ləğvi, uşağın ananın yanında qalması, cavabdehin uşaqla görüşü və uşağın saxlanılması üçün cavabdehin hər ay 220 manat aliment ödəməsi ilə bağlı razılığa gəlmişlər. Bununla bağlı barışıq sazişi bağlanmışdır. Lakin cavabdeh sazişin alimentlə bağlı hissəsində sazişin şərtlərinə əməl etməyərək alimenti ödəməkdən boyun qaçırır. 30 may 2023-cü il tarixli barışıq sazişində uşaq üçün hər ay 220 manat sabit pul məbləğində aliment ödəməklə bağlı məhkəmədən kənar öhdəlik götürməsinə, həmin tarixdən bir müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs2 alimenti ödəmir və barışıq sazişinin könüllü icrasından imtina edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 və Bakı 8 saylı Mediasiya Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs2 birgə nikah münasibətlərindən 20 sentyabr 2022-ci il təvəllüdlü X1 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 30 may 2023-cü il tarixli, MBŞ/8/2023-00868 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Ərizəçi və Maraqlı şəxs2 nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, atadan uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin ananın xeyrinə tutulması barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ərizəçinin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 30 may 2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs2 tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 30 may 2023-cü il tarixli, MBŞ/8/2023- 00868 nömrəli barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs2 və Ərizəçi arasında bağlanmış 30 may 2023-cü il tarixli, MBŞ/8/2023- 00868 nömrəli Barışıq sazişi alimentin tutulması hissəsində aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Aliment məbləği 220 manat olmaqla stabil olaraq uşaq yetkinlik yaşına çatanadək 30 may 2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür.
Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygün Həsənova