Məhkəmə qərarları › İş №2(011)-5739/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5739/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5739/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 iyun 1954-cü il təvəllüdlü qardaşı X1 28 may 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X3 13 iyun 1954-cü il tarixdə anadan olmuşdur. Qardaşının vəziyyəti ağır olduğundan “Bakı Şəhəri Təcili və X4 Stansiyasına” müraciət olunmuş, xəstənin vəziyyəti barədə xəbərdar etmişlər. Lakin Təcili və X4 Stansiyası gəldikdə qardaşı artıq dünyasını dəyişmişdi. Buna görə də Təcili və X4 Stansiyasının 7 saylı yardımçı stansiyası briqadası tərəfindən qardaşı X3 28 may 2024-cü il tarixində ölməsinə dair ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi yaxın qohumları ilə birlikdə mərhum qardaşını 29 may 2024-cü il tarixində Şirvan şəhər qəbiristanlığında dəfn etmişlər. Qardaşının dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Buna görə də Xətai rayon 7 nömrəli şəhər poliklinikasına müraciət etsə də, 31 may 2024-cü il tarixli, 18-1-1-41/2-Ə-xx-xx/2024 saylı cavaba əsasən, mərhum qardaşı X3 xəstəliklə əlaqədar 7 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi və ambulator kartı olmadığı üçün 13 iyun 1954-cü il təvəllüdlü mərhum qardaşı X1 ölümü haqqında sənəd (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra, 13 iyun 1954cü il təvəllüdlü mərhum qardaşı X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavaba əsasən 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi qardaşına ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözügedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Mərhum qardaşı X1 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatında bildirdi ki, mərhum onun yoldaşının dayısı olmuşdur. Mərhum Bakı şəhərində 28 may 2024-cü il tarixdə vəfat etmişdir, Şirvan şəhərində dəfn edilmişdir. Mərhumun yas məclisi Günəşlidə yerləşən mərasim evində təşkil edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, mərhumun, onun nənəsi Ərizəçi qardaşı olmuşdur. Mərhumun xəstəliyi olmamış, nənəsinin evində vəfat etmişdir. Mərhum Şirvanda dəfn edilmiş, yas mərasimi Günəşlidə təşkil olunmuşdur. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X3 13 iyun 1954-cü il tarixdə anadan olmuşdur. O, ərizəçinin qardaşı olmuşdur. 7 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, X2 bağlı 7 nömrəli şəhər poliklinikasına müraciət olmadığından ölüm haqqında sənəd verilməmişdir. İş materiallarındakı təcili və X4 stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 28 may 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 31 may 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan 01 iyun 2024-cü il tarixdə Şirvan şəhərində tərtib edilmiş aktdan görünür ki, X3 29 may 2024-cü il tarixdə Şirvan şəhər qəbiristanlığında dəfn edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi qardaşının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 iyun 1954-cü il tarixdə anadan olmuş X1 28 may 2024-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 iyun 1954-cü il tarixdə anadan olmuş X1 28 may 2024-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar